• 22 Noyabr 2024 14:54

DEPUTAT MÜƏLLİMDƏN NEÇƏ DƏFƏ ÇOX MAAŞ ALIR? – Və ya parlamentdə “yatanlar” təhsildə gecə-gündüz çalışanlardan nə qədər çox qazanır?

DEPUTAT MÜƏLLİMDƏN NEÇƏ DƏFƏ ÇOX MAAŞ ALIR? – Və ya parlamentdə “yatanlar” təhsildə gecə-gündüz çalışanlardan nə qədər çox qazanır?

Bu günlərdə Azərbaycanda məktəb direktorlarının və müəllimlərin maaşlarına artımlar edilir. Direktorların maaşları məktəbin şagird sayından, müəllimlərin isə sertifikasiya imtahanının nəticəsindən asılı olaraq artırılır.

Bu barədə Nazirlər Kabinetindən bildirilib ki, sertifikasiya imtahanı zamanı 60 sualdan 30-na düzgün cavab verən müəllimlərin vəzifə maaşları 10 faiz artacaq“Keçid balı 30-dur. 30-40 suala düzgün cavab verən müəllimlərin maaşlarına 10 faiz, 60 sualın 50-nə düzgün cavab verən müəllimlərin isə vəzifə maaşlarına 35 faiz əlavə ödəmələr olacaq. Bu, həmin müəllimlərin həyat səviyyəsini daha da yaxşılaşdıracaq”.

Ancaq maaş artımının bütün müəllimlərə şamil olunmayacağı bildirilir. Ümumtəhsil məktəblərində 2026-cı ilə qədər davam edəcək sertifikasiya imtahanında 137 min müəllimin iştirak edəcəyi və nəticəsi yaxşı olan 68 min müəllimə diferensial əməkhaqqı tətbiq ediləcəyi qeyd olunur.

Məlumat üçün qeyd edək ki, bu yaxınlarda millət vəkillərinin də vəzifə maaşları artırıldı. Belə ki,“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişikliyə əsasən, iyulun 1-dən Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artıb. Dəyişikliyə əsasən, sıravi bir deputat hər ay 2485 manat maaş və 4970 manat vəzifə maaşına əlavə alır. Hazırda bir deputatın aylıq gəliri 7455 manatdır.

Müəllimlərin aylıq qazancı nə qədərdir?

Təəssüf ki, hazırda orta məktəbdə və ya ali təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, müəllimlərin maaşı olduqca aşağıdır. Bakı Şəhəri Təhsil İdarəsindən verilən məlumata görə, 2021-2022-ci tədris ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Ancaq bu statistikanın nə dərəcədə reallığı əks etdirdiyi şübhə doğurur.

 

 

Çünki məcburi dövlət tutulmalarından sonra orta məktəblərdə çalışan müəllimlərin əksəriyyətinin orta aylıq gəlirləri 300-400 manat arası dəyişir. Ali təhsil müəssələrində çalışan müəlimlərin də orta əmək haqqı heç 1000 manatı keçmir.

Xatırladaq ki, hazırda ölkəmizdə müəllimlərin maaşı onların təhsil səviyyəsi, iş stajları və dərs saatlarına görə dəyişir. Yəni, bu gün orta məktəbdə həftədə 6 saat dərs deyən müəllimlərin orta aylıq maaşları 150 manat, 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin maaşı 310 manat, 18-24 saat aralığında dərs yükü olanların əməkhaqqı isə 755 manatdır.

Qeyd edək ki, orta məktəblərdə dərs deyən 137 min müəllimin cəmi 20 faizi dərs yükünün ağırlığına görə, digər həmkarlarından bir qədər artıq maaş alır.

 

 

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycanda müəllimlərin maaşı aşağıdır: “Bu gün Azərbaycanda təhsil istənilən səviyyədə deyil. Hesab edirəm ki, bu sahədə ciddi islahatların keçirilməsinə böyük ehtiyac var. Hazırda müəllimlərin maaşı azdır. Bu səbəbdən də onlar keyfiyyətli təhsil verə bilmirlər. Məktəblərdə istənilən səviyyədə dərs keçməyən müəllimlər, şagirdləri ödənişli şəkildə repetitor təhsilinə cəlb etməyə çalışırlar. Sanki Azərbaycanda repetitor hazırlığının məcburetmə sistemi formalaşdırılıb”.

