• 22 May 2024 05:34

“Transfer etməməyimiz o demək deyil ki, qrupa ümidsiz gedirik” – Qurban Qurbanov

“Vacib 3 xal qazandıq. Mən həmişə bildirmişəm ki, Qəbələdə oynamaq asan deyil. Öz proqramımız üzrə hazırlaşırdıq. Demək olar ki, hər şey istədiyimiz kimi alındı. Vacib 3 xal qazandıq. “Kəpəz”ə uğurlar arzulayıram”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turunda bu gün “Kəpəz”ə qalib gəldikləri səfər matçından (1:0) sonra mətbuat konfransında deyib.

 

– Transfer pəncərəsinin bağlanmasına saatlar qalıb. Bu müddətdə transfer gözlənilir?

 

– Yox. Hələ ki, alınmadı

 

– Belə görünür ki, “Qarabağ”ın Avropa Liqasında əsas qol ümidi Kvabena Ovusu olacaq. Ovusu bu gün Premyer Liqada ən çox qol buraxan “Kəpəz”lə oyunda epizodları dəyərləndirə bilmədi. Ondan avroliqada nə gözləmək olar?

 

– Belə tez neqativ yanaşmaq lazım deyil. Bizim gedən oyunçularımız çox olub. Amma uğurları qorumağa çalışmışıq. Keçən ilə baxsaq, görərik ki, qrup mərhələsinə qədər hücumçumuz təkcə Ramil Şeydayev idi və biz qrupa düşdük. Hazırda hücum xəttində Ramil, Ovusu, gənc Musa da var. Məni tənqid edirlər ki, Musanı da meydana burax. Çalışırıq ki, hər şeyi düzgün edək. Belə halla heç vaxt üzləşməmişdik. Hansı ki, transfer pəncərəsinin bağlanmasına üç gün qalmış hücumçumuzu ölkə xaricinə verdik, özü də tanınmış, yüz illərlə tarixi olan komandaya. Belə transferlər olanda bizim çempionata diqqət artır, maraq oyanır. Peşəkar olaraq öz işimizi görməyə çalışırıq. Son bir ayda transfer bazarında aktiv çalışırdıq. Sadəcə olaraq tam istədiklərimizi əldə edə bilmədik. Bu gün oyuna gələnə kimi də transfer məsələləri ilə məşğul olurdum. Hətta son dəqiqələrə kimi oyunçuya baxırdım, danışıqlar aparırdım. Alınmadı. Bu, o demək deyil ki, biz qrupa ümidsiz gedirik. Azarkeşərimizi sevindirmək hər rəqibə qarşı məksimum mübarizə aparmaq üçün çalışacağıq. Heyətdə rotasiyalara gedəcəyik. Bu gün neqativ yanaşsaq, futbolçular inamsız ola bilər. Əlimdə olan futbolçulara güvənirəm. İki mövqeyə transfer istəyirdim, alınmadı. Ola bilər qışda alınsın, olmasa gələn yayda. Ümumən düşünürəm ki, Vadjinin transferi Azərbaycana marağı yüksəldəcək.

 

– Futbolçularınız çox rahat idi, sanki oyuna köklənməmişdilər. Siz necə düşünürsüz?

 

– Futbol çox gərgin oyundur. İnsan ilboyu özünü sağlam, gümrah hiss edə bilməz. Özünüz gördüz ki, son iki ayda “Qarabağ” olaraq hansı futbolçular hansı ağır yükü daşıyıb. Son mövsüm bitəndən sonra demək olar ki, istirahət etməyə vaxtımız olmadı. Çünki Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlamışdıq. Qrupa kimi olan mikrotsikli bir mövsüm kimi hesab edirəm. Bu, heç də asan deyil. 4 komandaya qarşı 8 oyunumuz oldu. Bütün oyunlar gərgin keçdi, asan matç olmadı. İki ay ərzində hər gün rəqibi, oyunu fikirləşirdik. Buna baxmayaraq, bu gün xeyli qol epizodumuz oldu. Mənim təcrübəm bu cür oyunları görüb. Belə suallar hərdən olur. İnanın ki, bu gün komandam qalib gəlməyi çox istəyirdi. Mən futbolçuları çox gözəl başa düşürəm. İlboyu eyni tempdə, eyni sürətdə oynamaq heç də asan deyil.

 

– Bu gün Şahruddin Məhəmmədəliyevə çox da iş düşmədi. Çox vaxt cərimə meydançasındən kənarda dayanırdı. Sizdə bir narahatlıq olmadı ki, birdən “Kəpəz”in futbolçuları uzaqdan zərbə vurarlar?

 

– Məncə, Şahruddinin səhvi sizin düşündüyünüz dərəcədə deyil. Bu gün bizim komanda rəqibin cərimə meydançasının yanında idi. Şahruddinin orada oynamağı da oyuna görədir. Bu gün biz çalışırıq ki, oyunumuzu maksimum rəqibin zonasında quraq. Belə olan halda bir-birimizdən çox da aralanmalı deyilik. Belə qollar, qapıçı səhvləri dünya futbolunda heç də az olmayıb. Bir səhvi çox hallandıranda insanda ümidsizlik olacaq. Mənim üzərimə də bu qədər gəlinir. Çünki baş məşqçi mənəm. Hər şeyi düzgün etməyə çalışırıq. Hər səhvə görə futbolçumuzu göndərsək, kollektivimiz dağıla bilər. Mənim üçün kollektiv, ürəyini qoyan insanlar çox önəmlidir. Futbolçularımın hər birinə güvənirəm. /qol.az

Tacxeber.az

Oxşar xəbərlər