• 14 İyul 2024 05:13

“Çekist küçədə birinə yaxasındakı işarəti göstərdisə…” – Dəhşətin tarixi

Ömrünü Türkiyədə başa vurmuş mühacir şair Almas İldırım qardaş ölkədə müxtəlif kiçik vəzifələrdə çalışmaqla yanaşı, dövrün mətbuatı ilə də sıx əməkdaşlıq edib.

Daha çox türkçü camiə ilə yaxın əlaqələr quran İldırımın “Çınaraltı”, “Özləyiş”, “Kopuz”, “Gökbörü” və s. dərgilərdə şeirləri işıq üzü görüb. Bununla yanaşı o, “Qurtuluş”, “Özləyiş” və s. jurnallarda məqalələr də dərc etdirib. Bu yazıların bəziləri Türkiyənin ictimai-siyasi həyatı barədə, bəziləri isə Azərbaycan ədəbiyyatı, bolşevizm zülmü ilə bağlıdır.
Türkiyə mətbuatından əldə etdiyimiz həmin məqalələrdən birini ilk dəfə olaraq təqdim edirik:

***
Almas İldırım

Kölə olmaq istəyirsinizmi?

Bu sətirlər qırmızı imperializmin pəncəyi-qəhrinə düşən, milli varlığını belə qeyb edən bir çox əsir Türk ellərindən birinin, Türkiyənin kiçik qardaşı Azərbaycanın cəfakeş övladlarından olub Ana Yurda sığınan bir bədbəxtin dağınıq xatiratından parça-parça əks etdirilən həzin və ibrətlə oxunulacaq həqiqi hekayələrini canlandırmağa çalışacaqdır.

Bunları orta çağın qanlı səhnələrindən götürülüb xəyal üzərinə qurulmuş bir macəra romanı sanmayın. Bu sətirlər “Quo Vadis hara gedirsən” romanından da bəhs etmir… Vəhşi Roma imperatorluğunun Dəli Neron dövrünü canlandıran bir hekayə də deyildir bu…
Bu, XX mədəniyyət əsrinin ilk rübündə bəşər hüququnun üzqızardıcı səhifələrinə qırmızı qan damlayan bir qələmlə yazılan, qüruni-vüstanın (orta əsrlərin – D.Ə) xunxar barbarlarına rəhmət oxudan, Marks və Engels adlı xəyalpərəst, sərgüzəştçi, maddiyyatçı alim müsvəddələrinin qaranlıq ruhlarının, insan hürriyyətinə qarşı saçdıqları kin və qərəz tüpürcəklərindən hüsula gələn, bataqlıqda törəyən qırmızı soxulcanların, insan qatillərinin, hürriyyət qəsbkarlarının, gözlərini qan örtmüş qırmızı cəlladların, Lenin və Stalinin qeyri-qanuni vələdlərinin hökm sürdükləri qırmızı barbarlar hökmdarlığı altındakı bir bədbəxt qitədə cərəyan etmiş və hələ də etməkdə olan tükürpədici minlərlə, bəli, minlərlə qanlı hadisələrdən bir parçadır…
Hər bir parçası ayrı bir mövzu təşkil edən bu qanlı sətirləri hər türk vətənpərvəri, türk milliyyətçisi, vətəninə, dininə, müqəddəsatına, ailə ocağına bağlı hər türk münəvvəri, kəndlisi, şəhərlisi ibrətlə, dəhşətlə, nifrətlə və diqqətlə oxumalı və oxutmalıdır. Ta ki yalan, yanlış olaraq körpə dimağlara aşılanmaq istənilən qırmızı zehniyyətin nə yaman bir hadisə və nə qorxunc bir vəba olduğunu öyrənərək insan hüquq və hürriyyətinə qarşı yönəldilən bu amansız qəsd və qəsbkarlıqla amansızcasına və şiddətli üsullarla mücadiləyə hazır olsunlar. Bu mücadilə azad yaşamaq istəyən bir millət üçün ölüm-qalım mücadiləsidir. Allah bu yolda yardımcımızdır…

Ç.K və G.P.U adlı ölüm maşını olan komissiyalara daha girmədən bir çoxları ağlını itirərək sorğu-sual edilmədən birbaşa boyunlarından qurşunlanaraq öldürülürlər

34 ildən bəri 200 milyondan çox insan kütləsi üzərində təcrübə edilən ölüm maşını rejimi qurulduğu gündən azad millətlərin öz arzu və istəkləri ilə qəbul edə bilməyəcəyini və əvvəl-axır bu rejimin iflas edəcəyini öncədən anlayan cəllad kommunist şefləri 1917-ci ildən, – yəni çarlığın yıxılması ilə iş başına gələn rus-demokrat Kerenski hökumətini zorla devirib iqtidarı əllərinə aldıqları gündən etibarən ÇeKa namı ilə fövqəladə komissiyalar quraraq insanlığın başına bəla gətirdilər.

Qırmızı müsibət rejiminin ən kiçik əleyhdarı olanları bir neçə dəqiqə içində özlərini müdafiədən məhrum bir vəziyyətdə mühakimə edərək ölüm qərarı verən bu komissiyaların ilk dövrlərdəki məsum qurbanlarının sayı on milyonu aşmaqdadır.

Bu iki hərfin yan-yana gəlməsindən çıxan səsin Rusiya xalqı və bilxassə rus əsarətində olan Türk yurdları üzərində buraxdığı qorxunc təsir nəhayətsizdir. Gecələr səssizcə yataqlarından oyandırılıb bu ölüm komissiyalarına göndərilən sözdə ixtilal əleyhdarı daha komissiyanın olduğu binadan içəriyə girmədən çıldıraraq şüurlarını qeyb etməkdədir. Bunların sorğu-sualına belə lüzum görmədən əvvəldən qiyabi verilən ölüm qərarlarını tətbiq etmək üçün insan qəssabxanalarına atılır, boyunlarından vurularaq güllələnirlər.

Bu ölüm komissiyalarında çalışanlara o zaman çekist namı verilirdi ki, bu ad hələ də şöhrətini mühafizə etməkdədir. Sovet cəhənnəmində çekist olmaq fövqəladə səlahiyyətlərə sahib bir insan olmaq deməkdir. Bir çekist küçədə birinə rast gəlib yaxasının altındakı işarəti göstərdisə, adamcığaz səssiz və mütləq bir itaətlə ayaqlarını sürüyərək çekisti təqib edəcəkdir.

Çekistin girdiyi bina sulu zirzəmilərə, səs keçirməz qalın divarlara, hər cür cəza vasitələrinə malik bir binadır. Buradan içəriyə girənlər həyatlarından ümidlərini kısib o şəkildə girirlər.

Çünki buradan sərbəst şəkildə çıxıb evlərinə gedənlər çox nadirdir. Onların da əksəriyyəti bu idarənin əlinə casus olaraq düşənlərdir. Ömürlərinin sonlarına qədər bu idarənin cəlladlarına gizlicə və sədaqətlə müxbirlik edəcəklərinə söz verənlərdirlər.

Lazım gələrsə, öz atalarını, analarını və qardaşlarını ələ verməkdən çəkinməyəcəkdirlər. Bunu etmədikləri dəqiqədə ölüm maşını öz həyatlarını udacaqdır.

İlk vaxtlarda bu fövqəladə komissiyaların müvəqqəti qurulduğu, bu qorxunc günlərin sona çatacağını bir təbliğat kimi ətrafa yaymaqda idilər. Qırmızı qasırğaya tutulan bütün məmləkətlərdə münəvvər, tacir, əsnaf, mülkədar, məmur təbəqələri silindikdən sonra bu ölüm komissiyaları adını dəyişdirərək G.P.U namını almış, yenə eyni şiddət və dəhşətli metodlarla sürətini itirmədən bu dəfə adlarına diktatorluq qurulan kəndli və fəhlə kütlələri arasında icraatına davam etmişdir.

Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər