• 27 Dekabr 2024 02:03

DTX-nin qadın “mayor”undan şok əməl: “Onu qaynımın evinə apardım…” – Təfərrüat

Tacxeber.az    Teleqraf.com-a istinadən bildirir ki, Elnarə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnarə ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, daimi iş yeri olmayıb: “Pandemiya dövründən əvvəl Bakı şəhərində restoran icarəyə götürərək işlətmişəm. 2008-ci ildə rəsmi qaydada ailə qurmuşam. Həmin nikahdan 2 övladım dünyaya gəlib. 2016-cı ildə rəsmi qaydada ərimdən boşanmışam”.

“2000 manat istədi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin iyulunda tanışı Rəna adlı xanım ona zəng edib və nəvəsi Nadirin dostu üçün vəkil lazım olduğunu, Nadirin özünün ona zəng edib bu barədə ətraflı məlumat verəcəyini bildirib, onlara kömək etməyini xahiş edib:

“Bir qədər sonra Nadir zəng edərək dostu Elşən adlı şəxsin narkotik vasitələrin qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasına keçirən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olunduğunu, onun həbsdən azad edilməsi üçün köməklik göstərməyimi xahiş etdi. Bundan sonra tanışım Füzuli adlı şəxslə məsləhətləşərək Nadirin dostu Elşənə necə köməklik edə biləcəyimi dedim. Füzuli Pərviz adlı vəkil tanışının olduğunu dedi.

Füzuli Pərvizə zəng etdi, bu barədə məlumat verdikdən sonra onu oturduğumuz restorana dəvət elədi. Həmin vaxt biz Çobanzadə küçəsində yerləşən “Cənnət” adlı restoranda əyləşmişdik. Pərviz həmin restorana gəldi, bizimlə yemək yedi, söhbətləşdik.

Pərvizə Elşənin işi barədə məlumat verdim, vəkil lazım olduğunu dedim. Pərviz təklifimlə razılaşdı və bu işin görülməsi üçün 2000 manat istədi”.

“Restoranda görüşdük”

Elnarə qeyd edib ki, bundan sonra Elşənin atası Mirzəcana zəng edib və vəkilin 2000 manat istədiyini deyib: “Mirzəcan da həmin məbləğlə razılaşdı. Bundan sonra Mirzəcanın digər oğlu Elcana zəng etdim, Bakı şəhərinə gələrək vəkillə müqavilə bağlamaq lazım olduğunun dedim və səhəri gün Elcan Bakı şəhərinə gəldi. Elcan ilə birlikdə Pərvizin iş yeri olan “Niel” şadlıq sarayının qarşısında yerləşən, adını və nömrəsini bilmədiyim Vəkil Bürosuna gəldik. Elcandan pulu aldım və birlikdə vəkil bürosuna keçdik. Pərvizin otağının qarşısında Elcan qapıda gözlədi. Özüm içəri keçərək 2000 manatı stolun üzərinə qoydum, Elcanın qapıda dayandığını bildirdim. Pərviz Elcanın da içəri keçməsini dedi. Elcan içəri keçdi, Pərvizlə tanış oldu və onlar aralarında müqavilə bağladılar”.

“Müstəntiqin 35 min manat istədiyini dedi”

Elnarənin sözlərinə görə, təxminən 3-4 gün sonra Pərviz ona zəng edib, müstəntiqin cinayət işindən iki maddəni götürəcəyini və işini yüngülləşdirərək Astara rayon Məhkəməsinə göndərəcəyini, orada da hörmət edildikdən sonra Elşənin azad oluna biləcəyini bildirib:

“Pərviz müstəntiqin cinayət işindən iki maddəni götürməsi üçün 35000 manat pul istədiyini, ilkin olaraq 15000 manat verilməli olduğunu dedi. Odur ki, Elşənin atası Mirzəcana zəng etdim, bu barədə məlumat verdim. Mirzəcan razılaşdı, məndən vəkilin nömrəsini aldı, özü də onunla danışdı.

Bundan sonra Mingəçevir şəhərinə gedərkən Rəna xanımla danışdım. Danışıq zamanı Rəna ilə hal-əhval tutdum, o da anamı soruşdu. Ona anamın ayağında yara olduğunu dedim.

Rəna xanım da Mingəçevirə getməzdən əvvəl Astaraya gəlməyimi, onlarda olan limondan hazırlanmış dərman məhlulunu götürərək anama aparmağımı bildirdi. Odur ki, əvvəlcə Astaraya getdim. Rəna xanım dərmanı mənə verdi, Astaraya gəlmişkən Mirzəcangilə getməyimi, onlarla tanış olmağımı, Mirzəcanın da məni qonaq etmək istədiyini bildirdi”.

