• 19 İyun 2024 07:43

Mixael Borodkin: “İranın nüvə silahı təkcə Azərbaycan üçün təhlükə deyil”

İsrailli analitik, şərqşünas, “Oriental Express” saytının baş redaktoru Mixael Borodkin Oxu.az-a müsahibəsində Türkiyə ilə İsrail arasında münasibətlər barədə fikirlərini bildirib. O qeyd edib ki, bu münasibətlərdə, həqiqətən də, hazırda ciddi yaxınlaşma müşahidə olunur:

“Tehranda açıq şəkildə deyirlər ki, texniki cəhətdən nüvə bombası yaratmağa qadirdirlər. Bunu bu yaxınlarda İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi deyib. Çətin ki, Türkiyə və İsrail, eləcə də Azərbaycan nüvə bombası olan qonşusunun olmasını istəsin…

İranın nüvə silahı çox geniş mənada bütün Yaxın Şərq üçün təhlükədir: təkcə Türkiyə, İsrail və Azərbaycan üçün deyil, Hindistandan Mərakeşə qədər bütün ölkələr üçün təhlükədir. Buna Səudiyyə Ərəbistanını da əlavə edin. Hətta özünün nüvə silahı arsenalına malik olan və əhalisinin 20%-i şiə olan Pakistanı da bu siyahıya daxil edin. Bəli, Avropa üçün bu, təhlükədir. İran rejimi tamamilə gözlənilməzdir. Amma məsələ təkcə İranın nə edə biləcəyi deyil. İranın müttəfiqləri də var, Tehran onlara kömək edəcək və s.”, – deyə analitik bildirib.

O, məsələnin optimist tərəfinin də olduğunu qeyd edib.

“Düzdür, bütün bu işlərin, belə demək olarsa, optimist tərəfi də var – bomba hazırlana bilər, iranlılar bunu heç vaxt gizlətməyiblər, lakin onun çatdırılma vasitələri tamam başqadır. İranın nüvə başlığı daşıya bilən raketləri yoxdur, lakin onları fəal şəkildə inkişaf etdirir. Bir vaxtlar ABŞ prezidenti Barak Obama İranı raket proqramını dayandırmağa məcbur edə bilmədi. Baxmayaraq ki, 2015-ci ildə hətta İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanmışdı (2018-ci ildə ABŞ prezidenti Donald Tramp ABŞ-ın sazişdən çıxdığını elan edib – red.)”, – deyə Mixael Borodkin vurğulayıb.

“Xüsusilə demək istəyirəm ki, Ukrayna müharibəsi İran rejimini inandırdı ki, onların bombaya ehtiyacı var, çünki heç bir müqavilə və razılaşma bundan vaz keçməyə dəymir. Ukrayna 1994-cü ildə nüvə silahını təslim etdi. Bununla bağlı İran siyasətçilərindən biri dedi ki, bu, axmaqlıqdır və İran bu axmaqlığı təkrar etməyəcək. İran, şübhəsiz ki, nüvə silahına can atır. Tehran hesab edir ki, onlar bunsuz sağ qala bilməyəcəklər. Lakin bu, müharibəyə olmasa da, nüvə silahı yarışına gətirib çıxaracaq. Bu da dəhşətli destabilizasiyaya səbəb olacaq. Nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı İran nüvə silahına malik olduğu halda özlərində nüvə silahının olmamasını qəbul edəcəklər” , – deyə analitik fikrini yekunlaşdırıb.

Nair Əliyev

Tacxeber.az

Oxşar xəbərlər