Rusiyanın gündəm olan YENİ SİLAHI: Tank əleyhinə raket daşıyan robot it
Rusiyanın təşkil etdiyi “ARMY-2022” beynəlxalq silah sərgisində təqdim etdiyi “robot it” sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.
Tacxeber.az bildirir ki, RİA xəbər agentliyinin ötürdüyü kadrlarda Rusiyanın “Machine Intellect” mühəndislik şirkəti tərəfindən istehsal olunan “robot it”in yeridiyi, yerə uzandığı və arxasına quraşdırılmış tank əleyhinə reaktiv yaylım atəşi ilə fırlandığı görüntülənib.
Bildirilib ki, yarmarkada silah daşıma və atəşə tutma qabiliyyəti təqdim edilən “M-81 Kompleksi” adlı “robot it” hədəf təyin etmək, nəzarət kimi funksiyalara da malikdir. Şirkətin sözçüsü RİA-ya açıqlamasında deyib ki, “robot it”dən dərmanların daşınması və dağıntıların tədqiqi kimi mülki rollarda da istifadə oluna bilər. Arxaya quraşdırılmış “RPG-26 tank əleyhinə yaylım atəşi qurğusu” ilə yarmarka meydançasında bacarıqlarını nümayiş etdirən “robot it”in görüntüləri qısa müddətdə sosial mediada yayılıb.
“Insider” onlayn qəzeti Rusiyanın silah sərgisində qürurla nümayiş etdirilən “robot it”in əslində hər kəsin orta hesabla 2500 funt-sterlinqə ala biləcəyi Çinli “ev köməkçisi” olduğunu iddia edib. Müqayisələrdə Rusiyanın yeni silahı ilə Çinin “Unitree Robotics” şirkətinin istehsal etdiyi “Go1” robotu arasında vizual oxşarlıqların olduğu diqqətə çatdırılıb. Rusiya şirkəti hələlik oxşarlıq barədə açıqlama verməyib.