• 17 İyun 2024 07:56

Kartlar açılır: Kadırov gizli prosesi ifşa etdi, iki general Putinə qarşı… – Müsahibə

Onunla müsahibəni təqdim edirik.

– Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirildi. Sülh sazişinin hazırlanması ilə bağlı xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi razılaşdırıldı. Sizin bu haqda fikriniz necədir: bundan sonra bu yöndə konkret addımların atılması ehtimalı nə qədərdir? Ümumən indiki məqamda baş verənlərdən çıxış etsək, irəlidə bizi nə gözləyir?

– Hər görüşdən əvvəl çoxsaylı gözləntilər olur, bu dəfəki təmaslardan əvvəl də beləydi. Görüşlərdəən əvvəl sülh müqaviləsinin, yaxud niyyət protokolunun və sair sənədlərin imzalanacağı deyilir. Buna hələ tezdir. Sülh prosesi, xüsusən də Ermənistan-Azərbaycan prosesi çoxsaylı müdaxilələr olan bir prosesdir. Bunun qısa vaxtda həll olunacağını düşünmək, sadəcə sülh danışıqlarının mahiyyətini anlamamaqdır. Nəticədə cəmiyyətdə belə gözləntilər yaranır.

Xarici işlər nazirlərinin görüşünə və sülh sazişinin mətninin hazırlanmasına gəldikdə, düşünürəm ki, bu olacaq. Çünki Brüssel artıq bu prosesi öz vasitəçiliyinə götürüb. Şübhəsiz ki, bu protokol və ya sazişin mətni Brüsselin vasitəçiliyi ilə hazırlanacaq. Amma şübhəsiz ki, bu, ilkin layihə olacaq. Bu layihə üzərində çox iş gedəcək. Yəni mən düşünürəm ki, bu sənəd ilkin layihə kimi hazırlansın.

Ola bilsin ki, bunun üzərində aylarla, hətta illərlə iş getsin. Çünki bu sənəddə bir çox məsələlər öz əksini tapmalıdır. Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün amillər – istər Birinci, istərsə də İkinci Qarabağ müharibələri, iqtisadi, hərbi, humanitar sahələrdən tutmuş bütün digər məsələlər müzakirə olunacaq.

Tərəflərin hər birinin öz tələbləri və gözləntiləri var. Yenə deyirəm: belə bir layihə hazırlansa, bu, ilkin variant olacaq, proses isə xeyli uzanacaq.

Bizi uzun sülh danışıqları gözləyir. Xüsusilə də nəzərə alsaq ki, bu prosesə müdaxilələr çoxdur…

– Gündəmin əsas mövzularından biri də Rusiyadan fəaliyyət göstərən erməni iş adamı, milyarder Ruben Vardanyanın Xankəndiyə köçməsidir. Bir çox insanı bu sual düşündürür ki, Vardanyanın orada nə işi var?

– Bununla bağlı çoxsaylı uzahlar və müxtəlif versiyalar var. Təbii ki, mənim də öz yanaşmam mövcuddur. Mən düşünürəm ki, Ruben Vardanyan Rusiyanın Nikol Paşinyanın yerinə hazırladığı növbəti bir namizəddir. Onu birbaşa İrəvana gətirə bilmirlər, Xankəndiyə gətirdilər ki, onu lideri kimi təqdim etsinlər, asta-asta onu hazırlasınlar.

Bundan sonrakı hədəf də budur ki, Ermənistandakı Rusiya dəstəkçilərini və ya “5-ci kolon”unu ona tabe edərək, moskvayönümlü partiyaları onun ətrafında birləşdirib Paşinyana alternativ olaraq lider kimi meydana çıxarsınlar. Prosesi belə görürəm.

Şübhəsiz ki, bu proseslər Rusiyanın nəzarəti və planı üzrə gedir. Başqa cür ola da bilməz. Vardanyanın Rusiya vətəndaşlığından imtinasının başlıca səbəbi budur ki, Ermənistan əhalisinin mütləq əksəriyyəti arasında Rusiyaya münasibət mənfidir. Moskva da bunu anlayır. Təbii ki, əks halda bu adam Ermənistanda Rusiyanın adamı kimi dəstək qazana bilməz. Buna görə də, onu əvvəlcə Qarabağa gətirirlər, orada bundan “qəhrəman” və ya “birləşdirici fiqur” düzəldəcəklər, bunun ardınca onu Ermənistana ötürürlər. Bundan sonra da Ermənistandakı rusiyayönlü siyasi qüvvələri və ictimai sektoru onun ətrafında birləşdirməyə çalışacaqlar.

