• 23 Noyabr 2024 01:42

Rıfat Əsəd, Suriya prezidenti Bəşər Əsədin əmisi.

Hərbçi olan Rıfat 1970-ci il hərbi çevrilişində və qardaşı Hafiz Əsədin hakimiyyətə gəlməsində önəmli rol oynadı. Bundan sonra o, bir müddət hakimiyyətin ikinci adamı və möhkəm sağlamlığı ilə seçilməyən böyük qardaşının varisi sayılırdı.

Əsəd ailəsi ələvi idi. Hafiz Əsəd hakimiyyəti ələ keçirəndən Suriyanın sünni çoxluğunun rəğbətinə, ya da ən azı loyallığına nail olmağa çalışırdı.

 

Prezident 1983-cü ilin sonlarında ürəyində ciddi problemlər hiss edəndə ölkəni idarə etmək üçün 6 generaldan ibarət komitə yaratdı. Generalların hamısı sünni idilər, amma ölkədə heç bir nüfuza malik olmadıqlarından Əsəd onlar tərəfindən özünə təhlükə görmürdü.

 

Amma bu addım həm Rıfatın, həm də ordu rəhbərliyində çoxluq təşkil edən digər ələvilərin narazılığına səbəb oldu. Rıfat tabeliyində olan 55 min qoşunu 1984-cü ilin martında Dəməşqə salaraq hərbi çevrilişə cəhd etdi. Amma qardaşı qarşısında kompleks keçirdiyindən sona qədər gedə bilmədi. Analarının evində görüşən qardaşlar ortaq məxrəcə gəldilər. Rıfat qoşunlarını geri çəkməyə, Hafiz də qardaşını cəzalandırmayacağına söz verdi.

 

Bununla belə, bəzi versiyalara görə, Hafiz yenə də qardaşını cəzalandırmaq istəyirdi. Sonda həm ailə şərəfinə görə bundan vaz keçdi, həm də qardaşların hər ikisi çox nüfuzlu ələvi tayfası olan Maxluflardan qız almışdılar (arvadları əmiqızı idilər) və Rıfatın cəzalandırılmasının bu tayfada narazılıq doğura biləcəyini nəzərə aldı.

 

Elə həmin il Rıfat Əsəd ölkənin vitse-prezidenti təyin olundu. Amma qardaşı ona heç bir real səlahiyyət vermədi. İki il sonra isə Hafiz Rıfatı ölkədən çıxardı. Beləcə, Rıfat 1998-ci ilə kimi Suriyanın vitse-prezidenti idi və eyni zamanda bu ölkəyə ayaq basmaq icazəsi yox idi. Hafiz Əsədin 2000-ci ildə ölümündən sonra yerinə keçən oğlu Bəşər də ona qayıtmağa icazə vermədi.

 

2020-ci ildə Paris məhkəməsi çirkli pulların yuyulmasında iştiraka görə Rıfat Əsədi 4 il azadlıqdan məhrum etdi. Həbs Apelyasiya məhkəməsinin hökmündən sonra həyata keçirilməli idi. Belə olan halda Bəşər Əsəd yenə ailə şərəfini nəzərə alaraq əmisinin Suriyaya qayıtmasına icazə verdi.

 

Bu gün, avqustun 22-də Rıfat Əsədin 85 yaşı tamam olur.

Yadigar Sadıqlı

Tacxeber.az

Oxşar xəbərlər