• 27 İyul 2024 08:09

Adına şayiələr yayıldı, ağır xəstəliyə tutuldu, altı dəfə əməliyyat olundu – Qarabağ müğənniləri ilə davası nə idi?

Adına şayiələr yayıldı, ağır xəstəliyə tutuldu, altı dəfə əməliyyat olundu – Qarabağ müğənniləri ilə davası nə idi?

Bu gün Xalq artisti Ağadadaş Ağayevin doğum günüdür. Kulis.az müğənni haqqında maraqlı faktları təqdim edir.

Ağadadaş Ağayev 25 avqust, 1956-cı il Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda filoloji təhsil alıb. Yeddi il Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

***

1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il “İstedadlar axtarırıq” müsabiqəsinin qalibi olub. İlk kaseti buraxan zaman özünə müəyyən qadağalar qoyub. Əmisigilin evində olan böyük kitabxananı oxuyub bitirir, o dövrün poeziya nümunələrinin hamısının şeirlərini əzbərləyir. Nəriman Həsənzadənin, Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Mədinə Gülgünün şeirlərini qəzetdən kəsib dəftərlərinə yapışdırır. Müsahiblərinin birində bu barədə deyir:

“Vaxt olub ki, aylarla evdən çıxmamışam. Baxmayaraq, cavan idim, amma özümü hər şeydən təcrid eləmişdim. Əgər mənim həyatımda həmin təcrid dövrü olmasaydı, sonrakı uğurlarım da olmazdı. Mən özümü tamam təmizləyəndən, sıfırlayandan sonra ifaçılığa başladım. Artıq kifayət qədər də bazam vardı. Ədəbiyyat məni insan kimi, sənət adamı kimi formalaşdırdı”.

***

İyirmi üç yaşı olanda universitetdə onu “APİ-nin Xalq artisti” deyə çağırırlar. İnsanlar onun mahnılarını dinləməyə, ona pərəstiş etməyə başlayır.

***

Ağadadaş Ağayev bir müddət səsi ilə məşhur olur. Adamlar onu səsindən tanıyır, üzdən isə yox. Buna səbəb isə müğənninin efirlərə çıxmaması olur. Müğənnini öz rayonlarında yaxşı tanısalar da, ordan kənara çıxanda, heç kim tanımırmış. Hətta Bakı toylarında ona yaxınlaşıb, Ağadadaşdan bir mahnı oxu deyənlər də olur. Müğənni məşhur olandan dörd il sonra məcburiyyət qarşısında qalıb efirlərə çıxır. Çünki həmin o dörd ildə onun haqqında müxtəlif şayiələr də yayılmağa başlayır. Məşhurluğun fəsadlı tərəfləri yavaş-yavaş özünü göstərir. İnsanlar danışırlar ki, Ağadadaş başında aerodrom papaq, yan-yörəsində quldur dəstəsi ilə qatarların qarşısını kəsib, adamları soyur. Ona görə də o, kim olduğunu canlı şəkildə, efir vasitəsi ilə bildirməli olur.

1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verir. Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayır.

***

Müğənninin ifaçılıq həyatında İslam Rzayevin böyük rolu olub. Keçirilən musiqi müsabiqələrinin birində İslam müəllim, iştirakçıların hamısına qulaq asandan sonra, “hamı getsin, Ağadadaş qalsın” deyir.

***

Müğənni bir neçə ilə əvvəl “Qarabağda məktəb yoxdur, ləhcə var” sözləri ilə gündəmə gəlmişdi. Bu sözlərinə görə Xalq artistləri, muğam ifaçıları ona kəskin şəkildə etiraz etmişdilər. Qarabağlı ifaçılardan Arif Babayev, Nəzakət Teymurova ona sərt cavablar verirlər. Müsahibələrinin birində A.Ağayev bu məsələyə belə aydınlıq gətirir:

“O vaxtı rəhmətlik Üzeyir Hacıbəyli muğamdakı dörddə bir tonları çıxarıb. Bununla da bizi qərbləşdirib. Əslində, insanın ruhuna toxunan da elə həmin yarım tonlar idi. Onları çıxarmaqla muğamın təsir etmə gücü azalır. Əslində isə, muğamın kökü birdir axı. Təbii ki, mən Üzeyir bəyə irad tuta bilmərəm. Ola bilsin, o, sovet ideologiyasının qurbanı olub. Və yaxud da əgər Üzeyir bəy bunu etməsəydi, həmin sistem bizim musiqimizin dünyaya çıxışının qarşısını alacaqdı. Yəni Üzeyir bəy müəyyən səbəblərdən bunu edib. Bəs bu gün niyə bizi hansısa boğazlar ifa etməkdə qınayırlar? Üzeyir Hacıbəyli operanı muğama söykəyərək yazıb ki, operanın nə olduğunu xalqına göstərə bilsin, sevdirsin. Bu günə qədər də bütün oxuyanlarımız “Leyli və Məcnun”un çörəyini yeyirlər. Evləri də, maşınları da, bütün nəsilləri də Üzeyir bəyə, onun yaratdığı operaya borcludur. Məgər Cabbar Qaryağdıoğlu muğamı özü kəşf eləmişdi? Cabbar Qaryağdıoğlu ötən əsrdə yaşayıb. Amma Azərbaycan muğamının kökü gedib Şah İsmayıl Xətainin dövrünə qədər çıxır. Düzdür, bugünkü strukturda olmayıb, amma mövcud olub. Belə söhbətlər əvvəllər heç vaxt olmayıb. Bu söhbətləri yaradanlar yenə də Qarabağ ifaçıları oldu. Vallah, onlar yaratdılar. Onlara görə yaxşı səs ancaq qarabağlılara məxsusdur. Deyə-deyə özlərini də gözə gətirdilər, bizi də”.

Ağadadaş Ağayev iki dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən Kamil, Səbuhi, Seymur, Həmid adlı dörd oğlu və Leyla adlı bir qızı var. Müğənninin ikinci evliliyi Türkiyə vətəndaşı olan Pərvin xanımla olub. Cütlük hazırda birlikdə yaşayırlar.

***

Müğənninin qızı Leyla fiziki qüsurludur. Ağadadaş müəllim bu barədə deyir:

“Mənim evimdə qüsurlu övladım var. Ən böyük diqqəti qızım Leylaya göstəririk. Qüsurlu insanlar Allahın seçilən bəndəsidir. Onlar mələkdirlər. Hər an onlara diqqət göstərməliyik. Evimizin baş hissəsində oturtmalıyıq. Sovet dövründə Almaniyaya getmişdim. Baxdım ki, küçələrdə əlil arabasında gəzənlər saysız-hesabsızdır. Düşünürdüm ki, bizdə bu qədər əlil yoxdur. Sən demə, bizdə bundan da çox idi. Amma onları evlərdə saxlayırdılar. Cəmiyyət arasına çıxarmırdılar. Mənə elə gəlir ki, onları gizlətmək, əlilliyindən utanmaq, Allahın yanında ən böyük günah hesab olunur. Onların yeri gizlində olmamalıdır”.

 

Ötən ilin mart ayında müğənninin xərçəng xəstəliyindən əziyyət çəkməsi barədə xəbərlər yayılır. Müğənni bu faktı təsdiq edərək Türkiyədə əməliyyata yollanır. Orada altı dəfə əməliyyat olunan müğənni sağalaraq vətənə geri qayıdır.

***

Müğənni “Pərişanım”, “Sən oldun”, “Gecdir daha”, “Könlüm qəmin eylər”, “Sənsiz keçən ömür”, “Dodağına gülüş qonub”, “Sevirəm de” kimi mahnılarla böyük tamaşaçı sevgisi qazanıb.

***

Xanəndə 1998-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. /Kulis.az

Tacxeber.az

Oxşar xəbərlər