• 23 Noyabr 2024 04:53

Rafiq Əliyev: “İslam dini yaranana qədər bir nəfərin 9-10 arvadı ola bilərdi”

 

 

“İslam dini yaranana qədər bir nəfərin 9-10 arvadı ola bilərdi. On dörd əsrdən çoxdur ki, bu məsələ müzakirə olunur, amma İslamda belə şey yoxdur. Bir kişinin 4 arvadı ola bilər. O dönəmlərdə olan müharibələrdə kişilərin şəhid olmalarından sonra arvadlarının sahibsiz qalmaması üçün icazə verilirdi. Sonradan bu ənənəni rəsmiləşdirib saxladılar. Lakin dördarvadlılığın özünün də çox ciddi qaydaları var. Birinci arvad icazə vermirsə, kişi ikinci həyat yoldaşına sahib ola bilməz. İlk iki həyat yoldaşı icazə vermədiyi təqdirdə isə o, üçüncü ilə evlənə bilməz. Eyni qayda dördüncü arvada da aiddir. Yəni bu şərtlərə ciddi əməl olunmalıdır. Mən 10 ildən çox müsəlman ölkələrində işləmişəm və yalnız bir neçə nəfər ikiarvadlı görmüşəm. Onların da əksəriyyəti iki arvada sahib olmaqdan razı deyildilər, çünki hər iki qadını bərabər şərtlərdə saxlamaq, hər iki qadının naz-qəmzəsini çəkmək lazımdır. Bu da çox çətin məsələdir. Bu gün İslam aləmində ikiarvadlılıq tək-tək yerlərdə ola bilər. Dördarvadlılıq isə yəqin ki, yalnız sultanlıqlarda var. Bu da yüksək vəzifəli, rütbəli, varı, dövləti çox olan adamlarda mümkündür. Onlar isə arvadlarını heç bir hüquqa sahib olmadıqları şəkildə hərəm kimi saxlayırlar. “Qurani-Kərim”də deyilir ki, qadınları eyni səviyyədə məhəbbətlə və maddiyyatla təmin edə bilmirsinizsə, yalnız biri ilə evlənin. Buradakı son cümləni çoxu heç vaxt təkrar edib insanlara çatdırmır. Maddi dərəcədən qadınları eyni dərəcədə təmin etmək olar, amma sevgi və məhəbbəti eyni dərəcədə bölüşdürmək mümkün deyil. Ona görə də orada yazılır ki, siz sevginizi və maddiyyatınızı eyni dərəcədə bölüşdürə bilməsəniz, evlənin yalnız birinə. Yəni əslində İslam da birarvadlılığı təbliğ edir. Çünki mən onun qoyduğu şərtləri yerinə yetirəcək insan tanımıram. Kişi yalnız bir xanımı sevə bilər. Sevgi təkdir və o da Allah tərəfindən göndərilir. Onun obyekti də məlumdur. Buna görə də sevgini tam şəkildə bölmək mümkün deyil”.

Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev deyib.

R.Əliyev bildirib ki, qadınların bir neçə ərə sahib olması yalnız anaxaqanlığı dönəmində olub: “O dövrdə qadınların bir neçə əri ola bilərdi. İndi isə Afrika ölkələrinin bəzi qəbilələrində intim anlamda ailədə hamıya – ataya, qardaşa, oğula və s. xidmət edən qadınlar var. Yəni bu cür hallar da var. Şimali Afrikada qadınların 2-3 ərinin olmasına icazə verən 1-2 qəbilə var. Amma biz çoxdan qəbilə formasından çıxmışıq və xalq olmuşuq. Bizdə heç yerdə belə bir qanun yazmaq olmaz. Heç kim də bununla razılaşmaz, bərabərlik hüquqları mövcuddur. Qadın da, kişi də yalnız bir şəxslə ailə qurur. Kənarda kişinin və qadının neçə məşuqu var, bu, artıq başqa məsələdir. Ola bilər ki, bir qadının üç əri var, amma heç kimin xəbəri yoxdur. Yaxud da bir kişinin üç arvadı var, yalnız onun özünün xəbəri var. Bəzi kişilər gedib molla vasitəsilə kəbin kəsdirirlər və elə bilirlər ki, kəbin kəsdirməklə onlar yaşadıqları qadının məşuqə olmasını rəsmiləşdirirlər, amma bu, belə deyil. Azərbaycan Konstitusiyasına uyğun olaraq 18 yaşına qədər qızlar ərə gedə bilməzlər. 18 yaşdan sonra isə ərə gedən qızların yalnız bir əri ola bilər. Bu qanun olmaqla yanaşı, həm də ənənəmizə, əxlaqımıza, mənəviyyatımıza uyğun şərtdir. Bir qadının 2-3 ərinin olmasını tələb edən qadınlar varsa, bu artıq onların şəxsi işidir. Amma bunu cəmiyyətə sırımağa ehtiyac yoxdur”.

Oxşar xəbərlər