“Hökumət müəllimlərə aşağı maaş verir. Özəl məktəblərdə müəllimlərin maaşları yüksək olsa da, istənilən səviyyədə deyil. Bu gün repetitorluqla məşğul olan müəllimlər real gəlirlərini vergidən gizlədirlər. Hesab edirəm ki, repetitorluq fəaliyyətinin vergiyə cəlb olunaraq nəzarət altına alınmasına, təhsil sektrounda müəllimlərin maaşlarının artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük ehtiyac var”, – deyə ekspert bildirib.

Susaraq pul qazanan deputatlar…

Hazırda Milli Məclisdə elə deputatlar var ki, bir çoxları nə onların adını bilir, nə də simalarından xəbardardır. Ancaq bu deputatlar hər ay dövlətin onlara təyin etdiyi maaşı, necə deyərlər, susaraq qazanmağı çox yaxşı bacarırlar. Məsələn, Vasif Talıbov, Mixail Zabelin, Oqtay Əsədov, Madər Musayev, Sabir Hacıyev, Anatoliy Rafailov, Ağalar Vəliyev, Əliabbas Salahzadə və başqaları, ümumiyyətlə, 2020-2021-ci illər ərzində bir dəfə olsun belə Milli Məclisdə çıxış etmədikləri, təklif, fikir irəli sürmədikləri halda yüksək maaşlarını alıblar…

Onu da qeyd edək ki, Milli Məclisdə 5-10 deputatı çıxmaq şərti ilə digər millət vəkillərinin fəaliyyəti yuxarıda adıçəkilənlərdən heç də fərqlənmir. Onlar da heç vaxt danışmayan həmkarları kimi, 2-3 jurnalistin sualını cavablandıraraq həmin ili başa vurublar. Parlamentin iclaslarında mürgüləyənlər də az deyil…

Danışanların da çoxunun ağıllı nəsə deməsinə, millətin xeyrinə hansısa təklif verməsinə rast gəlinmir… Bununla belə nə onlar sertifikasiya prosesinə cəlb edilir, nə də diferensial əmək haqqı sistemi tətbiq edilən müəllimlər, alimlər kimi gecə-gündüz işləməyə məcbur edilirlər..

Digər ölkələrdə vəziyyət necədir?

Qeyd edək ki, bütün dünya ölkələrində millət vəkilləri müəllimlərdən daha çox qazanır. Ancaq məsələ burasındadır ki, bu ölkələrdə müəllim və millət vəkilinin gəlirləri arasında Azərbaycanda olduğu kimi “uçurum” fərqlər yoxdur.

Fərqi daha aydın anlamaq üçün bəzi ölkələrdə çalışan orta məktəb müəllimlərinin və millət vəkillərinin aylıq gəlirlərini oxuculara təqdim edirik:

                   Müəllimin maaşı          Millət vəkilinin maaşı

  1. Yaponiya      8806 m            x4                38921 m
  2. İrlandiya       9232 m            x1,6             15341 m
  3. Kanada        9232 m            x1,3             12287 m
  4. Niderland     9375 m            x1,6             15273 m
  5. Avstriya        9375 m            x,1,8            17046 m
  6. ABŞ             9516 m             x2,5             24717 m
  7. Almaniya     10653 m           x1,5             16971 m
  8. Türkiyə         800-1081 m     x2,8-3,5       2801 m
  9. Gürcüstan     935 m             x2,7             2585 m
  10. Ermənistan   250-285 m      x8,3-9,5       2391 m
  11. Rusiya          1290 m           x18,1            23475 m
  12. Azərbaycan  400 m            x18,6            7455 m

Statistikadan da məlum olduğu kimi, İnkişaf Etmiş Ölkələrin əksəriyyətində və qonşu dövlətlərin bir çoxunda müəllimin və millət vəkilinin maaşı arasında fərq 1,5-2 dəfədən çox deyil. Azərbaycanda isə millət vəkilinin qazancı müəllimin maaşını 18,6 dəfə üstələyir. Xatırladaq ki, 2018-ci ildə bu fərq 10 dəfə idi.

Millət vəkili Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, bu cür fərqin olması normal deyil: “Əslində burada kiminsə maaşını endirməkdən daha çox müəllimin maaşını artırmaq lazımdır. Ölkəmizdə kifayət qədər resurslar var. Bu resurslardan istifadə etsək, mənasız sahələrə xərclənən vəsaitləri azaltsaq, bir sıra şişirdilmiş iş yerlərini ixtisara salsaq, müxtəlif lahiyələrdən gələn vəsaiti əmək haqqı fonduna yönəltsək, təhsilin keyfiyyətini və müəllimin maaşını artırmış olarıq”.