“Vəkil pulu tam götürmək istədiyini söylədi”

Elnarə qeyd edib ki, Mirzəcangilin evində qonaq olub: “Orada vəkilin sözünü onlara çatdırdım. Elşənin cəzasının yüngülləşdirilməsi üçün 35 min manat pul lazım olduğunu, ilkin olaraq isə 15 min manat verilməli olduğunu dedim. Mirzəcan kişi orada 6500 manat verdi.

Pulu verən zaman otaqda mənimlə Mirzəcandan başqa Nadir, Elcan və adını bilmədiyim ev sahibi, yəni Elşənin dayısı da olub. Pulu götürdükdən sonra Mingəçevirə getdim, oradan da Bakıya qayıtdım. Bakıda Pərvizlə görüşdüm, pulu ona vermək istədim. Pərviz pulun hələ məndə qalmağını, 15 min düzəldikdən sonra götürəcəyini bildirdi. Təxminən 2 gün sonra Mirzəcangil zəng edərək, əlavə də pul göndərmək istədiklərini dedi.

Odur ki, atamın adına olan bank kartının şəklini çəkərək ona atdım. Mirzəcangil 3 dəfəyə olmaq şərtilə 11700 manat göndərdilər. Pulu kartdan çıxardım. Məndə ümumi 18.200 manat pul oldu”.

“Zəminəyə 12 min verdim, özüm isə…”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Pərvizə zəng edib və pulun hazır olduğunu deyib:

“Pərviz Ucar rayonunda məhkəmədə olduğunu, sonra götürəcəyini dedi. Zəminə adlı rəfiqəmə 12 min manat lazım olduğundan, Pərvizə zəng edərək pulu nə vaxt götürəcəyini soruşdum. O, təxminən 20 gün sonra pulu götürəcəyini dedikdə 12 min manat pulu Zəminəyə verdim.

Bundan başqa Mingəçevirdə yaşadığım evin sənədini banka qoyaraq pul götürmüşdüm. Evimin sənədini geri almaq üçün və həm də 20 gün vaxtı olduğundan puldan 6200 manatı banka qoydum, evin sənədlərin götürdüm ki, onu satıb, pulu yerinə qoyaram.

Təxminən 2 gün sonra müstəntiq zəng etdi, pulu istədi. Müstəntiqə Pərvizin hələ 20 gün pulun lazım olmayacağını, ona görə pulu istifadə etdiyimi bildirdim.

Pərvizə zəng etdim, məsələni ona danışdım. O, ikimiz bir yerdə pulu çatdıracağımızı müstəntiqə deməyi tapşırdı. Pərvizə 20 gün müddətində pulun lazım olmayacağını dediyi üçün həmin puldan istifadə etdiyimi bildirdim. Bundan Mirzəcan kişi xəbər tutdu, zəng edərək pulunu tələb etdi. Ona pulu şəxsi ehtiyaclarıma xərclədiyimi bildirdim. Mirzəcan kişi məndən pulu qaytarmağımı tələb etdi. Cavabımı gözləmədən barəmdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər orqanlara çoxsaylı şikayətlər etməyə başladı”.

Elnarə qeyd edib ki, rəfiqəsi Zəminə ondan aldığı 12 min manatı qaytarmayıb: “Özüm də evimin sənədi üçün 6200 manatı banka ödəsəm də, əlavə 1500 manat da verməli olduğuma görə evin sənədini götürə bilməmişəm və evi sata bilməmişəm. Bu səbəbdən Mirzəcan kişinin pulunu qaytarmamışam”.

“Oğlumun həbsdən azad edilməsini istədik”

Cinayət işi üzrə şahid qismində ifadə verən Mirzəcanın sözlərinə görə, fərdi əməklə məşğul olub ailəsini dolandırır: “Oğlum Elşən 2020-ci ilin iyun ayının 30-da narkotik vasitələrinin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq həbs olundu.

2020-ci ilin təxminən iyul ayının ortalarından qohum və tanışlarım məndən Elşənin işini soruşmağa başladılar. Ailəlikcə oğlumun azad olmasını, övladlarına və ailəsinə qovuşmasının istədik.

Odur ki, bu sahəni bilən savadlı bir şəxslə görüşüb, məsləhət almaq istədik. Həmkəndlilərim və oğlum Elcanın sinif yoldaşı Nadirin Rəna adlı qohumunun hüquq-mühafizə orqanında çalışdığını bildik. Ondan məsləhət almaq qərarına gəldik, bu niyyətlə Elcan Nadirə zəng etdi, bizə gəlməyini xahiş etdi”.

