“Qarabağ”da hamı Şahruddindir… – “Şahdağ”dan gələn “ŞAH” KİMDİR?
Ötən gün “Qarabağ” növbəti dəfə azarkeşlərinə sevinc bəxş etdi. Bu sevincinn miqyası bütünlüklə Azərbaycanı əhatə edirdi.
Bəli, yenə qələbə, yenə növbəti mərhələ…
Açıq etiraf edək ki, bu dəfə “Qarabağ”ın səddi aşacağına o qədər də əminlik yox idi. Lakin İNAM vardı. Təbii ki, inamlı qələbənin qazanılmasında hər bir oyunçunun payı var. Lakin dünənki oyunda – “Qarabağ”-“Ferensvaroş” qarşılaşmasında qapıçı Şahruddin Məmmədəliyev daha çox diqqət çəkdi. O, dəfələrlə təkrarlanan təhlükəli qol vəziyyətlərindən məharətlə çıxaraq rəqibin sevinməsinə imkan vermədi… Şahruddin sözün əsl mənasında günün ULDUZU oldu.
Bəs, o kimdir?
Lent.az ləqəbi “Şah” olan qapıçı haqqında məlumatları təqdim edir:
Şahruddin Məmmədəliyev 1994-cü il iyun 12-də Dağıstanda doğulub. Azərbaycan vətəndaşlığını alıb. O, ilk dəfə Qusarın “Şahdağ” klubunda oynayıb. Daha sonra 2014-cü il fevralın 8-də Sumqayıtın eyni adlı klubunda oynayıb.
“Qarabağ” klubu ilə 2016-cı il yanvarın 16-da müqavilə imzalayıb. Klubdakı debütünü həmin ilin fevralın 6-da Azərbaycan Premyer Liqasında “Xəzər-Lənkəran”la oyunda (3:0) edib.
2019-cu ilin mayın 20-də isə “Qarabağ”la yeni üç illik müqavilə imzalayıb. Avropadakı ilk oyunu həmin ildə UEFA Avropa Liqasının qrup mərhələsində Lüksemburqun “F91 Düdelanj” komandasına qarşı 1-1 bərabərliklə olub.
“Şah” dünən də “Qarabağ” – “Ferensvaroş” oyununda da öz hünərini göstərdi. Belə ki, dünənki qarşılaşmada Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” komandası Bakıda rəqibi ilə bərabərə qalan (1:1) Azərbaycan çempionu “Ferensvaroş”u öz evində – Macarıstanda 3:1 hesabı ilə məğlub etdi. Beləliklə, “Qarabağ” pley-off mərhələsinə yüksəldi.
“Qarabağ” növbəti oyununu Çexiya təmsilçisi “Viktoriya”ya (Plzen) ilə keçirəcək. Bu, o deməkdir ki, Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz Çempionlar Liqasının pley-offunda oynayacaq.
Oyundan sonra Qurban Qurbanovun ənənəvi mətbuat konfransında “ən yaxşı futbolçu kim idi” sualının cavabı hamımız üçün maraqlı idi. Baş məşqçi sualı yenə də öz soyuqqanlığı ilə özünəməxsus tərzdə cavablandırdı:
“Hər bir futbolçunun sağlam olması məşqçi üçün üstünlükdür. Bəzi lider futbolçular var. Hər bir futbolçunun üzərinə düşən tapşırıq var. Mənim üçün hamı Şahruddindir, Ramildir, Zubirdir. Heç kimi ayırmaq istəmirəm”.
Əslində Şahruddin həm də çox təvazökar insandır. Onun bu xüsusiyyətinin dəfələrlə şahidi olmuşuq. Bu ilin iyununda meydançada onunla qaydalara zidd olaraq şəkil çəkdirmək istəyən azarkeşi polis əməkdaşının “əlindən alıb”, selfi etməsiylə də gündəm olmuşdu.
Qeyd edək ki, Şahruddin 6 ildir “Qarabağ”da olmasına baxmayaraq, heyətə düşə bilmirdi. O, həmişə 2-ci, 3-cü qapıçı olurdu. Son bir ildir ki, “Qarabağ”ın əsas qapıçısıdır. Şah futbol fəaliyyəti dövründə bir sarı kart alıb, 8 qol buraxıb.
Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsinin ilk turundan sonra ən çox qurtarış edən qapıçıdır. 90 dəqiqədə 14 qurtarış, cərimə meydançasının daxilində isə 6 qurtarış edib.