Öskürək preparatları
Öskürək preparatları
Öskürək qoruyucu reaksiyadır. Orqanizm tənəffüs orqanlarını yoluxduran yad törədicilərdən öskürəklə azad olunur. Lakin bu o demək deyil ki, öskürəklə mübarizə aparmalı deyilik.
Öskürəyin növləri:
Öskürək fərqli olur. Simptomun davamlılığına görə ayrılır:
• Kəskin öskürək – 2 aya qədər davam edir. Kəskin öskürəyin səbəbi, adətən, kəskin respirator virus ifeksiyaları (KRVİ), allergiya və ya ağ ciyərlərə sirayət edən yad cisimlər olur.
• Xroniki öskürək – 2 aydan çox davam edir. Simptom tənəffüs orqanlarının xroniki xəstəlikləri fonunda yaranır: astma, xroniki bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və s.
Tacxeber.az ailehekimi.az-a istinadən bildirir ki, öskürək çox vaxt tənəffüs yollarında seliyin olub-olmamasına görə fərqləndirilir. Öskürəyə qarşı effektiv vasitə seçimində bu əsas meyardır və bu əlamətdən asılı olaraq öskürəyin aşağıdakı növləri olur:
• Quru (qıcıqlandırıcı və ya qeyri-produktiv). Tənəffüs yollarının qıcıqlanması ilə törənir. Çox vaxt bu cür öskürək respirator xəstəliklərin erkən mərhələsində narahat edir. Davamlı quru öskürək bədəndə əzələ ağrısı yaradır və xəstəni üzür.
• Nəm (və ya produktiv). Bu cür öskürək gur selik ifrazı ilə müşayiət olunur. Adətən, qrip, bronxit və digər respirator xəstəliklərdə quru öskürək nəmlə əvəz olunur.
Öskürəyin səbəbləri:
Öskürəyə qarşı effektiv dərman seçmək üçün simptomun səbəbini aşkar etmək lazımdır. Öskürək daha çox bu patologiyalarda narahat edir:
• soyuqdəymə və qrip;
• kəskin və xroniki sinusitlər;
• bronxit;
• pnevmoniya (ağciyərlərin iltihablaşması);
• plevrit;
• allergiya;
• bronxial astma;
• AXOX;
• ağciyər emboliyası;
• vərəm;
• ürək xəstəlikləri;
• digər səbəblər.
Preparatların təsnifatı:
Hazırda bir neçə qrup öskürək əleyhinə preparatlar mövcuddur:
• Mukolitiklər – bəlğəmi durulaşdıran dərman preparatları. Bu effekt bəlğəmin tərkibindəki mukopolisaxaridlərin parçalanması hesabına alınır. Bu təsirdən sonra seliyin özlüyü azalır və selik tənəffüs yollarından tez xaric olunur.
• Bəlğəmgətirici preparatlar – bəlğəmin həcmini artırır, onu durulaşdırır, müxtəlif stimulyasiya maddələri hesabına ağciyərlərin selikli qişasını möhtəviyyatı daha aktiv xaric etməyə vadar edir.
• Bronxolitik preparatlar – bronxların spazmını aradan qaldıran maddələrdir və yalnız həkim məsləhəti ilə qəbul olunur.
Bilmək vacibdir!
Bronxolitik vasitələrin düzgün istifadə olunmaması bronxların daralmasına və ağciyər spazmlarına səbəb ola bilər.
• Öskürək mərkəzinə təsir edən preparatlar – baş-beyni səviyyəsində öskürək refleksini yatıran mərkəzi təsirli dərmanlar. Çox vaxt quru öskürəyə qarşı istifadə edilir.
• Periferik təsirli preparatlar. Bu dərmanlar periferik sinirlərə, tənəffüs yolları reseptorlarına, iltihab mediatorlarına təsir edir.
• Kombinasiya edilmiş vasitələr – tərkibində müxtəlif farmakoloji qrupa mənsub olan təsir maddələri birləşdirilib. Misal üçün, mukolitik, bronxolitik və bəlğəmgətirici vasitələrin kombinasiyası.