• 08 Oktyabr 2024 13:16

“JEK”lər qanunsuz ödənişləri İcra hakimiyyətlərinin göstərişilə yığır

İqtisadçı Samir Əliyev “JEK”lərin artırılmış tariflə əhalidən mənzil haqqı yığmağa başlamasına münasibət bildirib.

Tacxeber.az  Modern.az-a istinadən bildirir ki,  iqtisadçı ilk baxışdan hər şeyin qaydasında olduğu görüntüsünün yarandığını diqqətə çatdırıb:

“Həqiqətən qeyd edilən tarixə qədər köhnə binalarda (müstəqillik dövründə tikilən yenitikililər xaric) mənzil haqlarının tarifi Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 2000-ci il tarixli, 40 saylı Qərarı ilə tənzimlənirdi. Həmin Qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindənki evlər üçünsə ayda 2 qəpik müəyyən edilmişdi.

“JEK”lər bu Qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı yığırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim insafsızcasına aşağı idi”.

Ekspert müqayisə üçün qeyd edib ki, yeni tikililərdə ən aşağı tarif 20 qəpik idi:

“Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtı-vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi. Əhali “JEK”lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbindən ödədikləri pulun qarşılığında heç nə istəmirdilər. Çünki onları yeni tikililərin yüksək tarif təcrübəsi qorxudurdu. İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb”.

Bəs qaydasında olmayan nədir?

S.Əliyev bu suala da aydınlıq gətirib: “Əvvəla qeyd edim ki, “JEK”lərin qanunsuz fəaliyyəti barədə dəfələrlə açıqlama vermişəm. Azərbaycanda mənzil idarəçiliyinin Konstitutsiyası olan Mənzil Məcəlləsi “JEK”lərin mənzil idarəçiliyində iştirakını istisna edir. Özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində “JEK” adında qurumun adı çəkilmir. Bu məsələnin əsas tərəfi. İkinci tərəfi isə ondan ibarətdir ki, əhalidən artırılmış tariflə pul yığan “JEK” istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 13-cü maddəsi ilə yanaşı 14-cü maddəyə də diqqət etsə yaxşı olar. Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları ÖZƏLLƏŞDİRİLMİŞ mənzillərə ANCAQ MÜQAVİLƏ ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, “JEK”lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. “JEK”lər, daha doğrusu onların tabe olduqları rayon/şəhər İcra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar.

Bir daha qeyd edirəm əhalinin tam hüququ var ki, “JEK”lərə mənzil haqqı verməsin. “JEK”lər zəhmət çəksin özəlləşdirilməyən evlərə xidmət göstərib haqlarını alsınlar. Özəl mülkiyyətə isə əvvəla müqaviləsiz yaxın dura bilməz, ikincisi isə hətta müqavilə ilə yaxın dura bilməz. Mənzil Məcəlləsinə görə, həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq.

Yaranmış vəziyyətin əsas günahkarı hökumətdir. Məhz qanunların işləməməsinin nəticəsidir ki, “JEK”lər əhali, MTK-lar sahə mülkiyyətçilərilə üz-üzə qalıblar. Ölkədə mənzil siyasətinə məsul olan İqtisadiyyat Nazirliyi isə 2019-cu ildə prosesdən kənarlaşdırılıb. Nəzarət qalıb İcra hakimiyyətlərinin əlində. O İcra hakimiyyətləri ki, “JEK”lər vasitəsilə əhalidən qanunsuz pul yığmağı davam etdirilər”.

Tacxeber.az

Oxşar xəbərlər