“Qonşu ölkə Azərbaycanı içindən dağıtmağa çalışır” – Deputatdan ŞOK İDDİA
Baş Prokurorluq dini ekstremist fəaliyyətlə mübarizə ilə bağlı videoçarx hazırlayıb. Qurumun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda qeyd olunub ki, dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsi olan dini fanatizm – dini ekstremizmin ideoloji əsaslarını təşkil edir:
“Dini radikalizm – hər hansı dini etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır. Dini ekstremist fəaliyyətdə iştirak edən şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslər ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Dini ekstremizmə qarşı mübarizənin həyata keçirilməsində qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər”.
Baş Prokurorluğun dini ekstremist mübarizə ilə bağlı atdığı addımı “Sherg.az”a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, burada söhbət Azərbaycan dövlətinin varlığından gedir:
“Dövlətimizin varlığını qarşımızda duran erməni məhv edə bilməz. Çünki biz birləşərək ermənini məhv etmə gücünə sahib olan millətik. Amma içimizdən Azərbaycan dövlətinin “yıpranmasına” şərait yaradan yanlış siyasətin qurbanlarıyıq. Buna yol verməməliyik. Azərbaycan dünyəvi dövlətdir. Dövlətin postlarında oturan, lakin qaçıb gizlənən, dövlət üçün təhlükə yarada biləcək məsələlərə müdaxilə etməyi özünə borc bilməyən ünsürlərə diqqət etmək lazımdır.
Bu işi təkcə polisin, prokurorluğun mübarizəsi ilə aparmaq olmaz. Ziyalılar, dövlət məmurları, bu işə mənsub olan şəxslər hardadır ? Bu açıqlamanı əslində prokurorluq orqanları verməməlidir, amma onlar bunu etməyə məcbur qalıb. Digərləri hansısa təlimatla, yuxarıdan verilən göstərişlə iş görməyə çalışır. Amma bu Vətən hamınındır. Sonra ağır günlərdə hamı mərsiyə, ağı deməklə məşğul olacaq, Vətən haqqında kədərli şeir yazacaq”.
Xüsusi xidmət orqanlarının fəaliyyətini təqdir edən deputat qeyd edib ki, onlar böyük işlər görürlər və məsələyə vaxtında müdaxilə edirlər:
“Lakin bu təkcə “dubinka” ilə həll olunası məsələ deyil. Ağıl, zəka, ideologiya və doğru siyasətlə həll olunmalı məsələdir. Bu siyasət ortada yoxdur. Bu gün cəmiyyət bilmir ki, dövlət adına ideologiyanı yönədən insanlar nə proqram hazırlayırlar.
Halbuki qonşu ölkə Azərbaycanı içindən dağıtmağa çalışır. Partiyaların fəallığı isə görünmür. Cəhalət, ekstremizm ölkədə ermənidən, rusun imperiya maraqlarından daha böyük təhlükədir. Bunu anlamaq üçün tarix dərsi keçməyə ehtiyac yoxdur.
100-200 il əvvələ baxsaq, görərik ki, o əsrdəki ziyalıların cəsarətinin bir faizi bugünkü Azərbaycan ziyalılarında yoxdur. M.F.Axundzadəni, Mirzə Cəlil Məmmədquluzadəni kim qoruyurdu ? Onların arxasında dövlət belə yox idi.
Amma onlar kişi kimi, ləyaqətlə mübarizə aparırdırlar. Onların sayəsində işıqlı dünyaya çıxdıq, dövlət qurduq. İndi bu dövləti cəhalət, ekstrimizm çökdürür. Amma çox adam bunu görməkdə çətinlik çəkir. Yalandan Azərbaycan bayrağı qaldırırlar.
Bəs qəlblərində hansı bayrağı qaldırıblar? Əsas budur. Buna görə də bu kimi məsələlərdə dövlət orqanlarına hərtərəfli dəstək vermək lazımdır və onların da bu sahədəki fəaliyyəti deklarasiya xarakteri daşımamalıdır.
Daha ciddi, planlı, proqram xarekterli ideoloji iş bunu təqib etməlidir. Bu olmasa, Yaxın Şərq ölkələrindəki baş verənlər yaşanacaq.
O qaranlıq Şərqə qayıtmaq istəyiriksə, hamı sussun, laqeyd qalsın, mənasız, yüngül işlərlə məşğul olun, özünüzü söydürməsin. Bu jurnalistə də, siyasətçiyə də, ziyalıya da, müəllimə də aiddir. Deyilənlərə əməl edilməsə, həmin Şərq ölkələrinə dönəcəyik”.