• 08 Oktyabr 2024 13:53

İranda su etirazında “Rəisiyə ölüm” şüarı səslənib

İranın mərkəzindəki Çəharmahal və Bəxtiyari vilayətində yüzlərlə insan su qıtlığına etiraz olaraq küçələrə çıxıb.

Etirazçılar bu nümayişdə “Rəisiyə ölüm” şüarları səsləndiriblər.

Avqustun 16-da sosial media şəbəkələrində yayılan videolarda yüzlərlə etirazçının Çəharmahal və Bəxtiyari vilayətinin mərkəzi şəhəri Şəhrekordda hökumət binasının qarşısına toplaşdığı görünür.

İranın bir çox vilayətlərində su böhranı elə bir həddə çatıb ki, hazırda yeganə içməli su mənbəyi avtosisternlərdir.

Videolarda təhlükəsizlik qüvvələrinin etirazçıların arasında olduğu görünür, lakin onlar aksiyaya müdaxilə etməyiblər və zorakılıq barədə hər hansı xəbərlər yoxdur.

Xəbər verilir ki, su qıtlığı İranın əksər regionlarında mövcuddur, amma Çəharmahal və Bəxtiyaridə Kohrəng bulağının içməli su şəbəkəsindən çıxarılması vəziyyəti son dərəcə ağırlaşdırıb.

Çəharmahal və Bəxtiyari vilayətinin su və kanalizasiya idarəsinin başçısı Əhmədrza Məhəmmədi deyib ki, sözü gedən bulağın şəbəkədən çıxarılması onun suyunun son daşqınlar zamanı bulanması ilə bağlıdır.

Avqustun 14-də İran Enerji Nazirliyinin böhranların çözülməsi üzrə idarəsinin başçısı Etezad Moğimi bildirmişdi ki, bir gün ərazində bütün sutəmizləmə qurğuları işə salınacaq və su problemi həll olunacaq.

Lakin vilayət sakinləri sosial media postlarında bu vədə rəğmən vəziyyətin düzəlmədiyini yazırlar.

Ekspertlər bildirirlər ki, iqlim dəyişikliyi İrandakı quraqlıq və daşqınlar problemini daha da kəskinləşdirib.

Son aylarda İranın bir çox yerlərində həyat şəraitinin pisləşməsinə etiraz edən onlarca şəxs saxlanıb.

Tacxeber.az

Oxşar xəbərlər