• 04 Oktyabr 2024 21:56

“Azərbaycanlılar Qarabağ erməniləri üçün möhtəşəm yol çəkib” – Erməni jurnalist

“Hraparak”ın İrəvan nəşrinin jurnalisti Vaqe Makaryan Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.

O, tikintisi Azərbaycan hökuməti tərəfindən həyata keçirilən Laçından yan keçən alternativ yol ilə hərəkət edib və keyfiyyətinə heyran qalıb.

Eyni zamanda o, Ermənistan ərazisində olan yolun acınacaqlı vəziyyətini qeyd edib və bildirib ki, ermənilər bunu qaydaya salmalıdırlar.

“Cəmi iki gün sonra yeni yolu sınaqdan keçirən ilk sərnişinlər arasında idim. Birinci məntəqədə bizi qarşılayan rus sülhməramlısı gözünü qırparaq dedi ki, Laçın artıq bağlanıb, siz ermənilər üçün yeni yol çəkilib. Amma onu kim tikib, biz ermənilərə kim belə xidmət göstərib, deməyib. Bir az gedəndən sonra yeni yola çıxdıq. Bu yol rəsmi Bakı tərəfindən salınıb. Bir neçə kilometr getdikdən sonra başqa keçid məntəqəsində dayandıq.

Rusiya sülhməramlıları “Azərbaycan karvanı gəlir, 15 dəqiqə çəkəcək, gözləməliyik” deyərək yolu bağladılar. Keçid məntəqəsinin düz yanında yeni tikilmiş körpü var, onun altında azərbaycanlılar nəsə tikirlər.

…Biz irəli getdik və azərbaycanlıların çəkdiyi möhtəşəm yolun keyfiyyətinə heyran olmağa başladıq. “Mehriban” düşmənlərimiz bir neçə ay ərzində dağları şumladı, tunellər, körpülər tikdi, bütün beynəlxalq standartlara cavab verən yol çəkdi. Müəyyən bir hissədən başlayaraq yolda Azərbaycan nömrəli maşınlar da vardı və biz başa düşdük ki, ermənilər bu yolda sadəcə qonaqdırlar. Bu, bizim yol deyil, sadəcə olaraq qonşu dövlətin ermənilər üçün xoş niyyətinin təzahürüdür.

Yeni salınan alternativ yol başa çatır və biz onun erməni hissəsinə çatırıq. Təbii ki, burada təəssüratlar artıq fərqlidir. Yolun keyfiyyəti azərbaycanlıların çəkdiyi yol ilə müqayisə oluna bilməz.

Sadəcə, “Azərbaycan” yolunda biz fiziki cəhətdən yaxşı idik, amma mənəvi cəhətdən bərbad idik. Bir anlıq yadımıza düşdü ki, Ermənistan və Qarabağ hakimiyyəti (qondarma rejim) bu otuz ildə normal yollar çəkə bilərdi. Lakin indi xatırlamağın mənası yoxdur, artıq gecdir”, – V.Makaryan yazıb.

Tacxeber.az

Oxşar xəbərlər