• 23 Noyabr 2024 07:37

Ukraynalı tarzən Polina: “Konsertdə mən tarda, yapon musiqiçi sazda ifa etdi…”

“Azərbaycan muğamı mənim üçün duadır”.

 Bu sözləri Publika.az– a özəl müsahibəsində Yaponiyanın Vaseda Universitetinin müəllimi, Ukrayna əsilli tarzən Polina Desyatniçenko söyləyib.

– Polina xanım, ilk dəfə Azərbayan musiqisini nə vaxt eşitmisiniz?

– Kanadanın “İpək yolu” kamera orkestrində ifa edirdim. Orkestrə Toronto şəhərində yaşayan İsmayıl Hacıyev rəhbərlik edirdi. Həmin konsertə azərbaycanlı musiqiçilər də qonaq gəlmişdilər. Güllü Muradova, Sahib Paşazadə və Munis Şərifovun triosu da iştirakçılar arasında idi. Orada ilk dəfə muğam eşitdim və aşiq oldum. Anladım ki, Azərbaycan muğamını tədqiq etmək istəyirəm. Doktorantura təhsilimə davam etdim və bu mövzuda dissertasiya işi yazdım. Harvard Universitetində tədqiqatlar apardım. Bir sıra elmi məqaləm işıq üzü gördü. İndi də pedaqoji fəaliyyətlimlə yanaşı, həm də muğam, tar ifası ilə maraqlanıram. Bu folklor növünü tədqiq etməklə məşğulam.

Мне выпала честь находиться в Азербайджане в это историческое время.  Интервью с Полиной Десятниченко

– Azərbaycana tez-tez gəlirsiniz?

– İmkan yaranan kimi Azərbaycana gəlirəm. Bəxtim gətirib ki, ildə iki dəfə çalışdığım Tokio universitetində tətil olur. Azərbaycana gələndə də boş durmuram. Tədqiq etdiyim mövzular üzrə daha geniş araşdırma aparıb, dəyərli sənətkarlarla görüşürəm. Kitabxanalara, arxivlərə gedirəm.

– Polina, uzun müddətdir ki, tarda ifa etməyi də öyrənirsiniz. Tara sevginiz necə yaranıb?

– Ümumiyyətlə, muğam həyatımı dəyişib. Bu musiqinin böyük gücü var. Ona toxunan, anlamağa çalışan hər kəsin həyatını gözəlləşdirir. Mənim üçün muğam duadır. Dinləyəndə həyatın, məqsədlərin, sevgin barədə düşünürsən. Dərin mənasına təmas edirsən. Muğam tək peşə yox, həyatımın özəyidi, bünövrəsidir. Uzun illərdir tarda ifa edirəm. Hazırda müəllimlərim Vamiq Məmmədəliyev və Elxan Mansurovdur. Bəli, onların tar məktəbləri bir-birindən fərqlənir, lakin hər ikisindən ən incə məqamları öyrənirəm.

– Əslən ukraynalı olduğunuzu bilirəm. Amma Kanadada böyümüsünüz. İndi də Yaponiyada fəaliyyət göstərirsiniz.

– Bəli. Belqradda doğulmuşam. Atam ukraynalıdr. Hələ uşaq ikən Kanadaya mühacirət etdik. Hazırda Yaponiyanın Vaseda universitetində etnomusiqişünaslıq və antrapalogiya musiqişünaslığı ixtisaslarını tədris edirəm. Əslində bu ixtisas bütün xalqların musiqi tarixini öyrədir, amma mən əsas diqqətimi Azərbaycan musiqisinə, mədəniyyətinə və tarına yönəldirəm. 2013-ci ildən etibarən sırf bu istiqaməti tədqiq edirəm.

