• 23 Noyabr 2024 05:03

Mirzoyan həyasızlığı və “işğal siyasəti”nə uğursuz cəhd

Mirzoyan həyasızlığı və “işğal siyasəti”nə uğursuz cəhd

Ermənistan Azərbaycanın iki ölkə arasında sülh əldə etmək niyyətinə şübhə ilə yanaşır

Tacxeber.az xəbər verir ki, belə bir iddialı sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan avqustun 31-də Brüsseldə Əliyev-Mişel-Paşinyan görüşü haqda qeyd edib.

Mirzoyan vurğulayıb ki, Ermənistan tərəfi üçün Azərbaycanın 2022-ci il martın 10-da təqdim etdiyi 5 bəndlik təklifdə qəbuledilməz heç nə yoxdur:

“Sadəcə, bu təkliflər Ermənistan və Azərbaycan arasında hərtərəfli sülhün bütün məsələlərinə toxunmur.

Minsk Qrupunun həmsədr ölkələrinə göndərdiyimiz cavabla biz bu gündəliyi tamamladıq və buna görə də bu əsasda sülh danışıqlarını davam etdirməyə hazırıq”.

Mirzoyanın iddiasına görə, erməni tərəfinin mövqeyi Brüsseldə bir daha səsləndirilib, Azərbaycan tərəfi isə buna əhəmiyyət vermir.

Ermənistan XİN rəhbəri daha “dərinə” gedərək, Azərbaycanı üçtərəfli sazişdən doğan öhdəliklərə əməl etməməkdə, “sülh prosesini pozmaq və güc tətbiq etmək əzmində olmaqda” “şübhəli” bilib.

Xatırladaq ki, Ermənistan Azərbaycanın təkliflərinə bir “bənd” əlavə edib, İrəvan Dağlıq Qarabağın yekun statusu məsələsi həll olunmadığını, onun erməni əhalisinin təhlükəsizliyinin təminatları, onların hüquq və azadlıqlarına hörmət nəzərə alınmaqla həll edilməli olduğunu bildirir. Əlavə olaraq isə guya Ermənistanın 1991-ci ilin dekabrında MDB-nin yaradılması haqqında sazişin birgə imzalanması ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edir.

Üçtərəfli bəyanatla bağlı da “əsirlərin qaytarılmadığı” və kommunikasiyaların açılmamasında Azərbaycan tərəfinin “şərtlərini” göstərir.

Bütün iddialarda İrəvanın növbəti həyasızlığı, sələflərinin işğalçılıq hiylələrindən əl çəkmək və sülh prosesini irəli aparmaq niyyətində olmadıqları açıq-aydın görünür.

Əvvəla, guya 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü Ermənistanın tanıdığını demək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin Azərbaycan ərazisindən kənarda tutulmasına hesablanan və 2007-ci ildə Köçəryanın hiyləgərcəsinə gündəmə gətirdiyi işğalçı siyasi manipulyasiyanın davam etdirilməsinə cəhd deməkdir.

Dərhal xatırladaq ki, Ermənistan rəhbərliyinin vaxtaşırı olaraq gündəmə gətirdiyi bu yalan, işğalçı siyasətin pərdələnməsinə cəhdin özü ən adi tənqidə dözmür. Köçəryan da, Sərkisyan da bu sözləri təkrarlayırdı, ancaq Sərkisyan 2011-ci ildən 2016-cı ilə qədər gedən danışıqlarda bu siyasətinin icrası tələbindən yayındı, Dağlıq Qarabağın ətrafında olan 7 rayonu azad etməyəcəyini bütün tərəflərə bildirdi.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa və DQMV-ni “ayrı məsələ” sayırdısa, DQMV-nin ətrafındakı 7 rayonu niyə işğalda saxlamağa davam edirdi?

İkincisi, 1991-ci ildə ləğv edilən DQMV də hər zaman Azərbaycanın ərazisi olub və Azərbaycan BMT-yə bu sərhədlər daxilində qəbul olunub. “DQMV-dən kənar Azərbaycan ərazisi” siyasi işğal əxlaqsızlığını davam etdirməyin heç bir hüquqa əsaslanmayan “yoludur”. Xüsusilə kapitulyasiyaya imza atan bir ölkənin belə əsassız iddialara düşməsi və Köçəryanın siyasətini təkrarlamağa cəhd göstərməsi qəbuledilməzdir.

Üçüncüsü, 10 noyabr bəyanatının şərtlərini icra etməyən Ermənistandır. Belə ki, erməni silahlı qüvvələrinin birlikləri rus sülhməramlıların yerləşdirilməsi ilə dərhal Azərbaycan ərazisindən çıxmalı idi. Ancaq iki ilə yaxındır ki, rus sülhməramlıları yerləşsə də, erməni qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazisindədir.

Kommunikasiyalarla bağlı da Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol Laçın yolu statusu səviyyəsində, Rusiya sərhədçilərinin qoruması altında və müdaxilə olmadan gerçəkləşməlidir. Ermənistan gah buraxılış məntəqəsi yaratmaq, gah gömrük-vergiyə cəlb etmək tələbləri ilə 10 noyabr bəyanatının bu bəndini pozmağa çalışır.

Bakıda isə əsir yoxdur – 10 noyabra, döyüşlər bitənə qədər əsir götürülənlər hamısı geri qaytarılıb. Bakıda mühakimə olunanlar müharibədən sonra, 26 noyabrdan Azərbaycan ərazisinə gələn terrorçulardır. Bu terrorçular Azərbaycanın 4 vətəndaşını qətlə yetirmişdi. Buna baxmayaraq, birbaşa teraktlarda iştirak etməyən erməni məhkumlardan bəzilərini Azərbaycan humanistlik göstərərək, artıq azad edib.

Tacxeber.az

Oxşar xəbərlər