Avropa çempionumuz 4 illik cəzalandırıldı
Avropa çempionumuz 4 illik cəzalandırıldı
Azərbaycanın yeniyetmə və gənclər arasında Avropa çempionu, yunan-Roma güləşçisi Zaur Əliyev dopinqə görə cəzalandırılıb.
Tacxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi qərar qəbul edib.
Əliyev iki antidopinq qayda pozuntusuna yol verib.
“İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu” və “İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi” qayda pozuntularına görə güləşçi dörd illik cəzalandırılıb.
Stimullaşdırıcı maddələr olan metamfetamin və amfetamindən istifadə və ya ona cəhdə görə ona 26 yanvardan hesablanmağa başlayan sanksiya verilib. Cəza müddəti 2026-cı ilin yanvarın 26-da başa çatacaq.
Həmçinin, apreldə keçirilmiş U-20 Azərbaycan çempionatının gümüş medalçısı, sərbəst güləşçi İsmayıl Cabbarlı (97 kq) da dopinqdən istifadəyə görə iki illik cəzalandırılıb. Onun cəzası 25 apreldən hesablanmağa başlayıb.
Qeyd edək ki, Zaur Əliyev U-17 və U-23-lər arasında Avropa çempionu olub, dörd dəfə aşağı yaşlılar arasında dünya çempionatlarının mükafatlarını qazanıb.