“Xolesterin həqiqəti” kitabı Azərbaycan dilində…
Türkiyənin tanınmış ürək-damar həkimi professor Hüseyn Bozbaş ölkəsində “Xolesterin həqiqəti” kitabı ilə də məşhurdur.
O nadir həkimlərdəndir ki, təkcə müalicə ilə yox, 20 illik təcrübəsini, sirlərini yazıb paylaşmaqla da tanınır.
Tacxeber.az xəbər verir ki, bir müddətdir onun ürək-damar xəstələrinin, eləcə də sağlam ürəyə sahib olmaq istəyən hər kəsin masaüstü kitabına çevriləcək əsəri Azərbaycan dilinə tərcümə olunurdu.
Hazırda Ankara ETÜ Tibb xəstəxanasında çalışan H.Bozbaş yüksək xolesterin səbəbindən damar tıxanmalarına məruz qalmış pasiyentlərin real hekayələrini bu kitabda toplayıb.
Müəllif sıravi oxucunun başa düşəcəyi dildə ürək-damar xəstəliklərinin, xüsusilə xolesterinin tarixi təşəkkül prosesindən, damar daralmalarına səbəb olan risk faktorlarından, bu xəstəliklərdən qorunma yolları, onların dərmanla və dərmansız müalicə üsullarından ətraflı məlumat verir.
“Xolesterin həqiqəti” ürək və damarlarının qeydinə qalmaq istəyənlər üçün əlifbadır.
Kitabın tərcüməçisi Zahir Məlikli, redaktoru isə Elçin Zahiroğludur.
“Qanun” nəşriyyatının çap etdiyi kitabı nəşriyyatdan, “Əli və Nino” kitab evlərindən ala və sifariş edə bilərsiniz.