• 22 Noyabr 2024 17:54

Kuşner Ərdoğandan yazdı: Çox inadkardır!

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner “Tarixi qıran” (Breaking History) kitabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə də yer verib.

Tacxeber.az xəbər verir ki, Kuşner vaxtilə Ərdoğanla Prezident sarayında görüşməsindən bəhs edib.

“Ərdoğana sülh planımızdan (İsrail-Fələstin) danışdım. Görüşümüz yaxşı keçmədi, ancaq əksini də düşünməmişdim”, – o yazıb.

Kuşner daha sonra Ərdoğanla ticari əlaqələri müzakirə etdiklərini və əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə dövlət başçısının ona təşəkkür etdiyini qeyd edib:

“Daha sonra kürəkəni olan maliyə naziri Barat Albayrağa baxdı və müşavirlərin bəzən prezidentləri məyus etdiklərini, ancaq kürəkənlərin bunu etməyəcəyini bildirdi”.

2019-cu ilin oktyabrında Trampın Türkiyə iqtisadiyyatını “məhv edəcəyi ilə” hədələdiyini, Ərdoğanın isə buna məhəl qoymadığını deyən Kuşner gərginlikdən sonra vitse-prezident Mayk Pensin Türkiyəyə səfərindən də danışıb:

“Pens Türkiyəyə getməzdən əvvəl ofisimə gəldi. Mən Ərdoğanla bir neçə dəfə görüşmüşdüm və Pens onunla necə davranmaq barədə məsləhət istədi. “Sizin mənim məsləhətimə ehtiyacınız yoxdur, amma mənim təcrübəmə əsasən, o, sizə hər şeyi izah edəcək. Üz-üzə oturduğunuz zaman bütün çətinlikləri sizə danışacaq. O, Trampla münasibətini yüksək qiymətləndirir, sizin uğur əldə etməyiniz Trampın atəşkəs planının ciddiyyətini nə dərəcədə ona çatdırmağınızdan asılıdır. Ərdoğan çox inadkardır. Bunu necə həll edəcəyinizi bilmirəm, amma sizi buradan dəstəkləyəcəm”, – Pensə dedim”.

Tacxeber.az

Oxşar xəbərlər