• 26 Dekabr 2024 16:42

İran mollalarına qeybdən gələn TÜRK VƏHYLƏRİ – “Onları Maştağaya gətirmək lazımdır” – Fazil Mustafa

Azərbaycana qarşı İranda daha çox qaraguruh kampaniya aparan rejimin mollalarıdır. Zaman-zaman “DİN-ə-zavrlar” ölkəmizin üzərinə hədə-hədyanlar püskürməkdədirlər. Daha çox da Azərbaycanın birləşməsindən narahat olan qara mollalar cənublu soydaşlarımızı, ümumilikdə türkləri gözdən salmaq üçün vəhynamələr icad edirlər.


Bir müddət bundan əvvəl özünü İranın tanınmış müctəhid hesab edən Ayətullah Tehrani ümumi tədbirlərin birində çıxış edərəkən türk dilini aşağılayan fikirlər səsləndirib.

O bildirib ki, cəhənnəmə gedənlərin hamısı türklər olacaq, çünki burada danışıq dili türk dili olacaq:

“Kim cənnətə gedəcəksə dönüb ərəb-fars olacaq, ərəblərdən farslardan kim cəhənnəmə gedəcəksə, dönüb türk olacaq. Bu o demək deyil ki, türklər cəhənnəmə gedəcək, ama türklər cənnətə getmək üçün ərəb olmalıdırlar, ərəblər isə cəhənnəmə gedəcəklərsə onda türk olmalıdırlar”.   
Aydın görünür ki, sözügedən şəxsin bu uydurma fikirləri ortaya atmaqda məqsədi türkləri aşağılamaqla yanaşı, onlarla digər müsəlmanlar arasında nifaq toxumu səpməkdir. Bu fonda açıq şəkildə görünür ki, Ayətullah Tehrani həm də irqi ayrı-seçkilik, ksenofobiya kimi faşist ideyalarını təbliğ edir.

İranda türklərə qarşı nifrət toxumu səpən bir neçə bu sayaq mollalar var. Onlardan biri də İranın Ali dini lideri Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Ameli Təbrizidir.

O, bir neçə il bundan əvvəl Təbrizin Engeci məscidində çıxışı zamanı deyib ki, həzrəti Mehdi Zühur edəndə Suriya və İraqda türklərə qarşı döyüşəcək. Ameli Güney Azərbaycandan olan milli qüvvələri hətta İsrail casusu da adlandırıb.

Seyid Həsən Ameli Azərbaycan türkü olmasına baxmayaraq ölkəmizə qarşı təfriqəçilik yayan mollalardan biri sayılır. O, öz xütbələrində tez-tez müstəqil dövlətimizə qarşı təxribatçı çıxışları ilə Tehrana yaraınmaq çabaları göstərir. Gah Azərbaycanı sionizmə uğramaqda, gah da İrana qarşı hansısa koalisiyada çıxış etməkdə ittiham edir. 
Təbii ki İranın qara mollalarının bu sərsəmləmələri Cənubda yaşayan soydaşlarımızın heysiyyatı ilə oynamağa hesablanıb. Sivil ölkələrdə belə diskriminativ fikirlər səsləndirənlər qanun qarşısında cavab verərək məsuliyyətə cəlb olunurlar. Amma İran rejimi belələrinə qucaq açmaqla, əslində sivil dəyərlərdən uzaq olduğunu ortaya qoyur.

İran mollarının bu sərsəm fikirlərini Bizim.Media-ya açıqlamasında münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, onun kimi düşünənləri Maştağaya gətirmək lazımdır, onların yeri oradakı xəstəxanadır: 

“Orada müxtəlif rühi xəstələr müalicə alır. Bu ruhi xəstələr gündə müəyyən bir söz deyir. Bu sözü həkimlər ciddi qəbul edirmi? Ayətullah Tehraninin və digər mollaların sayıqlamalarına da belə baxmalıyıq. Onun dedikləri ruhi xəstənin dedikləridir.

Dindar olub-olmaması, ayətullah və ya birinci sinif şagirdi olmasından asılı olmayaraq, ağıllı adam belə sözlər işlətməz. Xəstə adam olduğundan onun dedikləri hansısa bir şəkildə ciddi qəbul oluna bilməz. Buraxın qoy danışsınlar. Əksinə belə şeyləri daha çox desinlər ki, insanlar kimin-kim olduğunu görsün. Bununla həmin ayətullah daha çox özü-özünü aşağılayır”.  
İlahiyyatçı, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli isə mövzu ilə tanış olmadığını deyərək, bu barədə indidən bir söz deyə bilməyəcəyini əsas gətirməklə, suala cavab verməkdən yayındı.

Rüfət Sultan, Bizim.Media

Tacxeber.az

Oxşar xəbərlər