• 18 May 2024 19:55

“İmam Mehdi” insanları belə aldadırmış: “Məndən 585 min aldı ki, axirətdə…”

“İmam Mehdi” insanları belə aldadırmış: “Məndən 585 min aldı ki, axirətdə…”

Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Tacxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Anar Aslanov ifadə verib.

O bildirib ki, Bakı Dövlət Universitetinin (BDU) Hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Onun sözlərinə.görə, Aqil Babayevi 2004-cü ilin dekabrında tanıyıb və onun evində keçirilən dini məclislərdə iştirak edib. Qeyd edib ki, Aqil Babayev ona axirət dünyasında savab qazanacağına kömək edəcəyini vəd verib.

Onun sözlərinə görə, Aqil Babayev onu cəmiyyət içərisində gizli saxlanıldığını, lazım gələcəyi vaxt zühur edəcəyinə inandırıb:

“Axirət dünyasında savab qazanacağıma kömək edəcəyinə inandım və ona 585 min manat verdim”.

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin iyulunda Aqil Babayevin onları aldatmasını bilib və ondan pulunu tələb edib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Aqil Babayev ona pulunu Əhmədli qəsəbəsində olan evdən götürməyi deyib. Bildirib ki, o da həmin evə gedib və pulu da götürüb: 

“Evdəki iş otağından içərisində bir hissəsi dollar olmaqla 525 min manat götürdüm. Evdən götürdüyüm torbanın içərisində sonradan qızıl da olduğunu gördüm və qızılları Vüqar adlı şəxs vasitəsilə geri qaytardım”.

Növbəti proses avqustun 30-da davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. 
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Tacxeber.az

Oxşar xəbərlər