Biz indi silah gəzdirənlərə, güc sahiblərinə boyun əyirik!
Biz indi silah gəzdirənlərə, güc sahiblərinə boyun əyirik!
Axı indi bizim ölkəmizdə Əmir Teymur yoxdur. Miranşah heç kimi tələb etmir. Amma bizim içimizdə özümüzə də aydın olmayan bir qorxu var. Bu qorxu bizim altşüurumuzda elə oturuşub ki, altı yüz ildir canımızdan çıxa bilmir. Biz biz ola bilmirik. Din xofu, Allah xofu bizi elə ağciyər edib ki, özümüz olmaq qorxusu əlimizi və qolumuzu bağlayıb. Nə dindar kimi dindadıq, nə dinsiz kimi dinsiz. Kitabın ikiqat Allah olduğunu qəbul etmək xofu bizi əsir edib. “Oxu” əmri bizim üçün sanki həbsxanadır. Oxumaq istəmirik.
Nəsimi ideologiyası ilə başladım girişi. 6 əsr keçib. “Nəsimi” filmində Şirvan şahının dediyi irad heç dəyişməyib. “Peyğəmbər övladı silah gəzdirər?!” Biz kimin övladıyıq? Biz indi silah gəzdirənlərə, güc sahiblərinə boyun əyirik. Boyunumuz əyilməkdən əyri qalıb. İndi dik boyun, düz bel yox kimidir. Hər kəs ikiqatdır. Din üçün, hakimiyyət üçün, pul üçün, sərvət üçün…
Allah hər birmizi bərabər yaratdı. Bərabərikmi?! Bərabərsizlik ideal cəmiyyətlərə xasdır. İdeal cəmiyyət olubmu, tarix boyu?! Deməli, bizim üçün ideal cəmiyyət arzusu utopiyadır. Amma niyə hər birimiz belə bir cəmiyyətin arzusunda ola-ola əks davranış sərgiləyirik. Başqa yolumuz heçmi yoxdur?! Haqq və ədalətin tərəzisi varmı? Kimdir bu tərəzinin sahibi? Allahmı? Qanmı? Qılınc gücümü?
Biz acizik!!! Nəyin haqq, nəyin ədalət olduğunu anlaya bilmirik. İndi bizim üçün ədalət odur ki, bizim üçün faydası var. Başqa tərəzimiz yoxdur axı.
Biz artıq ədalət axtarmırıq ki… Ədalət o qədər nisbi olub ki, bunu müəyyən etmək özü böyük problemdir. Bu gün bizə bəs edir. Biz müasir fəlsəfə ilə yaşayırıq: “Bu gün üçün yaşa!”. Sabah, sabah olacaq. Bu günün faydalı olması üçün can veririk, alın təri veririk. Sabah nə olacaqsa, onu sabah düşünəcəyik. Sabah isə daha rəzil olur. Sabahın bünövrəsini bu gün qoyduğumuz heç ağlımıza da gəlmir.
Nəsimi sosial şəxsiyyətdir. Həzrət Əli kimi. Onların hər ikisi bərabərlik istəyib. Bunun şərq toplumu üçün mümkünsüz olduğunu bilə-bilə bu yolda can veriblər. Onlardan bizə qalan təssüf ki, ideologiya deyil, yalnız bədiyyə olub. İndi onların həyatını öyrənib sadəcə tamaşaçı oluruq. O qədər robotlaşmışıq ki, onların fəlsəfəsini, arzu və istəklərini balaca beynimizdə analiz edib nəticə çıxara bilmirik ki, axı bu adamlar nə istəyirdi?!
“Şairin dilini bağlamaq hökmdarın acizliyidir ŞAH!”. Bu kəlmənin arxasında nə dayandığını bilirikmi?! Bu haqda romanlar yazmaq, fəlsəfi cərəyanlar yaratmaq olar. Biz buna qadirikmi?
Deyilik! Bunu min dəfə təkrar edə bilərəm. Biz, o biz deyilik!
Bizim üçün söz heç nə ifadə etmir. Şəxsiyyəti yalnız mübarizə və çətinlik formalaşdırır. Çətinlik bizi polad kimi etmədi, elastik etdi. Biz şəraitə, şərtlərə uyğun davranmağı üstün bildik. O üzdən də bu gün ölsək, sabah yoxuq. Tarixdə iz qoymaq şansımız sıfırdır. Heç Yaşbək də olmağa ümid edə bilmərik. “Kafirin” varisi olmaq ehtimalı haqda isə danışmağa dəyməz…
Ədalətsizliyə üsyan edən Nəsimi ilə nazirə mədhiyyə deyən Baba Vəziroğlu arasında hansı bərabərlik işarısi qoymaq olar?
Və sonda sual edirəm: Bu günkü şairlərlə, yazarlarla, imamlarla, axundlarla Nəsiminin zamanında olan üləmalar, din xadimləri, ictimai şəxslər arasında hansısa fərq görürsünüzmü? Nə dəyişib? Nə qədər geridə qaldığımızın fərqindəsinizmi? Bu qədər inad bizi hara aparır? Bəs, hanı sizin kəlamınızın qüdrəti?
Elnur Məmmədli