“Qoy Azərbaycan oxucusu bilsin ki, Salman Rüşdi kimdir” – Əkrəm Əylisli
“Qoy Azərbaycan oxucusu bilsin ki, Salman Rüşdi kimdir” – Əkrəm Əylisli
Xəbər verdiyimiz kimi məşhur yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalaraq bıçaqlanıb. Ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı “Şeytan ayələri” kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.
Mövzu ilə bağlı yazdığı “Daş yuxular” romanına görə vaxtilə “daş-qalaq” edilən Ə.Əylisli Yenisabah.az-a danışıb. O, S. Rüşdiyə qarşı olan bu münasibətin yanlış olduğunu bildirib:
“Əlbəttə ki, bir yazıçıya hansısa əsərinə görə bu cür davranmaq düzgün deyil. Bilirsiniz, ekstremizm heç vaxt insani, humanist varlıqla bağlı olmur. Ekstremizm özlüyün zərərli meyldir və bu zərərli meyl dünyada yaşadıqca bu cür hadisələr də olacaq.
Dünyanı harmonik görmək istəyən insanlar üçün belə hadisələr çox təəccüblüdür, amma bir qisim insan var ki, onlar üçün acı, ağrı daha xoş gəlir və belələri günümüzdə çoxdur.
Mənə elə gəlir ki, Salman Rüşdiyə qarşı bu hərəkət acı təsadüfdür. Salman Rüşdinin “Şeytan ayələri” kitabı mənə görə çox mürəkkəb, fəlsəfi cəhətdən çox anlaşıqsız və mənə heç də xoş gəlməyən kitabdır. Mən həmin kitabı sevmədim deyə bilmərəm, çünki oxusam da heç başa düşməmişdim. Çalışdım ki, əsəri başa düşəm, amma düşə bilmədim. Həmin əsər çox müxtəlif qatlarda işlənmiş əsərdir və birbaşa Quranın əleyhinə deyil, bu fikir yanlışdır.
Rüşdi ingilis yazıçısıdır, o 3 yaşında Hindistandan köçüb və ailəsi ilə Londona gəlib. Onun bütün əsərlərində Şərq mövzusuna geniş yer verilib. O çox mürəkkəb adamdır. Avropada yaşamasına baxmayaraq, onun Amerika demokratiyasını darmadağın edən romanı var. Oradakı lovğa həyat tərzini Rüşdi kəskin şəkildə tənqid edib. O məhz bu cür yazıçıdır”.
Ə. Əylisli qeyd edib ki, hər yazıçının öz dünyası var və bu dünyanı dağıtmağa heç kəsin gücü çatmaz:
“Bilirsiniz, yazıçılara birtərəfli yanaşmaq düzgün deyil. Çünki yazıçıların öz aləmi var, özü üçün bir dünya yaradır və orada olur. Salman Rüşdi də təsadüfi adam deyil axı, özü üçün bir dünya yaradıb və sən o dünyanı qəbul etməyə bilərsən, amma o dünyanı dağıtmağa ixtiyarın yoxdur. Ümumiyyətlə, hər hansı yazıçıya məxsus olan dünyanı dağıtmaq heç mümkün də deyil”.
Yazıçının sözlərinə görə, hər hansı əsəri oxumadan onun haqqında mənfi fikir yürütmək doğru yanaşma deyil:
“Rüşdi mənim sevdiyim yazıçı deyil, buna baxmayaraq, ona qarşı bu cür hərəkəti qəbul etmirəm. Onu sevməsəm də bir neçə əsərini tərcümə də etmişəm. Ona görə Salman Rüşdini tərcümə etmişəm ki, qoy Azərbaycan oxucusu bilsin ki, Rüşdi kimdir və necə yazır. Bunu bilmədən kimisə kimisə yarğılamaq düzgün deyil, onun haqda obyektiv fikir yürüdə bilmirsən. Rüşdiyə qarşı olan bu hərəkət sözsüz ki, iranlıları çox sevindirib. İran rəsmi dairələrində bu hadisəyə münasibət məlumdur. Onun haqqında ölüm hökmü də vermişdilər.
Bir dəfə mən Norveçdə idim, orada məşhur yazıçılardan bir neçəsi ilə görüşmək planım var idi, amma görüşə bilmədim. Çünki dedilər ki, Salman Rüşdi də Norveçdədir və bütün yazıçılar onun görüşünə gedib. Təsəvvür edin, o elə bir fiqurdur ki, Norveçə gəlişi ilə bütün norveçli yazıçılar onun görüşünə getməyi vacib bilir. Yəni hər ölkənin yazıçıya bir cür münasibəti var”.
Əsmətxanım RZAZADƏ