• 18 May 2024 08:25

“Ağdərə ərazisinə və Sərsəng Su Anbarına nəzarəti də tezliklə əlimizə götürəcəyik” – Hərbi EKSPERT

“Ağdərə ərazisinə və Sərsəng Su Anbarına nəzarəti də tezliklə əlimizə götürəcəyik” – Hərbi EKSPERT

“Laçında avqustun 22-də işıqlar söndürüldükdən sonra artıq orada vəziyyət Azərbaycanın diktəsinə uyğun olaraq inkişaf etməkdədir. Laçın, Laçın dəhlizi, Zabux və Sus kəndlərinin boşaldılmasına aid verilən müddət sabah başa çatır və avqustun 25-i gecə və yaxud avqustun 26-ı səhər saatlarında Azərbaycan ordusu 160 kvadrat metirlik tarixi ərazilərimizi tamamilə nəzarətə götürəcək. Həmin ərazilərdə yerləşən Rusiya sülhməramlılarına məxsus nəzarət buraxlış məntəqələri hazırda sökülməkdədir və eyni qaydada onlar yeni salınmış alternativ yolda öz məntəqələrini quracaqlar”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Hərbi ekspert açıqlaması zamanı boşaldılan ərazilərdə ermənilərin yeni mina sürprizlərini də, istisna etməyib:

“Biz çox ehtimal ki, ermənilərin boşaltdıqları ərazilərdə yeni  mina sürprizləri ilə qarşılaşacağıq. Bununla əlaqədar olaraq Laçının nəzarətə götürülməsində iştirak edən hərbiçilərimizi və ANAMA üzvlərini xəbərdar etməyə çalışmışam”.

Ermənilərin azərbaycanlılarla birgə yaşaması faktına da münasibət bildirən  ekspertin fikrincə, yaxın gələcəkdə bunun reallaşması mümkün ola bilər:

“Bakı şəhərində, Azərbaycanın digər bölgələrində, o cümlədən mənim doğulduğum Kürdəmir rayonunda Azərbaycanın erməni vətəndaşları bizimlə birgə yaşamaqdadırlar. Ermənistanın keçmiş müdafiə naziri Artunyanın bacısı da onlar arasındadır. Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycanın ərazi bütövlüyünü qəbul etdikləri təqdirdə burada yaşamaları mümkün ola bilər”

Ekspert “Qisas” əməliyyatı da daxil olmaqla, Qarbağda ordumuz tərəfindən aparılan hərbi əməliyatlar sayəsində Rus sülhməramlılarının nəzarətindən Azərbaycan hərbiçilərinin nəzarətinə keçə biləcək digər əhəmiyyətli bölgələrin də adlarını açıqlayıb:

“Laçın ətrafında baş verən hadisələr birbaşa olaraq Qarabağın rus sülhməramlılarının nəzarətində olan digər tarixi torpaqlarımızda da Azərbaycan hərbiçilərinin nəzarətini bərpa etməyə hesablanılıb.

Laçından əvvəl azad etdiyimiz “Fərrux” yüksəkliyi,“Qırxqız”, “Sarıbaba”, “Buzluq” yüksəklikləri və onların ətrafındakı ərazilər Azərbaycanın yaxın gələcəkdə Qarabağda nəzarət etdiyi torpaqların miqyasını artırmağa imkan verəcək. Bu torpaqlar sırasına ilk növbədə keçmiş Ağdərə rayonu ərazisini və Sərsəng Su Anbarı kimi vacib strateji əraziləri daxil etmək doğru olardı”.

Tacxeber.az

Oxşar xəbərlər