– Suriyada da maraqlı gəlişmələr var. Bu da ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının Suriyadakı bir sıra silahlı qruplaşmaları öz ətrafında cəmləməyə başlaması ilə bağlıdır. Pərakəndə şəkildə olan bu qüvvələri öz ətrafında toplayan koalisiyanın əsas hədəfinin Əsəd rejimi və İranın Suriyadakı dayaqları olduğu bildirilir. Sizin son zamanlarda Suriyada artan fəallıq haqda fikriniz necədir?

– Qənaətimə görə, bu, ABŞ və İran arasında Tehranın nüvə proqramına dair danışıqlarla bağlıdır. Bu danışıqlarda prinsipial anlaşma əldə olunub ki, tərəflər nüvə sazişini yenidən nəzərdən keçirməyə və müzakirə etməyə hazırdırlar. Aydındır ki, belə bir saziş – ABŞ-ın bir dəfə ləğv etdiyi və çıxdığı müqavilə ikinci dəfə müzakirə predmeti olursa, burada tərəflər daha çox üstünlük və divident əldə etməyə çalışacaqlar. Bu məqsədlə də İrana təzyiqlər başlayır. Bu təzyiqləri təkcə Suriyada yox, İraqda da görürük.

İran tərəfdarları İraqda siyasi cəhətdən ciddi məğlubiyyətə uğradılar. Hətta parlamentdə çoxluq əldə etmələrinə baxmayaraq, hökumət formalaşdıra bilmədilər. Nəhayət, İranın əsas fiqurlarından biri olan Müqdəta əs-Sədr siyasətdən getdiyini elan etdi. Baxmayaraq ki, onun tərəfdarları və dəstəkçiləri az qala döyüşə hazır idilər.

İranın mövqelərinin laxladılması prosesi gedir. Suriyadakı son fəallığı da bunun tərkib hissəsi kimi görürəm. İranı maksimal dərəcədə müxtəlif təsir vasitələrindən məhrum edirlər ki, danışıqlarda daha loyal və razılaşdırılmış mövqe təqdim edə bilsin. Yəni Qərbi, xüsusən də ABŞ-ı qane edən şərtlərə razı olsun. Eyni zamanda, İsrail aviasiyasının tez-tez Suriyada İrana bağlı proksi qüvvələri və hərbi hədəfləri vurması da bu prosesə daxildir.

Bir sözlə, istər Bəşər Əsədə, istər İran və onun Suriyadakı dayaqlarına qarşı mübarizənin fəallaşması, istərsə də İraqda baş verənlər Tehranın nüvə danışıqlarına daha yumşaq şəkildə getməsi üçün həyata keçirilən geniş aksiyalar planıdır. Yalnız bu halda İranın mövqeyi yumşala bilər, yaxud daha yüksək tələblərlə danışıqlara gedə bilməz.

– Yunanıstan və Türkiyə arasında da maraqlı gəlişmələr yaşanır. Türkiyənin Yunanıstanın S-300 sistemlərinin Aralıq dənizində NATO missiyası yerinə yetirən türk F-16-larına müdaxiləsinə reaksiyası sərt oldu. Buna cavab verən Prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə Yunanıstanı Egey dənizində adaları işğal etməkdə ittiham etdi. Gedişat haqda nə düşünürsünüz?

– Yunanıstan və Türkiyə arasında belə gərginliklər bundan əvvəl də olub. Amma son zamanlarda Şərqi Aralıq dənizi hövzəsində tapılan qaz yataqları ətrafında mübahisə səngimir, zaman-zaman kəskinləşir. Bəzi hallarda qızışan mübahisələrin az qala hərbi müstəviyə keçmək riski yaranır.

Amma düşünmürəm ki, orada hərbi qarşıdurma ehtimalı çox yüksəkdir. Çünki ilk növbədə, güclər olduqca fərqli nisbətdədir. Heç bir halda Türkiyə və Yunanıstanın gücü müqayisə ediləcək məsələ deyil. İkincisi, NATO heç vaxt razılaşmaz ki, iki üzvü döyüş meydanında üz-üzə gəlsin.

Bu tip ittihamlar həmişə olub və olacaq. Yunanıstanın isə S-300-ləri işə salması və ya hava məkanının müdafiəsinə cəlb etməsi heç nəyi dəyişmir. Çünki artıq sübut olunub ki, S-300 effektli deyil, zəif silahdır. Hətta hansısa silahlı qarşıdurma olarsa belə, bunların efektliliyinin yüksək olacağı heç kim üçün inandırıcı deyil.

Düşünürəm ki, bu mübahisələr xeyli davam edəcək. Xüsusən də nəzərə alsaq ki, söhbət orada tapılan böyük qaz yataqlarından gedir.

