• 06 Oktyabr 2024 09:03

“Bu çəkilişlərdən sonra mənə təzyiqlər olur” – Nail Kəmərli

“Çəkilişlərim ictimailəşdikdən sonra mütləq dövlət qurumları məsələyə qarışır, Daxili İşlər Nazirliyi həmin dəqiqə reaksiya verirlər”.

Bu sözləri Yenisabah.az-a tanınmış videobloger Nail Kəmərli deyib. O bildirib ki, narkotiklərlə bağlı böyük səs-küyə səbəb olan çəkilişlərindən sonra dövlət qurumları məsələyə səssiz qalmır:

““Papanin”dəki çəkilişdən sonra onlar məsələyə ciddi yanaşdılar, dünən də Biləcəridən material hazırlayıb yayımlamışam. Yəqin ki, günün sonuna qədər ora da əncam çəkilər və DİN sosial media hesablarında bu barədə məlumat verər”.

N. Kəmərli qeyd edib ki, onun çəkilişlərində təbliğat yox, maarifləndirmə var:

“Sosial şəbəkələrdə yüzlərlə “halal olsun” şərhləri gəlir. Mən özüm də gələn şərhləri oxuyuram, bir-iki nəfər şərəfsiz, “bariqa”lar – hansı ki, narkomandırlar onlar “gəncləri pozursunuz, təbliğat aparırsınız” kimi şərhlər yazırlar. Heç bir gənc bir narkomanın pis vəziyyətini, narkotikin insana vurduğu fəsadları görüb ona meyllənməz. Bir-iki təxribat xarakterli şəhrlər olur, onu da məni istəməyənlər yazır. Mənim məqsədim heç vaxt hansısa gənci bu yola meylləndirmək olmayıb, əksinə, maarifləndirmək olub”.

N. Kəmərlinin sözlərinə görə, çəkilişlərdən sonra müəyyən təzyiqlərlə üzləşsə də bu onu qorxutmur:

“Bu çəkilişlərdən sonra əlbəttə ki, mənə təzyiqlər olur. Məsələn, bu yaxınlarda mənim maşınıma girib soyğunçuluq ediblər, kameramı oğurlayıblar. Günü bu gün də kameram tapılmayıb. Bu cür təzyiqlər məni heç vaxt qorxutmur. Qorxutsaydı, çəkilişlərə davam etməzdim, layihəni dayandırardım. Dünən də Biləcəridə sakinlərlə çəkiliş aparmışıq, narkotik satanların yuvalarını aşkarlamışıq. Bunlar məni qorxutmur, arxamda dövlətim, xalqım, polisim dayanıb, nədən qorxmalıyam?”

Əsmətxanım RZAZADƏ

Tacxeber.az

Oxşar xəbərlər