• 14 Oktyabr 2024 21:30

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası

Leyla Şıxlinskaya, aktrisa

Leyla Şıxlinskaya, aktrisa

Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub.

***

Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova haqqındadır.


Leyla Şıxlinskaya “Arşın mal alan” filmində Gülçöhrə obrazında

Leyla xanım 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, daha sonra isə Xalq artisti fəxri adına layiq görülüb.

***

Aktrisa “Arşın mal alan”, “Bağ mövsümü”, “Cazibə qüvvəsi”, “Dantenin yubileyi”, “Dədə Qorqud”, “Gün keçdi”, “Qəm pəncərəsi”, “Qızıl qaz” filmlərinə çəkilib. Ona ən böyük məşhurluğu isə “Arşın mal alan” filmindəki Gülçöhrə və “Gün keçdi” filmindəki Əsmər obrazları gətirib.


“Gün keçdi” filmindən

“Gün keçdi” 1971-ci ildə “Gün keçdi” filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.


Xalq artisti Leyla Şıxlinskaya

Deyilənə görə Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu “Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
“Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.

***

Leyla Şıxlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini general Əzizağa Şıxlinski ilə qohumluq əlaqələrinin olduğu da deyilir. Aktrisa özü bu barədə açıqlama verərkən bildirib ki, müəyyən qohumluq əlaqələri olması barədə məlumat doğrudur. Və o, həm də Məşədi Əzizbəyov adına doğum evinin qurucusu Mustafa bəy Hacıqasımovun nəvəsidir.


“Qırmızı və qara” filmindən kadr

Valideynlərinin hər ikisi ilə yaxşı münasibətləri olan aktrisa onların mühafizəkarlığı barədə müsahibələrinin birində deyir:
“Anam uşaqlara qarşı sərt idi. O, ədəb, gözəl davranış qaydaları kimi anlayışlara çox diqqət yetirirdi. Atam çox mühafizəkar idi və bəzən onunla mübahisə edirdik. Belə mübahisələrin nəticəsi olaraq mən anamın soyadını daşımalı oldum. Atam qəti şəkildə mənim xoreoqrafiya məktəbində oxumağıma qarşı çıxırdı. O, həmişə deyirdi:
“İdmana həvəs göstərsən, yaxşı olar”.
Kolleci bitirib rəqqasə ixtisası alanda atamla dalaşdıq. Atam deyirdi ki, mənə rəqqasə qız lazım deyil. Bu peşə onun soyadını rüsvay edəcək. Anam atamın mənə dediyi bu sözləri öyrənəndən sonra mənim soyadımı dəyişdirdi və mənə öz soyadını verməli oldu”.


Xalq artisti Leyla Şıxlinskaya və Röya

Bir müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino yaradıcılığı haqqında belə deyir:
“Sonralar kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər, amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs deyirdim”.

***

Aktrisa 1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı Jaila və oğlu Filip.

***

Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib. 2002-ci ildə “Humay” mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin birinin rəhbəri kimi fəaliyyət göstərir.


Xalq artisti Leyla Şıxlinskya

Aktrisa dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin birində belə cavab verib:
“Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”.

Xalq artisti müəyyən dövrlərdə Azərbaycan aktrisaları Amaliya Pənahova və Həmidə Ömərova ilə qalmaqal da yaşayıb. Müsahibələrinin birində “Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm” fikrini səsləndirib. Daha sonra isə Amaliya Pənahovanın “Gün keçdi” filmində onun Əsmər obrazını səsləndirməsini bəyənmədiyini vurğulayıb:
“Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir… Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.

Aktrisa hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan qalması ilə bağlı verilən suallara belə cavab verib:
“Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməliyyat etmisiz, yaxşı etmisiz!”. /kulis.az

Tacxeber.az

Oxşar xəbərlər