• 24 Aprel 2024 10:13

Kəmaləddin Heydərovu Eldar Mahmudovun aqibəti gözləyir – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin ətrafında cərəyan edən hadisələr bu qurumun reputasiyasını ciddi şəkildə zədələdi. FHN-nin polkovniki Zaur Mirzəyev tərəfindən çəkilən və naməlum şəxslərin əli ilə ictimailəşdirilən intim videoların üzə çıxması FHN başçısı Kəmaləddin Heydərovu və yaxın ətrafını çətin vəziyyətdə qoyub.

Hazırda cəmiyyətdə FHN-nin taleyi ilə bağlı bir neçə versiya populyardır. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinin bir neçə dövlət qurumu arasında bölüşdürüləcəyi ilə bağlı iddialar daha çoxdur. Ekspertlər FNH-nin tezliklə ləğv edilərək səlahiyyətlərinin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi  və digər müvafiq dövlət qurumları arasında bölüşdürüləcəyini düşünürlər. Onların fikrincə, FHN də keçmiş MTN kimi bir qələmlə silinəcək. Hazırda ən çox maraq doğuran suallardan biri də bu qurumun başçısı Kəmaləddin Heydərovun gələcək taleyinin necə olması ilə bağlıdır. FHN ləğv olunacağı təqdirdə Kəmaləddin Heydərovun aqibəti necə olacaq?

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib ki, FHN-nin ləğvi Kəmaləddin Heydərovun həbsi və yaxud ən sərt formada cəzalandırılmasına səbəb olmayacaq. Onun sözlərinə görə, Heydərov vəzifəsini qoruya bilməsə də, azadlığını qorumağı bacaracaq.

Müsahibimiz çoxillik jurnalist karyerası dövründə Kəmaləddin Heydərovun hakimiyyət əleyhinə gizli ittifaqlarda yer alması ilə bağlı hər hansı faktla qarşılaşmadığını deyib: “Məndə olan məlumata görə, Kəmaləddin Heydərov sahib olduğu böyük şirkətlərin hamısını təhvil verib. Vəzifədən gedəndən sonra əlində heç bir ciddi rıçarq qalmayacaq. Bu isə o deməkdir ki, “fövqəlnazir” əvvəlki dövrdən fərqli olaraq, indi hakimiyyət üçün heç bir təhlükə vəd etmir”.

Jurnalist Kəmaləddin Heydərovun keçmiş MTN başçısı Eldar Mahmudovla oxşar aqibəti yaşayacağını bildirib. Onun sözlərinə görə, K.Heydərov da bundan sonra E.Mahmudov kimi kölgəyə çəkilərək ömrünü biznesinin əlində qalan kiçik hissəsini idarə etməklə keçirəcək.

“Yaxın gələcəkdə onunla bağlı xəbərlərin heç bir ictimai-siyasi əhəmiyyəti olmayacaq. Məncə, Azərbaycanda Kəmaləddin Heydərov erası başa çatmaq üzrədir”- deyə, jurnalist fikirlərini tamamlayıb. / Yenisabah.az

Əsmətxanım RZAZADƏ 

Tacxeber.az

Oxşar xəbərlər