• 26 Dekabr 2024 20:25

Gömrükdə müsadirə edilən narkotiklərin taleyi necə olur?

Dövlət Gömrük Komitəsində narkotik aludəçisi olan şəxslərlə bağlı DGK-nın sədr əvəzi, general-leytenant Şahin Bağırovun qərarı geniş müzakirələrə səbəb olub.

Bildirilir ki, Şahin Bağırov gömrük əməkdaşlarını narkoloji analizdən keçirib. Nəticədə Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bu qərar bəzi sualları gündəmə gətirdi. Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və müsadirə olunan narkotik vasitələri və psixotrop maddələri nə edirlər? Onlar məhv olunurmu?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Fərhad Mehdiyev bildirib ki, CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir:

“Həmin narkotik məhsullar da qanuna görə məhv edilməlidir. Digər bir ehtimal da var ki, həmin vasitələr təkrar dövriyyəyə buraxılsın, tibbi məqsədlərlə istifadə olunsun. Amma bizdə ağrıkəsici qismində istifadə olunan dərmanlar xaricdən gətirilir, özümüz istehsal etmirik. Xərçəng xəstələrinə vurulan güclü ağrıkəsicilər var ki, onlar da xaricdən alınır. Ona görə də aşkarlanan narkotik vasitələr hamısı birmənalı şəkildə məhv edilməlidir”.

Hüquqşünasın sözlərinə görə, gömrük əməkdaşları barədə səsləndirilən iddialar sübut olunmadığına görə onları ittiham etmək doğru deyil:

“Gömrük əməkdaşlarının müsadirə olunan narkotik vasitələri özlərinin istifadə etməsi haqda ehtimalları nə inkar, nə də sübut edə bilərik. Bu ağır ittihamdır və faktla ortaya qoyulmalıdır. Narkotik testlərdən keçən gömrük işçiləri bəlkə də bunu ediblər. Nəticədə bu dövlət qulluqçusunun qeyri-peşəkarlığına aid məsələdir. Qeyri-peşəkarlıq hansısa yerdə müsadirə olunan məhsulların mənimsənilməsi formasında ola bilər, bu şərt deyil ki, sırf narkotik olsun, siqaret yaxud başqa bir şey də ola bilər. Əgər biz tam peşəkarlığı təmin edə bilmiriksə, əməkdaşlar üzərində ciddi nəzarət olmalıdır ki, bu cür hallar yaşanmasın”.

Əsmətxanım RZAZADƏ

Tacxeber.az

Oxşar xəbərlər