• 22 Dekabr 2024 10:31

Zaxarova yenə Brüssel görüşünü “hədəf aldı”

Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə qısqanc yanaşır, hesab edir ki, Avropa Birliyi Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq istəyir.

Tacxeber.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı Rusiyanın mövqeyini şərh edərkən deyib.

O bildirib ki, görüş başlamadan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova artıq “sözünü dedi”:

“Zaxarovanın sözlərinə görə, AB Cənubi Qafqazda geostrateji ambisiyalardan (guya Kremlin məqsədi fərqlidir) çıxış edir: “Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi konkret nəticəyə köklənib. Brüsselin məqsədi isə problemləri həll etmək deyil, Rusiyanın qabaqlamaqdır. AB “psevdo təşəbbüslərlə” çıxış edir”.

İlham Əliyevin Nikol Paşinyanla Brüsseldə bundan əvvəlki görüşü mayın 22-də baş tutmuşdu. Mariya Zaxarova həmin tarixdə də eyni sözləri deyib: “Avropa Birliyinin Cənubi Qafqazda fəallığı geosiyasi ambisiyalarla əlaqəlidir. AB-nin real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur. Bu, avropalıların “psevdo təşəbbüsü”dür. Bunlar daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, hansı ki, bunun altında heç nə yoxdur”.

Göründüyü kimi, Mariya Zaxarova hər dəfə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən əvvəl və ya sonra eyni açıqlamanı səsləndirir. Həmin açıqlamalarda eyni sözlər yer alıb: “psevdo təşəbbüslər”, “Rusiyanı qabaqlamaq istəyirlər”, “Avropa Birliyinin ambisiyaları”, “Brüsselin məqsədi fərqlidir”. Bu o deməkdir ki, liderlərin Brüsseldə ilk görüşündən sonra Mariya Zaxarova patronu Sergey Lavrovun tezisləri əsasında mətn hazırlayıb və həmin mətni heç bir dəyişiklik etmədən hər dəfə təkrarlayır. Bu mətn Brüsseli hədəf alsa da, Azərbaycan və Ermənistana da bu şəkildə mesaj xarakteri daşıyır: “Əsas vasitəçi Moskvadır, Brüsselə inanmayın, bizimlə ortaq hərəkət edin”.

Tacxeber.az

Oxşar xəbərlər