• 22 May 2024 00:07

Ramil Səfərov HARALARDADI ???

Modern.az saytında “…haralardadı?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, hərbi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovdan yazıb.

Ramil Səfərovu gündəmə gətirməyimiz təsadüf deyil. Dünən – 26 avqust tarixində çoxdandır haqqında yazılmayan zabitin ad günü idi. Onun 45 yaşı tamam oldu.

Yuxarıda təqdim etdiyimiz şəkil də elə dünən Ramilin ad günündə – 45 yaşının tamamında çəkilib.

Ramil ad günüdə “Çinar” Kitab Evində görüntülənib. Orada “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqlə görüşən zabit macar dilindən azərbaycancaya tərcümə etdiyi “Pal küçəsinin oğlanları” romanını yenidən nəşr etməyi razılaşdırıb.

Görüşlə bağlı Nurman Tariq bunları deyib:

“Çoxdandır istəsək də, xoş təsadüf oldu, görüşümüz əziz Ramil Səfərovun doğum gününə təsadüf etdi.

Bir dəfə yazmışdım, gənc nəsil üçün qələbəyə inam Ramil Səfərovla başladı, toxum atdı… Xatırlayıram, 10-11-ci sinifdə oxuyurdum, ANS-dən məhkəmə prosesini necə həyacanla izləyirdik; məhkəmədəki çıxışı bizi qürurlandırırdı. O, bayrağın nə demək olduğunu bizə əyani sübut etmişdi…

O həm də bir ziyalıdır, kitab adamıdır… 8 il təkadamlıq kamerada qaldığı müddətdə macar dilini öyrənib və bir neçə kitabı dilimizə tərcümə edib. O, həm də belə bir örnəkdir; hər bir halda faydalı olmaq nümunəsi, ömürlük cəzaya məhkum olsa belə.

Ramil bəylə tərcümə etdiyi macar ədəbiyyatının ən məşhur nümunələrindən olan “Pal küçəsinin oğlanları” romanını yenidən baxışla nəşr etmək haqqında razılığa gəldik.

Çox anlamlı söhbətimiz baş tutdu, Ramil bəyi gözlədiyimdən daha artıq gördüm… Bu məni hədsiz sevindirdi. Anladım ki, Ramil bəyi təkcə məlum hadisə ilə xatırlamaq ona qarşı haqsızlıqdır, o daha böyükdür”.

Ramil Səfərov hazırda Azərbaycan Ordusunun N saylı hərbi hissəsində polkovnik-leytenant rütbəsində xidmət edir. Zabit peşəsi ilə əlaqədar mətbuatla ünsiyyətən uzaq durur.


Ramil Sahib oğlu Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən, müharibədə xeyli qohumunu itirən Ramildə düşmənə qarşı əbədi nifrət yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məktəbdə təhsil almağa yönəldib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Kurs başlayarkən məlum olub ki, iki nəfər erməni zabiti də burada təhsil alacaq. İlk günlər onlar (azərbaycanlı və erməni zabitləri) bir-birləri ilə salamlaşırmışlar. Sonra bu salamlaşma kəsilib. Onlar müxtəlif qruplarda təhsil alsalar da, eyni mərtəbədə qalırmışlar. Qarşılaşanda erməni zabitlər Ramilə baxıb gülür, özlərini məğlub tərəf qarşısında müzəffər tərəf kimi aparırmışlar.

Ramil Səfərov 2004-cü il fevral ayının 19-da – vətənə dönməyə 20 gün qalmış kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib.

Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

İşlə bağlı sənədlərdən məlum olub ki, öldürülən erməni zabit dəfələrlə Ramil Səfərova söz atıb, ona sataşıb, Azərbaycanı, azərbaycanlı qadınları və bayrağımızı təhqir edib. Tez-tez “Qarabağ-Artsak” ifədələrini səsləndirən, ardınca da ermənicə söyüşlər söyən Markaryanın hərəkətləri barədə kurs rəhbərliyinə də şikayət edilib, lakin o, özünü yığışdırmayıb.

Məhkəmə sənədlərindən bəlli olub ki, fevralın 16-sı axşam saat 22:00 radələrində Ramil Səfərov dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olub. Həmin söhbət zamanı Səfərov eşidib ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Ramil Səfərov Markaryanın günlərlə davam edən təhqirlərinə dözməyərək, nəhayət, Azərbaycan bayrağını aşağılamasından sonra onu cəzalandırmaq qərarına gəlib…

Həbsdə olduğu müddətdə o, macar dilini öyrənib. Daha sonra macar yazıçılar Maqda Sabonun “Qapı”, Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitablarını Azərbaycan dilinə tərcümə edib.

2009-cu ilin oktyabrında zabitin anası Nübar Səfərova dünyasını dəyişəndə Ramil həbs cəzası çəkirdi.

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Azərbaycan  Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib.

1 sentyabr 2012-ci ildə o vaxtkı müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi təqdim edib.

Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunmasını həzm edə bilməyən Ermənistan və erməni diasporu bununla əlaqədar süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə çalışırdı.

2012-ci il sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA terror təşkilatından daxil olmuş məktubda Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilmiş və onların qətlə yetiriləcəyi bildirilmişdi. Ermənilər Ramil Səfərovu öldürən şəxsə ayrıca mükafat da ayırmışdılar.

Ancaq düşmən bu istiqamətdə apardığı işdə heç nəyə nail ola bilmədi.

2012-ci ilin oktyabrda Ramil Səfərovun ailə həyatı qurub, hazırda bir qızı, bır oğlu var.

2017-ci ildə mayor R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.

A.Qorxmaz

Tacxeber.az

Oxşar xəbərlər