• 27 İyul 2024 08:02

Türkiyənin növbəti S-400 ZRK-sı alması ilə bağlı xəbərlərə ABŞ-ın təmkinli reaksiyasının səbəbi nədir?

Bayden administrasiyası Türkiyənin Rusiyadan S-400 Zenit-Raket Kompleksinin (ZRK) ikinci partiyasını almağı planlaşdırdığı barədə xəbərlərdən sonra Ankaranı əlavə sanksiyalarla hədələməyib.

Bu barədə “Defence News” nəşri yazıb.

Türkiyə S-400-ləri ilk olaraq 2017-ci ildə alıb və bu, ABŞ ilə münasibətlərində böhrana səbəb olub. Tramp administrasiyası Türkiyəni F-35 proqramından çıxarıb, daha sonra ölkənin müdafiə sənayesi təşkilatı və rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. ABŞ qorxur ki, S-400-ün radar sistemi Rusiyaya qabaqcıl F-35 qırıcı təyyarəsi barədə məlumat toplamağa imkan verəcək.

Lakin bu dəfə ABŞ-da reaksiya nisbətən səngidi. Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında Türkiyəni Rusiyanın müdafiə sektoru ilə əlaqə yaratmamağa çağırıb.

“Bizim mütəmadi olaraq qeyd etdiyimiz məqam odur ki, Rusiyanın Ukraynaya qarşı amansız və əsassız müharibəsi bütün ölkələrin Rusiyanın müdafiə sektoru ilə sövdələşmələrdən yayınmasını indi həmişəkindən daha vacib edir. Gözləyib nə baş verdiyini görməliyik, lakin bu məsələ ilə bağlı hər hansı yeni inkişafdan xəbərimiz yoxdur”, – deyə Prays əlavə edib.

Prays yeni partiyanın alınmasının Türkiyəyə F-16 qırıcıları satmaq planlarını yenidən nəzərdən keçirməyə məcbur edib-etməyəcəyini söyləməkdən imtina edib.

Daha əvvəl TASS Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSVTS) rəhbəri Dmitri Şuqayevə istinadən Türkiyəyə S-400 ZRK-larının ikinci partiyasının tədarükünə dair müqavilənin imzalandığını elan edib.

Türkiyənin müdafiə mənbələri Rusiyanın əlavə müqavilə imzalanması ilə bağlı iddialarını tez təkzib edib, S-400-lərin ikinci partiyasının ilkin razılaşmanın bir hissəsi olduğunu qeyd edib.

Türkiyə mənbələri “Defence News”a bildiriblər ki, ikinci partiyada bəzi S-400 komponentlərinin yerli istehsalı üçün Rusiya ilə razılaşma əldə oluna bilər.

Türkiyənin Qərblə Rusiya arasında balansı Ukraynadakı müharibədən sonra daha da çətinləşib. Türkiyə ilə ABŞ arasında münasibətlərin normallaşmasının əlaməti iyunun sonlarında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzv olmasına etirazını geri götürməsi olub. Bundan sonra ABŞ prezidenti Co Bayden iyun ayında Madriddə keçirilən NATO sammitində F-16 satışına dəstəyini ifadə edib.

“Anadolu” xəbər verir ki, Ankaradan nümayəndə heyəti Vaşinqtonla potensial F-16 sövdələşməsinə dair texniki danışıqların dördüncü raundunda iştirak etmək üçün bazar ertəsi ABŞ-a gəlib.

Türkiyə 6 milyard dollara 40 ədəd F-16 qırıcısının “Blok-70” konfiqurasiyasının alınmasını istəyib. Ankara, həmçinin hazırkı F-16 təyyarələrini yeni raketlər, radar və elektronika ilə təkmilləşdirmək üçün 400 milyon dollarlıq ayrıca müqavilə bağlamaq istəyir. /Ordu.az

Sevinc Əliyeva

Tacxeber.az

Oxşar xəbərlər