• 27 İyul 2024 07:12

Yazıçının prezident oğlu: Təmiz, vicdanlı və… – ONU TANI

“Baş verənlər dövlət çevrilişinə cəhddir. Terrorçuların əsas məqsədi hakimiyyəti qəsb etmək olub”.

Bunu bu il yanvarın 10-da bildirmişdi jurnalistlərə. Həmin vaxt onun hakimiyyətinin başı üstünü qara buludlar almışdı. Ölkə sözün həqiqi mənasında çalxalanırdı.

3 il idi ki, ölkəyə rəhbərlik edirdi. Prinsipcə ciddi islahatlara da başlamışdı. Ölkədə canlanma hiss edilirdi. Və birdən məmləkətin qərbində başlayan aksiyalar hər yerə yayılmışdı. Paytaxt Astanaya gedib çıxmışdı. Amma bacardı. Söhbət kimin və nəyin hesabına bacardığından da getmir. Əsas odu ki, Qazaxıstan xaos və dərəbəylikdən qurtulmuşdu.

 

Yəqin bildiniz,  “Onu tanı”da bu dəfə dünən Bakıda rəsmi səfərdə olmuş Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev haqqında yazırıq.

1953-cü il mayın 17-də Alma-Atada ziyalı Kamal Tokayevin ailəsində dünyaya gəlmişdi. Ata Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış yazıçısı idi. Anası Turar Şabarbayeva, Xarici Dillər İnstitutunda işləyirdi.

1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olur.

İnstitutun sonuncu kursunda oxuyarkən o, altı aylıq Çinə, sovet səfirliyində təlim kurslarına göndərilir. Ali məktəbi bitirdikdən sonra Sinqapurdakı sovet səfirliyinə göndərilir.

1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyinə qayıdır.

4 il sonra isə Pekin Universitetində təlim kursları üçün Çinə gedir. Daha sonra Pekindəki sovet səfirliyində ikinci katib, birinci katib və məsləhətçi vəzifəsini icra edir. 1991-ci ildə Moskvada SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında yüksək səviyyəli diplomatlar üçün təlim kursuna daxil olur.

SSRİ süqut edəndən sonra isə vətənə qayıdır. 1992-ci ildə Tokayev Qazaxıstan respublikasının xarici işlər nazirinin müavini təyin edilir. İki il sonra isə o, artıq nazir postunu tutacaqdı.

O, 5 il bu vəzifədə çalışır. Nursultan Nazarbayev onun xarici siyasətdən ayırmaq qərarına gəlir. 1999-cu ilin mart ayında baş nazirin müavini vəzifəsinə yüksəlir. Cəmi 6 ay sonra isə Qazaxıstan Respublikası prezidentinin fərmanı ilə baş nazir təyin olunur.

İstər xarici işlər nazirliyinə, istərsə də nazirlər kabinetinə başçılıq edərkən, Nazarbayev onun idarəçilik qabiliyyətini görürdü. Nursultan Əbiş oğlu onu hansı vəzifə təyin edirdisə, dövlətə və millətə, elə prezidentə jə sadiqliyini şahidi olurdu.
Onun beynəlxalq imici də müsbət idi. 2017-ci ildə Qasım-Comərt Tokayev Cenevrə Universitetinin məşhur “Academicus” mükafatına layiq görülür. Tokayev “2018-ci ilin adamı” adlandırılır.

Və nəhayət 2019-cu il prezident seçkilərindən sonra Qazaxıstan dövlətinin başına keçir.

O, dərhal islahatlara başlayır. Siyasi, sosial, qanunvericilik sahələrindəki islahatları ölkə ümidlə qarşılayır. 20 dekabr 2019-cu ildə Milli İctimai Etimad Şurasının iclasında siyasi partiyaların yaradılması üçün qeydiyyat baryeri iki dəfə azaldılır, qadınlar və gənclər üçün 30 faizlik kvota tətbiq edilir. Siyasi partiyalar üçün parlamentdə təmsil olunmaq üçün baryer azaldılır
Əsas diqqət kiçik və orta biznesin dəstəklənməsinə yönəldilir. Başlanan özəlləşdirmə proqramının başa çatdırılması nəzərdə tutulur. Səhiyyə sisteminin modernləşdirilməsi və sosial təminat siyasətinin yenidən başlanması həyata keçirilir.

Bununla yanaşı, ədalətli, dayanıqlı və insanların maraqlarına cavab verən pensiya sisteminə də diqqət ayrlır.
Milli Təhsil Mərkəzi yaradılır ki, burada gənclər sahənin ən yaxşı peşəkarlarından xüsusi kurslar və master-klasslardan yararlansınlar.

Ekspertlər əmindirlər ki, rəsmi Astana regionda öz mövqeyini gücləndirmək, eləcə də iqtisadi, siyasi və sosial proseslərdə daha aktiv iştirak etmək üçün bu cür addımların nə qədər önəmli olduğunu anlayır. Ən əsas diqqət yetirilməli olan məqam budur ki, Qazaxıstanda başlayan islahat dalğası yaxın gələcəkdə digər Orta Asiya ölkələrinə də bu məsələdə təkan verə, regionda sabitliyin təmin olunması problemini önəmli ölçüdə həll edə bilər.

Tokayev qazax, rus, ingilis və çin və fransız dillərini bilir. Qazaxıstanda və digər ölkələrdə bir neçə dövlət mükafatının sahibidir. 13 il Qazaxıstanın Stolüstü Tennis Federasiyasının prezidenti olmuşdur. Evlidir, bir oğlu var.

“Qazaxıstanın müstəqilliyinin ilk günlərindən o, mənim yanımda işləməyə başlayıb. Onu yaxşı tanıyıram . Təmiz, vicdanlı adamdır. Əminəm ki, Tokayev məhz o adamdır ki, Qazaxıstanın etibar etmək olar”.

Bunu isə Nursultan Nazarbayev deyib, onun haqqında. /lent.az

Tacxeber.az

Oxşar xəbərlər