• 22 Noyabr 2024 17:32

Son aylar allergik xəstəliklərin sayı niyə artıb? – Mütəxəssisdən MƏSLƏHƏT

Son aylar allergik xəstəliklərin sayı niyə artıb? – Mütəxəssisdən MƏSLƏHƏT

İnsan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Belə xəstəliklərdən əziyyət çəkən şəxslər üçün mövsüm dəyişiklikləri böyük kabusdur.

Ekspertlərin fikrincə, mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar daha ön plana çıxır.

 

Bəs hazırda allergiya hallarının daha çox artmasına nələr səbəb olur? Bundan əziyyət çəkənlər nə etməlidir?

Tacxeber.az xəbər verir ki, allerqoloq Aytəkin Həsənzadə Bizim.Media-ya açıqlamasında son dövürlər ağır allergiya hallarında artım olduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb havanın normadan artıq çirklənməsidir:

“Xəstənin həyat keyfiyyətinə təsir göstərirsə, yuxu rejimini pozursa və bu onun gündəlik iş həyatına da mənfi mənada yansıyırsa, bu ağırlaşmış allergiya hesab olunur. Mövsüm allergiyaları zamanı bitki tozcuqlarına qarşı güclü həssasiyyət, yüksək temperatur, gözlərin qızarması, yaşarması, burun axması və öskürək kimi əlamətlə müşahidə olunur.

Əgər xəstənin toza və tozcuqlara qarşı allergiyası varsa, özünü qorumaq üçün maskalardan istifadə etməli və çölə çıxıb gəldikdən sonra düş almalıdırlar. Səhər 6-8 saat arası bitki çiçəyinin tozcuqlarının çoxalan vaxtıdır.

Çalışıb həmin saatlarda çölə çıxmasınlar, yox əgər məcburiyyət qarşısında qalırlarsa, getdikləri yerdə çöl geyimlərini dəyişsinlər. Həmçinin müvafiq burun damcılarından, okean-dəniz sularından istifadə edə bilərlər və eyni zamanda allerqoloqun müayinə və müalicəsi gərəklidir”.

Həkimin sözlərinə görə, mövsümü allergiya allergik faringit, allergik bronxit, boğazda olan qaşınma, tutmaşəkilli öskürək və hətta bronxial astma tutması ilə də nəticələnə bilər:

“Mövsümü allergiyası olanlar həmin fəsildə adi allergenlərdən – məsələn, yumurta, süd, şokolad, pomidor və s. məhsullardan uzaq olmalıdırlar. Həmin məhsullar allergen olduğuna görə mövsümü allergiyası olanların ondan istifadəsi allergik reaksiyaları kəskinləşdirə bilər. Allergiya xəstəsi olan evdə heyvan saxlanılırsa, onun da təmizliyinə diqqət yetirilməli və yataq otağına buraxılmamalıdır”, – deyə A.Həsənzadə qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər