• 26 Dekabr 2024 20:28

“Xocalı geri alınana kimi siqaret çəkəcəyəm” – Tahir Kərimli

“Bəli, demişdim ki, Xocalı geri alınana kimi siqaret çəkəcəyəm. Təəssüf ki, Xocalı hələ alınmayıb. Orada rus sülhməramlıları dayanıblar. Vaxtilə Xocalı elə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bizdən alınmışdı. Doğrudur, siqareti ciyərlərimə çəkə bilmirəm. Bəzən də yadımdan çıxır ki, siqaret çəkməli idim. Məndə siqaret çəkmək ənənəsi, siqaretə meyil yoxdur. Ona görə də hərdən unuduram. Dərhal yadıma düşən kimi andıma sadiq qalaraq siqareti çəkməyə davam edirəm…”

Tacxeber.az  xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, Xocalının rus sülhməramlılarının nəzarətində olmasını təhqirlə qarşılayır: “O vaxt Xocalı işğal edilən zaman dərhal Ağdama yola düşdüm. Tamerlan Qarayev Uzundərədə idi, onunla görüşdüm. Sonra Qatır Məmmədin oğlu, Milli Qəhrəman Canpolad Rzayevin yasında iştirak etdim. O vaxt qərargah gülləbaran olmuşdu, qərargahdan prezidentlə danışa bilmədim. Ancaq daxili işlər naziri Tofiq Kərimovla danışdım, çox ağır sözlər dedim. Xüsusən cəmi iki nəfərin öldüyü ilə bağlı yalan məlumatın yayılmasına görə… Xalqı bilərəkdən, ya da məlumatsızlıqdan aldatmışdılar. O zaman Qarabağın Həcəri adlanan Səbirə Mahmudova da mənimlə idi, müşaiyət edirdi. Biz çox yerlərə getdik. Şellidə rus polkovniki kənardan atəş açırdı, heç Xocalıya da düşmürdü. Özü də içkili idi. Onunla da böyük mübahisəmiz düşmüşdü. Ona o qədər pul verirdik, çünki həmin vaxt bizim mütəxəssislərimiz yox idi. Şükürlər olsun, indi bütün sahələrdə yüksək səviyyəli mütəxəssislərimiz var. Xocalı hökmən alınacaq, inanıram. Necə ki, Laçın gözləniləndən də 1 il tez azad olundu, Xocalı da mütləq azad olunacaq. Buna heç kim heç vaxt şübhə etməsin. Xocalıda Allahın izni ilə olduqca gözəl şəhər salacağıq, düşmənlərə göz dağı olacaq. Dostlar çox sevinəcəklər”.

T.Kərimli gənclərin siqaretdən uzaq durmalarını məsləhət görüb: “Mən siqaret çəkirəmsə, bu, o demək deyil ki, gənclərimiz siqaretə meyil etsinlər. Heç vaxt gənclərə siqaret çəkməyi məsləhət bilmərəm. Hətta siqaret çəkənlərin bir çoxu sonradan bəzən narkotikə də aludə olurlar. Tibbi cəhətdən çox qorxulu, ziyanlıdır. Məndə başqadır… Necə ki, “Xocalı 366” deyirik, mənim özümün də 66 yaşım var. Allahın izni ilə mütləq siqareti tərgidəcəyəm. Andıma görə çəkirəm, zərurətdən yox. Cavanlarımız siqaretə heç vaxt yaxın durmasınlar. Açıq deyim, hətta spirtli içki hardasa normada içilsə, xeyiri var, amma siqaretin çətin bir şeyə xeyri olsun…”

Tacxeber.az

Oxşar xəbərlər