• 26 Dekabr 2024 16:05

Fazil Mustafa: “Türkiyənin indiki səfirinin bundan sonra hansısa dəvəti olarsa, rədd cavabı verəcəyimi anlayışla qarşılasınlar”

“Türkiyəmizin Zəfər bayramıdır. Bu, həm də Azərbaycanın Zəfər bayramıdır. İllərdir bütün platformalarda Türkiyə ilə qardaşlığımızın ən ardıcıl müdafiəçisi olduğumu hər kəs bilir. Televiziyada, mətbuatda illərdir Türkiyəyə qarşı ittihamları cavablandıran, bu qardaş ölkənin yürütdüyü siyasəti təhlil edən çıxışlarımla ictimaiyyətimiz yaxından tanışdır. Nuri Paşanın və türk əsgərinin haqqını tanımaq üçün etdiyim çağırışlara görə bəzən iradlarla da qarşılaşıram ki, hədsiz Türkiyəpərəstlik edirsiniz. Olsun. Bu bizim bundan sonra da dəyişməz yolumuz və mövzumuz olacaq. Çünki Azərbaycanın Türkiyə ilə qardaşlığı həm də mövcudluq məsələmizdir. İndiyədək Türkiyə səfirliyi tərəfindən bütün rəsmi tədbirlərə dəvət almış, dəyərli səfirlərimizlə çox səmimi münasibətlərimiz, fikir mübadiləmiz olmuşdu. Ancaq Türkiyənin yeni səfiri təyin olunandan sonra şəxsimə bu ölkənin hansısa rəsmi bayramına məqsədli şəkildə dəvət göndərmədiyini müşahidə etdim. Türkiyəyə hər zaman dəstək verən bir neçə millət vəkili və partiya sədrinə də bu sayğısızlığın göstərildiyini öyrəndim. Əlbəttə, bu cənab səfirin öz seçimidir və seçiminə sayğı ilə yanaşıram. Sadəcə, cəmiyyətə hər zaman açıq siyasətçi kimi bəyan edirəm ki, indiki Türkiyə səfirinin bundan sonra hansısa dəvəti olarsa, Azərbaycanın bir partiya sədri, bir millət vəkili kimi rədd cavabı verəcəyimi anlayışla qarşılasınlar”

Bunu deputat Fazil Mustafa bildirib.

“Yeri gəlmişkən, Azərbaycanda İranın bizə yönəlik siyasətinin ən sərt tənqidçilərindən olsam da, İranın bütün rəsmi tədbirlərinə bu ölkənin səfiri xüsusi nəzakətlə dəvət edir. Yəni bu yanaşma fərqi olduqca düşündürücüdür və üzücüdür. Adamlar, məqamlar gəldi- gedərdi, bizim Türk və Türkiyə sevgimiz qalıcıdır. Xeyirli olsun” – deputat qeyd edib. / Pravda.az

 

Tacxeber.az

Oxşar xəbərlər