Deputat qeyd edib ki, müəllimlərin maaşı 3-4 dəfə artırılmalıdır: “Normal orta məktəbdə çalışan bir müəllim minumum 1500 manat maaş almalıdır. Deputatın, məmurun maaşını azaltdıqca bu, müəyyən dərəcədə iş keyfiyyətinə mənfi təsir edir. Belə götürsək, hakimin də maaşı yüksəkdir. İngiltərədə hakimə maaş verilmir. Kart verirlər və deyirlər ki, “istədiyin qədər pul xərcləyə bilərsən”. Ancaq bir şərtlə ki, rüşvət almaq olmaz. Maaşlar azalanda rüşvətə, qeyri-qanuni yollarla qazanılan vəsaitlərə şərait yaranır. Biz elə etməliyik ki, bütövlükdə sistemli bir balans yaransın. Bu baxımdan başqasının maaşını azaltmaqla, yalnız rüşvəti, korrupsiyanı artırmış olacayıq”.

“Əslində deputatların maaşında ciddi bir artım baş vermədi. Əvvəl dağınıq formada müavinət, ezamiyyət və maaş var idi. Artıq müavinət və ezamiyyət yoxdur, əvəzində bütöv maaş var. Həmin vəsait bir ad altında getdiyi üçün bu, çox görünə bilər. Nəzərə almalıyıq ki, deputatın maaşı azalsa, gərək o, rayonla olan əlaqəsini tam kəssin. Bildiyimiz kimi, deputatlar hər həftə rayonlara gedirlər və seçicilərlə görüşürlər. Bunun üçün yol, qonaqlama, seçicilərin problemləri və müxtəlif məsələlərə vəsait lazım olur. Bütün bu xərclər deputatın maaşı hesabına ödənilir. Hesab edirəm ki, problemə doğru iqtisadi anlayışla yanaşsaq, bu məsələni həll etmək çox asandır”, – deyə, deputat bildirib.

 


Millət vəkili Ceyhun Məmmədov isə “AzPolitika.info”-ya bildirib ki, deputatların maaşının nə qədər artırıldığı hələ məlum deyil: “Bu barədə mətbuatda müxtəlif informasiyalar səsləndirilsə də, dəqiq məlumat yoxdur. Açığı maaşların nə qədər olacağını bilmirəm. Ona görə də sizin sualınıza hazırda cavab verə bilməyəcəm. İyulun birindən qanun qüvvəyə minib. Ancaq biz məzuniyyətdə oluğumuz üçün hələ bu pulu almamışıq. Artımın nə qədər olduğu sentyabrda ödəniləcək maaşdan sonra bilinəcək. Bu məbləğ dəqiqləşəndən sonra sözügedən mövzunu müzakirə edə bilərik”.

Qeyd etmək lazımdır ki, istənilən cəmiyyətin inkişafı təhsildən, ilk növbədə isə onun bünövrəsi olan orta təhsildən və, əlbəttə ki, müəllimlərindən asılıdır. Bu gün il ərzində bir dəfə də olsun Milli Məclisdə danışmayan, ağzına su alıb oturan deputata 7-8 min manat, auditoiyalarda hər həftə 16-17 saat dərs deyən müəllimə isə 300-400 manat maaş verilirsə, deməli, ölkədə müəllimə yetəri qədər diqqət və qayğı göstərilmir. Ümid edirik ki, müvafiq qrumlar gələcəkdə bu cür qeyri-müəyyən maaş bölgüləri ilə bağlı tədbir görəcəklər. 

Sonda isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məşhur ifadəsi ilə məqaləni yekunlaşdırmaq istəyirik.

1930-cu ildə Türkiyədə maaşlar müəyyənləşdirilərkən, məmurlardan biri Atatürkə belə bir sual verir: “Paşam, millət vəkillərinin maaşını müəyyən edirik, nə qədər olsun?”.  Atatürkün isə həmin məmura cavabı bu cür olur: “Müəllimlərin maaşını keçməsin”.

Hər halda böyük Atatürkün bu cavabı ətrafında düşünməyə dəyər…

Elvin Bəyməmmədli

Tacxeber.az

Oxşar xəbərlər