• 27 İyul 2024 04:07

Azərbaycanda şəlaləyə yaxından baxmaq ödənişi, 70 manatlıq piknik oturacağı

Azərbaycanda şəlaləyə yaxından baxmaq ödənişi, 70 manatlıq piknik oturacağı

“Xalxal şəlaləsi barədə çox eşitmişdik, axır ki, görmək qismət oldu. Mənzərə, ab-hava gözəl olsa da, istirahət mərkəzində az qala addımbaşı ödəniş etmək məcburiyyətindəsən”.

Tacxeber.az xəbər verir ki, bu barədə jurnalist Leyla Mirzə feysbuk hesabında paylaşım edib.

O, qiymətlərin yuxarı və piknik üçün ayrılan yerin 70 manat olmasına diqqət çəkib: “Belə ki, istirahət mərkəzinə giriş üçün bir nəfər 2 manat ödəniş etməlidir. Bu qiymət yalnız yerli vətəndaşlar üçün keçərlidir. Xarici vətəndaşlar isə 5 manat ödəməlidirlər. Hətta azyaşlı uşaqlar üçün də pul tələb edilir.

İstirahət mərkəzinin içərisində atraksionlar, piknik zonası da var. Piknik etmək istəsəniz, nə az, nə çox 70 manatınızdan keçməli olacaqsınız. Bəli, bəli, səhv yazmamışam, 70 manat. Elanda 70 yazıldığından mən də 70 qəpik olduğunu düşünmüşdüm. Bu qiymətə isə sadəcə quruca oturacaqlar daxil olacaq. Düzü, piknik üçün qiyməti bildikdən sonra restoranına yaxınlaşmağa qorxduq. Quru oturacaq 70 manata təklif olunursa, yeməklərin qiymətini təsəvvür etməyə dəyməz. Təzadlı məqam ondan ibarətdir ki, əraziyə ərzaqla daxil olmaq qadağandır”.

Jurnalist həmçinin ərazidə şəlaləyə yaxından baxmağın ödənişli olduğunu qeyd edib.

“Nəysə keçək digər əyləncə növlərinə. Deməli, burada iki ayrı göldə qayıqlarla üzmək təklif olunur. Qiymətlər 2 nəfər üçün 10 manat, 4 nəfər üçün isə 15 manata bərabərdir. Şəlalə olmayan hissədə isə qiyməti bir az ucuz hesab etmək olar – 5 manat.

Yeri gəlmişkən, şəlaləyə yaxından baxmaq və çoban geyimi ilə şəkil çəkdirmək də ödənişlidir.
İstirahət mərkəzində ən dəhşətə gəldiyim şeylərdən biri də uşaqların sürməsi üçün nəzərdə tutulan maşınların qiyməti oldu. 5 dəqiqə sürmək üçün 5 manat tələb edilir.

Bir sözlə, rahat istirahət etmək üçün yaxşıca pul xərcləməlisən. Təbii ki, sahibkar ərazini şəxsi vəsaiti hesabına alıb və qiymətləri özü müəyyən edib, amma az qala hər addımbaşı ödəniş tələb etmək kobud səslənsə də insafsızlıqdır”, – deyə o əlavə edib.

Tacxeber.az

Oxşar xəbərlər