“Məxfi işdə işlədiyini bildirdi”

Mirzəcan qeyd edib ki, təxminən 2020-ci ilin avqust ayının 28-29 tarixlərində Nadir onlara gəlib: “Məsələni ona danışdıq, oğlumun işində köməklik göstərilməsi üçün Rəna xanımdan məsləhət almaq istədiyimizi bildirdik. 2020-ci il sentyabr ayının əvvəlində Nadir bizə gəldi, Rəna xanımla danışdığını, onun Elnarə adlı bir tanışının olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifədə işlədiyini, mayor rütbəsi daşıdığını dedi. Yanmızdan Elnarənəyə zəng etdi.

Danışıq zamanı Elnarə məsələni həll edə biləcəyini, bunun üçün 25.000 manat lazım olduğunu dedi, ilkin olaraq 10.000 manat verməyimizi istədi.

Elnarədən harada işlədiyini bir daha soruşduqda, məxfi işdə çalışdığını bildirdi. Həmin vaxt telefon səs ucaldanda olduğuna görə Nadirlə yanaşı özüm də Elnarə ilə danışdım və ailə üzvlərim Elşənin azadlığa çıxması üçün deyilən məbləğlə razılaşdı”.

“Pulun topa şəkilini çəkdim”

Mirzəcanın sözlərinə görə, təxminən sentyabr ayının ilk on günlüyündə Nadir Elnarəni rayona gətirib:

“Elnarənin vəzifəli şəxs olduğunu düşündüyümüz üçün evim köhnə olduğundan onu qaynım Həmidin evində, yəni Siyaku kəndində qonaq kimi qəbul etdik. Elnarə Nadirlə birlikdə qaynımın evinə gəldi. Həmin vaxt evdə oğlum, arvadım, qayınlarım, habelə qohumum, Elşənin qaynatası Vidadi vardı.

Danışıq zamanı Elnarə bizə DTX-də yüksək vəzifədə işlədiyini, Prezident Aparatında adamı olduğunu, heç narahat olmamağımızı, 25.000 manat müqabilində Elşəni həbsdən azad etdirəcəyini, bunun üçün ilkin olaraq 10000 manat pul verməyimizi söylədi. Qeyd edilən şəxslərini iştirakı ilə ilkin olaraq ona 9000 manat verdim. Pulu verməzdən əvvəl otaqda topa halda pulun şəklini də çəkdim və ilkin araşdırma dövründə həmin şəkilləri araşdırmaya təqdim edərək izahatıma əlavə etmişəm”.

“Pulu parkda verdiyini öyrəndim”

Mirzəcanın sözlərinə görə, bundan sonra təxminən sentyabr ayının ortalarına yaxın Elnarə ona zəng edib və qalan 16.000 manat pulu Nadirlə birlikdə Bakı şəhərinə gətirməsini istəyib:

“Biz 13.600 manat pul düzəldə bildik və elə səhəri günü, sentyabrın 16-da oğlum Elcan 13.600 manat pulu götürərək Nadirlə birlikdə Bakı şəhərinə getdi. Sonradan oğlum Elcanın deməsindən mənə məlum oldu ki, onlar taksi ilə Bakı şəhərinə gedib, orada “Xalqlar dostluğu” metrostansiyası yaxınlığındakı parkda Elnarə ilə görüşüb, görüş zamanı oğlum Elnarəyə 13.600 manat pulu verib.

Elnarənin məsləhətindən sonra vəkillə müqavilə bağlamaq üçün birlikdə vəkil bürosuna gediblər. Elnarə oğlum Elşənin hüquqlarını müdafiəsi üçün vəkil lazım olduğunu, özündəki puldan 2.000 manatı ona verəcəyini bildirdi. Bakı şəhərində yerləşən nömrəsini bilmədiyi Vəkil Bürosuna gedib, orada Pərviz adlı vəkil ilə müqavilə bağlayıblar”.

“Vəkil kömək olmayacağını dedi”

Mirzəcan qeyd edib ki, təxminən 2020-ci il sentyabrın ortalarında Elnarə ona zəng edib, işlərin qarışdığını, danışdıqları vəsaitə məsələnin alınmadığını bildirib: “Elnarə əlavə olaraq yenidən bizdən 10.000 manat pul istədi. Çarəsiz qaldıqğımızdan Elnarə ilə razılaşdıq. Elnarəyə qalan pulu bank kartı hesabına göndərdik.

Ümumilikdə 34.300 manat pulu Elnarəyə verdikdən sonra tez-tez ona zəng edərək nəticə ilə maraqlandıq. Elnarə narahat olmamağımızı, yaxın günlərdə işin həll olunacağı barədə yalan vədlər verdi.

Bir gün oğlum Elcan vəkil Pərvizə zəng edərək işlə maraqlandı. Vəkil bildirdi ki, oğlum Elşən narkotik ilə tutulduğundan həbsdən azad olunmayacaq, kiməsə pul vermisinizsə, sizi aldadıblar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Elnarə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Tacxeber.az

Oxşar xəbərlər