• 27 İyul 2024 03:44

Proses sona çatır: Putin və Ərdoğan arasında şok anlaşma – Müsahibə

Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Tacxeber.az olaraq onunla müsahibəni təqdim edirik.

– Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşün Ermənistan və İranda yaratdığı əks-sədaları susmaq bilmir. Hər iki ölkədən Putin və Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı razılaşdığı iddiaları gəlir. Bu iddiaya görə, yaxın vaxtlarda bu yöndə konkret addımlar atıla bilər. Bu ehtimal nə qədər doğru ola bilər?

– Qənaətimə görə, bunda müəyyən həqiqət payı ola bilər. Türkiyə, İran və Rusiyanı bir-birinə bağlayan bir Astana prosesi var, bu da Suriya ilə bağlıdır. Üstəgəl, son zamanlarda Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səyləri var. Bu da məsələ ilə bağlı müəyyən təəssürat yarada bilər. Buna paralel olaraq, Rusiyanın özündən gələn müəyyən cəhdlər nəzərdən qaçmır. Demək olar ki, Qərblə əlaqələrini minimuma, hətta sıfıra endirmiş Rusiya üzünü Cənuba doğru çevirib.

Rusiya Türkiyə və Azərbaycanla əlaqələrə strateji önəm verməyə başlayıb. Bu kontekstdə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı konstruktiv mövqeləri də görünür. Rusiya Zəngəzurla yanaşı, Şimal-Cənub dəmir və şose yolları dəhlizi, yaxud onu İranla birləşdirəcək nəqliyyat xətləri məsələsinə də diqqətini artırıb. Belə hesab etmək olar ki, Türkiyə həm Rusiya, həm də qeyri-konstrukiv davranışlarına baxmayaraq İran üçün də vazkeçilməz ölkəyə çevrilib. Bu baxımdan, mətbuata sızdırılan məlumatlardan uzağagedən nəticələr çıxarmaq mümkündür. Məncə, bu məlumatda da həqiqət payı var.

– Sizcə, Rusiyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq səyləri nədən irəli gələ bilər? Hətta Rusiyanın buna görə Ermənistanın etirazlarını heçə sayması və buna uyğun olaraq, gərginləşən İrəvan-Kreml əlaqələri də nəzərdən qaçmır.

– Məsələ budur ki, Rusiya özünün xarici siyasətində və iqtisadi əlaqələrdə Türkiyəni açar dövlət statusunda görməyə başlayıb. Üstəgəl, Türkiyənin Qərb dövlətləri, eləcə də NATO üzvləri tərəfindən Rusiyaya qarşı elan olunmuş sanksiyalara qoşulmaması, Ukrayna taxılının daşınmasında vasitəçilik etməsi, Rusiya ilə ticarətin həcmini milyardlarla dollar səviyyəsinə qaldıran anlaşmaların əldə edilməsi belə təsəvvür yaradır ki, Ankaranın Moskva ilə iqtisadi və müəyyən mənada siyasi əlaqələri dönməz xarakter almağa başlayır. Təəvvür edin ki, ilk ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 4-5 milyard artacağı gözlənilir. Gələn il üçün daha cəsarətli proqnoz verilir.

İqtisadi depressiya dövründə Rusiyanın onun üçün açılan “türk qapısı”ndan maksimum istifadə etməyə çalışması təbiidir. Üstəgəl, bu prosesdə İran da aktiv rol oynayacaq. Çinin də gələcəkdə Şimal-Cənub və Zəngəzur dəhlizinin imkanlarından istifadə edəcəyi gözləniləndir. Bir sözlə, Qərblə münasibətlərin qırılma nöqtəsinə çatması və Avropanın onun enerji resurslarından böyük həcmdə imtina etməsi Rusiyanı Türkiyə, Azərbaycan və İrana üz tutmağa məcbur edir.

 

Bu fonda Rusiyanın bu bölgədə Türkiyəyə “stavka” etməsi və bir çox məsələlərə yanaşmada onunla ortaq mövqedə dayanmağa çalışması anlaşılandır.

– Son gəlişmələr fonunda Ermənistanın Azərbaycanla sərhəddə keçid məntəqələri qoymaq üçün hərəkətə keçməsi də diqqətdən yayınmır. Bəs bu, nə ilə əlaqəli ola bilər?

– Ermənistanın mövqeyi həddindən artıq sürüşkəndir. Təsəvvür edin ki, Qarabağdakı Rusiya sülhməramlıları indiyədək ermənilərin nazı ilə oynamağa davam etməsinə baxmayaraq, Paşinyan rus hərbçilərinin öz missiyalarını yerinə yetirə bilməməsi haqda Rusiyaya ultimatum xarakterli mesaj göndərir. Üstəgəl, beynəlxalq cameəyə müraciət edərək, bu məsələyə görə Rusiyanı qınamağa çağırır. Rusiya nöqteyi-nəzərindən bu, “qədirbilməzlik” kimi görünür.

Ermənistan həmişə bütün məsələlərlə bağlı Rusiyanı öz arxasında görüb və onun təlqinləri ilə hərəkət edib. İndi Rusiya bir qədər mövqelərinə korrektə eddərək Azərbaycanın strateji önəmini qəbul etməyə başlaması, Qarabağ məsələsinin həllində moderatorluq funksiyasını üzərinə götürən Moskvanın az-çox beynəlxalq hüquq normalarına uyğun davranışları da Ermənistanda qəzəblə qarşılanır. Bunlar erməni siyasi elitası və xalqının nə qədər etibarsız olduğunu Rusiyaya göstərir.

Azərbaycanla sərhəddə üç buraxılış-keçid məntəqəsinin açılması məsələsinə gəldikdə, zənnimcə, bu, daha çox reklam xarakteri daşıyır. Bunu həm də beynəlxalq ictimai rəyə hesablanmış addım kimi də dəyərləndirilə bilər. Azərbaycanla bir sıra məsələləri həll etmədən, Naxçıvanla ölkəmizin əsas hissəsi arasında birbaşa nəqliyyat əlaqələri təmin olunmadan bu kimi layihələrdən danışmaları təəccüb yaradır.

Ermənistan hələ də aydın mövqe tutmur. Görünür, Ermənistan avqustun 31-də Putinin moderatorluğu ilə Moskvada keçiriləcək üçtərəfli görüşü gözləyir. Bununla yanaşı, Belçikada keçiriləcək görüşü də diqqətdə saxlayır.

Bir sözlə, Ermənistan məcburən bir sıra addımları atır, Laçın şəhəri, Zabux və Sus kəndlərini qaytarır, öz silahlı qüvvələrinin Azərbaycan ərazilərindəki tör-töküntülərini çıxarmağa başlayıb. 10 noyabr bəyannaməsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışsa da, məsələlərə kompleks yanaşmada hələ də gecikir və axıradək konstruktivlik nümayiş etdirmir.

 

Tacxeber.az

Oxşar xəbərlər