• 23 Noyabr 2024 01:05

Qurban Qurbanovun “Viktoriya”ya deyəcəyi söz…

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq.

Təəssüf ki, hələlik Ağdam klubunun Çexiya klubları ilə geridə qalan 6 görüşdə bir qələbəsi belə olmayıb.

1997/98 mövsümü, UEFA kubokunun ilkin mərhələsi: 
“Yablonets” – “Qarabağ” – 5:0
“Qarabağ” – “Yablonets” – 0:3

2016/17 mövsümü, ÇL-in üçüncü təsnifat mərhələsi:

“Qarabağ” indiki rəqibi “Viktoriya”ya ilə hər iki görüşdə bərabərə qalıb (0:0, 1:1). Plzen təmsilçisi o vaxt mövcud olan səfər qolu sayəsində mərhələ adlayıb.

2016/17 mövsümü, Avroliqanın qrup mərhələsi:

“Qarabağ”  – “Slovan” (Liberets) – 2:2
“Slovan” – “Qarabağ” – 3:0

Amma…

6 il əvvəlki “Qarabağ”la indiki arasında müqayisəolunmaz fərq var. Ümumiyyətlə, mənə görə, bu gün “Qarabağ” tarixinin ən güclü dövrünü yaşayır. Futbolda şablonlaşmış bir fikir var: tarixdə yaxşı oyun yox, nəticə qalır. Müsbət məqamdır ki, müasir “Qarabağ” həm yaxşı nəticə qazanır, həm də yaxşı, yaradıcı, estetik oyun oynayır və bu oyunun keyfiyyəti Azərbaycan futbolunun sərhədlərini uzun illərdir aşıb. Bu mövsüm Polşa, İsveçrə, Macarıstan çempionları ilə oyunlar “Qarabağ”ın “Viktoriya” səddini keçəcəyinə böyük ümid yaratsa da, aşağıdakı detallar unudulmamalıdır:

–  “Viktoriya” “Qarabağ” üçün nataraz rəqibdir. Plzen düşərgəsindən gələn açıqlamalar bunu deməyə əsas yaradır ki, böyuk ehtimal çexlər Bakıda müdafiə futboluna üstünlük verəcəklər. Son ölkə çempionatında onlar üç mərkəz müdafiəçisi olmaqla, 5-li müdafiə ilə oynayıblar. Qapalı futbol Qurban Qurbanovun xoşuna gəlmədiyi oyun tərzidir. Adətən, belə komandalarla görüş yerlə oynayan və yaradıcı oyuna üstünlük verən “Qarabağ” üçün ağır olur. Komanda müdafiəni yarıb cərimə meydançasına daxil olmaqda problem yaşayır.  Məsələn, “Ferentsvaroş” Bakıda qapalı oynadı, hesab 1:1 oldu. Amma Budapeşdə “Qarabağ”la açıq oyun bu komandaya baha baha gəldi – 1:3. Eyni ssenari bu gün də təkrarlana bilər.

–  Rəqib standart vəziyyətlərdə çox təhlükəlidir. Qurban Qurbanov da dünən bu məqamı xüsusi vurğuladı. “Viktoriya” bu mövsüm  altı oyunda 15 qol vurub: 8-ni oyun epizodundan, 7-ni standart vəziyyətdən. Bu fakt “Qarabağ” üçün narahatlıq yarada bilər.

–  15 qoldan 11-i ÇL-in 2-3-cü mərhələlərində HİK (Finlandiya) və “Şerif”ə (Moldova) vurulub. Bu görüşlərdə komanda hücum futbolu oynayıb, bu gün isə yəqin ki, “Viktoriya” əks-hücumlara bel bağlayacaq.

Bütün bunlarla yanaşı…

–  “Qarabağ”ın bu mövsüm ÇL-dəki 6 matçla müqayisədə daha yüksək oyun sərgiləyəcəyini düşünürəm. “Qarabağ” hər oyundan oyuna daha üst səviyyədə oyun nümayiş etdirir. “Lex”lə Polşadakı, daha güclü “Ferenstavroş”la Budapeştdəki oyunu müqayisə edin, arada yüksək fərqi görəcəksiniz.

–  Kevin Medina və Maksimdən başqa, artıq zədəli oyunçu yoxdur. Əla məqamdır ki, Bədəvi və Bəhlul onların yoxluğunu ciddi olaraq hiss etdirməyiblər. Bədavinin beynəlxalq təcrübəsi çoxdur, Bəhlulda az. Amma bu təcrübə azlığını nəzərə alsaq, Bəhlulun “Sürix” və “Ferensvaroş”la matçlardakı oyunları gələcəkdə onun “Qarabağ”ın və millinin müdafiə xəttinin lideri ola biləcəyinə ümid yaradır.

–  Qurban Qurbanovun və məşqçi korpusunun rəqibi, onun baş məşqçisinin işini mükəmməl analiz etmək bacarığı var. Çerçesovu gördünüz nə günə saldı? Gəldiyim qənaət: Qurbanov “Viktoriya”nı da əla öyrənib, amma əlbəttə, hər şeyi də mətbuata açıb deməyib.

Ümid edirəm, onun deyəcəyi sözü və yekunda qoyacağı nöqtəni bu gün birgə seyr edəcəyik.

Aydın Bağırov

Tacxeber.az

Oxşar xəbərlər