Avropa Birliyi ölkələri bu mübahisədə birmənalı şəkildə Yunanıstanı dəstəkləyirlər. Amma adaların işğalı məsələsi ciddi amildir. Əgər işğaldan söhbət gedirsə, o zaman həmin ərazilərin azad edilməsi məsələsi də nə vaxtsa gündəmə gələ bilər. Bu isə iki ölkə arasında müharibə demək olacaq. Amma bu məsələnin də NATO və ABŞ tərəfindən tənzimlənəcəyini düşünürəm. Kipr böhranında iki ölkə müharibə etmişdi. Amma indiki məqamda bunun təkrarlanacağı inandırıcı görünmür.

– Gündəm mövzularından biri də Çeçenistan başçısı Ramzan Kadırovun istefa mesajıdır. Bu haqda maraqlı fikriniz var, deyirsiniz ki, Putinin hakimiyyətinin çökməsinin əsas əlaməti Kadırovun sıradan çıxarılması olacaq. Bu fikrinizi bir qədər aça bilərdinizmi?

– Kadırovun guya istefaya gedəcəyi ilə bağlı mesajına hətta Putinin sözçüsü Peskov da reaksiya verib. Həmin reaksiyadan görünür ki, bunu Moskvada bilirlər, amma bunu bir fakt kimi təsdiqləmirlər. Görünür, artıq Kremlin Kadırovla bağlı hansısa planları var. İddia var ki, onu Rusiya Qvardiyasının (“Rosqvardiya”) başına – Zolotovun yerinə gətirə bilərlər. Zolotovu isə Sergey Şoyqunun yerinə qoyacaqlarını da iddia edirlər. Amma bu inandırıcı görünmür. Çünki Zolotov Baş Qərargah tərəfindən qəbul edilməyə bilər.

Kadırovun özünün isə “Rosqvardiya” tərəfindən qəbul ediləcəyini düşünmürəm. Kadırovun başına topladığı kriminal dəstələr, çeçen silahlı birləşmələri artıq rus millətçilərində qıcıq yaradır. “Rosqvardiya”da ciddi qurumdur, faktiki olaraq, Rusiyanın daxili siyasətinə təsir edən və daxili siyasətdə istifadə olunan ən mühüm güc vasitəsidir.

Putin hətta “Rosqvardiya”nı Ukrayna ilə müharibəyə də cəlb edib. Bu da təsadüfi deyil. Bu da həmin versiyanın xeyrinə deyir ki, həqiqətən də Zolotovu müdafiə naziri postuna keçirmək istəyirlər, Kadırovu da onun yerinə. Düşünürəm ki, ikinci versiya daha inandırıcıdır. İkinci versiya budur ki, artıq Putinin mövqeləri saxlamaqdadır, zəifləməkdədir. Onun müharibə avantürası Rusiyanı çətin duruma salıb. Ola bilsin, elə Rusiyanın hakim iyerarxiyasındakı müəyyən güclü fiqurlar, məsələn, Nikolay Patruşev, yaxud Sergey Narışkin düşünür ki, artıq Putini kənarlaşdırmaq lazımdır.

Putini kənarlaşdırmaq üçün birinci onun ideologiyasını zəiflətmək lazım idi. Duqinin qızının qətli ilə bu addım atıldı. Duqin bununla xəbərdarlığını aldı. İnanmıram ki, o, bundan sonra uzun müddət “Avrasiyaçılıq” ideyasının daşıyıcısı və Putinin təbliğatçısı kimi aktiv şəkildə gündəmdə olacaq. Bu məsələ bitdi.

Başqa bir məsələ də “Putinin vuran əli”ni zərərsizləşdirməkdir. O da Kadırovdur. Faktiki olaraq, Kadırov Putinin “şəxsi qoçusu”dur. Ola bilər ki, Kadırova hansısa mesajlar verilib. O da mesajlara cavab olaraq bildirir ki, mənə vaxt verin və mən çıxıb gedirəm.

İkinci versiyanı daha inandırıcı görürəm. Çünki kontekstdə baxanda bu daha inandırıcı gəlir, nəinki Kadırovun “Rosqvardiya”ya getməsi. Əgər söhbət Putinin hakimiyyətinin gələcəyindən gedirsə, o, vaxt itirə bilməz. Ukraynadakı uğursuzluq davam etdikcə, aqoniya vəziyyətinə düşəcək, buna görə də özünü xilas etmək üçün hər şeyə əl ata bilər. O cümlədən Zolotovu müdafiə naziri, Kadırovu da onun yerinə gətirməyi nəzərdən keçirməsi mümkündür.

Bütün bunlar onu göstərir ki, Rusiyanın hakim iyerarxiyasında çox ciddi gəlişmələr, ciddi qarşıdurma və parçalanma var. Bilmirəm, bəlkə Kadırov ya bilərək, ya da bilməyərək bunun anonsunu verdi.

Tacxeber.az

Oxşar xəbərlər