Türkiyə mediası Laçından yazdı
Türkiyə mediası Laçından yazdı
Laçın şəhərinin yenidən Azərbaycanın nəzarətinə keçməsi barədə məlumat Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərinə çevrilib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi tviter səhifəsində bununla bağlı etdiyi paylaşım qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılmaqdadır.
Tacxeber.az xəbər verir ki, “Anadolu” və İHA agentlikləri, “TRT Haber”, “Haber Global”, “CNN Türk” telekanalları, “Hurriyet” və digər qəzetlər, habelə TRT-nin müxtəlif qurumları mövzu ilə bağlı geniş məlumatlar yayıblar.
Türkiyə mətbuatı Prezident İlham Əliyev Laçının qaytarılması ilə bağlı paylaşımını təqdim edib. Bildirilib ki, bu müjdəli xəbəri ölkə ictimaiyyətinə Prezident İlham Əliyev çatdırıb.
İnformasiyalarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanatda təcavüzkar Ermənistanın Ikinci Qarabağ savaşındakı biabırçı məğlubiyyəti və işğalçı dövlətin kapitulyasiya aktı imzalamaqla üzərinə götürdüyü öhdəliklər xatırlanır. Diqqətə çatdırılır ki, Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin edir.