Humayun by Polina Dessiatnitchenko - YouTube

– Yaponiya bizim üçün sehrli bir ölkədir. Bəlkə də yanılırıq…

– Yaponiya çox maraqlı ölkədir. Gəzməli, görməli yerləri çoxdur. Mədəniyyəti, tarixi olduqca zəngindir. Təbii ki, yeməkləri də dadlıdır. Suşini bütün dünya sevir. Bundan başqa çiy və bişmiş halda yeyilən çoxlu balıq yeməkləri də var. Şəhərləri arasında xüsusilə Tokio maraqlı və rəngarəngdir. Bu şəhərin 15 milyon əhalisi var. Gəzdikcə gəzmək istəyirsən. Məbədləri çoxdur. Əslində düşünürəm ki, Yaponiya ilə Azərbaycan arasında bənzərlik var. Həm zəngin mədəniyyət, həm milli adət-ənənəyə bağlılıq sizin xalqları birləşdirir. Onlar mentalitetlərinə sadiqdirlər. Həm qloballaşmağı, həm tarixlərini qorumağı bacarırlar. Yapon musiqisini də araşdırıram. Onların şamisen adlı musiqi aləti var. Bu alət tara çox bənzəyir. Bir neçə aydır şamiseni də ifa etməyi öyrənirəm. Amma təbii ki, muğamla yapon musiqisi bir-birindən fərqlənir. Məsələn, muğamda daha çox emosionallıq, coşqu və intensivlik var. Yapon musiqisi isə sakit, emosiyadan uzaqdır. Amma istənilən halda folklor ən qiymətli mirasdır. Xüsusi bir bənzərliyi də odur ki, hər iki xalqın musiqisi dərin və fəlsəfidir. Azərbaycan dilində təfəkkür ifadəsi var. Bu anlayış yapon musiqisinə də aiddir. Hər cümlədən sonra fasilələr, düşündürücü məqamlar çoxdur.

– Əminik ki, yaponları gənc və gümrah saxlayan səbəb təkcə musiqiləri deyil.

– Əslində səbəb çoxdur. Mən sizə birini deyəcəm. Yaponiyada onsen hamamları var. Hovuzların çoxu küçələrdə yerləşir. Buradakı sular yerin dərin qatlarından gəlir və çox isti olur. Yaponların uzunömürlü olmasının əsas səbəbi hər həftə o hovuzlarda çimmələridir.

– Yaponiya və Azərbaycan musiqisinin vəhdətindən yaranan bir konsert təşkil etməyi düşünürsünüz?

– Əlbəttə düşünürəm. Sizə maraqlı bir məqam da bildirim ki, yapon musiqiçilər arasında muğam ifa edənlər az deyil. Onlar muğamı çox gözəl duya bilirlər. Hətta bir dəfə universitetdə Azərbaycan musiqisinə həsr olunmuş konsert təşkil etmişdik. Həmin konsertdə mən tarda, yapon musiqiçi isə sazda ifa edirdik. “Sarı gəlin”, “Ay laçın” mahnılarını da zövqlə səsləndirmişdik.

Украинка из Канады покоряет исполнением азербайджанской музыки! Интервью с  Полиной Десятниченко (ВИДЕО/ФОТО)

– Oxucularımıza nə demək istərdiniz?

– Rusiyada doğulub, Kanadada, Yaponiyada yaşamışam. Amma Azərbaycan xalqındakı qonaqpərvərliyə heç yerdə rast gəlməmişəm. Azərbaycanlıları çox sevirəm. İstər müəllimlərim olsun, istər dostlarım, tanımadığım insanlar hər biri həmişə köməyimə çatıb. Ədəbiyyat, musiqi kimi nadir incilərin məskəninə daim çiçəklənməyi arzu edirəm. Seyid Əzim Şirvani deyir ki:

Demirəm, nis ya müsəlman ol,

Hər nə olsan, get, əhli-ürfan ol.

Özümü bu ölkədə heç vaxt yad hiss etməmişəm. Tolerantlığınız, multikulturallığınız üçün hamınıza minnətdaram.

Leyla Sarabi

Tacxeber.az

Oxşar xəbərlər