• 14 Oktyabr 2024 21:16

Artıq İslamı qəbul etmiş boksçu Məhəmmədəli və həyat yoldaşının SSRİ-yə səfəri haqda

1978-ci ilin iyununda Vaşinqtondakı sovet səfirinin dəvəti ilə boks üzrə dünya çempionu Məhəmməd Əli və arvadı Veronika Porşe SSRİ-ni ziyarət etdi.

SSRİ-də peşəkar idman və idmançılar tənqid hədəfi idilər (Bu da sovetin bir çox sahələrində hökm sürən riyakarlıqlardan biri idi. Çünki SSRİ-də elə hamı peşəkar idmançı idi, amma rəsmən etiraf edilmirdi. Əslində, Qərbdən fərqli olaraq SSRİ-də həvəskar idman yox idi). Amma Əliyə münasibət başqa idi. Çünki o, Amerikanın Vyetnamda apardığı müharibənin tənqidçisi və qaradərili əhalinin hüquqlarının müdafiəçisi idi. Buna görə də yüksək səviyyədə qarşılandı. Müsəlman qonaqlara göstərmək üçün nümunəvi respublika kimi nəzərdə tutulan Özbəkistana aparıldı. Burada başqa müsəlman respublikalarından fərqli olaraq daha çox məscid fəaliyyət göstərirdi.

Yenidən Moskvaya qayıdanda hətta Brejnev tərəfindən qəbul edildi. Leonid İliçin Əlini də öpüb-öpməməsi barədə mənbələr susur, amma qonağa qol saatı və əlbəttə ki, özünün “Kiçik torpaq” kitabını bağışladı. Moskvada və Amerikada keçirdiyi mətbuat konfranslarında SSRİ haqqında xoş sözlər dedi, onun müharibə tərəfdarı olmadığına inandığını bildirdi.

Amma səfərdən ilyarım sonra Əfqanıstana təcavüz bir çoxları kimi Əlinin də SSRİ-yə münasibətini dəyişdirdi. O, Vaşinqtonun 1980-ci ilin yayında Moskvada keçiriləcək olimpiadanı boykot çağırışına qoşulmaları üçün bir neçə Afrika ölkəsində – Tanzaniya, Keniya, Nigeriya və Seneqalda oldu. Amma bu ölkələrdən yalnız Keniya boykota qoşuldu.

Yadigar Sadıqli

Tacxeber.az

Oxşar xəbərlər