“Qarabağ”ı Avroliqada gözləyən mükafat
Avropa Liqasının qrupunda yarışacaq “Qarabağ” uğurlu çıxış edəcəyi halda öz büdcəsini də artıra bilər.
Məlum olduğu kimi, Ağdam klubu G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) mübarizə aparacaq. Qrupun matçları aşağıda qeyd edilən bu tarixlərdə keçiriləcək:
1-ci tur: 8 sentyabr
2-ci tur: 15 sentyabr
3-cü tur: 6 oktyabr
4-cü tur: 13 oktyabr
5-ci tur: 27 oktyabr
6-cı tur: 3 noyabr
Bu ilin iyulunda UEFA avrokubokların mükafat fondunu təsdiq edib. Buna əsasən, Avropa Liqasının qruplarında oynayacaq 32 klubun hər birinə 3 milyon 630 min avro mükafat veriləcək. Qrupdakı hər qələbəyə görə 630 min, heç-heçəyə görə isə 210 min avro mükafat nəzərdə tutulub. Bundan başqa, aşağıda qeyd edilən hallarda da klublar büdcələrini artıra bilərlər:
– Qrupun qalibi olduğuna görə – 1 milyon 100 min avro
– Qrupun ikincisi olduğuna görə – 550 min avro
– Pley-offdan 1/8 finala çıxdığına görə – 1,2 milyon avro
– 1/4 finala çıxdığına görə – 1,8 milyon avro
– 1/2 finala çıxdığına görə – 2,8 milyon avro
– Finala çıxdığına görə – 4,6 milyon avro
– Liqanın qalibi olduğuna görə – 4 milyon avro
Beləliklə, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynadığına görə 5 milyon avro, Avropa Liqasının qrupuna vəsiqə qazandığı üçün isə 3 milyon 630 min avro mükafatı təmin edib.