• 18 May 2024 07:20

İslam dini meyiti yarmağı niyə qadağan edir? – “O zaman olmazdı, amma indi olar”

Tarix boyu islam dininin daşıyıcıları dünyasını dəyişmiş insanın meyitini yarmağı yasaq bilib. Bunu da hərə bir cürə yozur. Və bu gün də əksər insanlar bu inancı qoruyub saxlayırlar ki, meyiti yarmaq olmaz.

 

Bəs islam dini meyiti yarmağı niyə qadağan etmişdi?

Məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirdi ki, islam nazil olan zamanda həmin coğrafiyada tibb inkişaf etməmişdi: ona görə də meyiti səbəbsiz yerə yarmaq ancaq təhqir anlamı daşıyırdı:

“O dövrdə nadan insanlar meyitləri yalnız təhqir etmək məqsədi ilə yarır, parçalayırdılar. Hətta ölmüş insanı sonradan qəbirdən çıxarıb təhqir edirdilər. Məhz belə vəhşiliklərin qarşısını almaq məqsədi ilə mərhumun meyidən toxunmaq günah sayılırdı. Digər tərəfdən də islam dinində insan sağ da olsa, ölmüş də olsa eyni ehtirama layiqdir və o toxunulmazdır. Meyiti yarmaq ölünün ruhuna əzab vermək hesab edilir”.

Tural İrfan onu da əlavə etdi ki, əgər ölmüş insan sağlığında vəsiyyət edərsə ki, o öləndən sonra onun meyiti yarılsın və digər insanların yaşaması üçün istifadə edilsin, bu məqbul sayılır:

“İnsan heyvan deyil ki, onu dəyərsiz bir cism kimi istifadə edəsən. Adətən meyiti dəyərsiz hesab edənlər axirət dünyasına inanmayanlardır. Onlar deyir ki, insan öldüsə artıq onun cəsədi ehtirama layiq deyil. Lakin dinimizdə bu belə deyil.

Buna baxmayaraq islam dinində zərurət məqamında belə qadağaları aşmağa izn verilir. Əgər ölmüş adam sağlığında onun salamat qalan orqanlarından digər müsəlmanların yaşaması üçün istifadə edilməsinə icazə veribsə, o öləndən sonra onun cəsədini yarmaq olar. Yaxud ölmüş adamın varisləri izn verərsə, meyit yarıla bilər. Əks halda meyiti yarmaq, özbaşına onun orqanlarını götürmək, satmaq və sair haram və boyük cinayətdir”.

İlahiyyatçı sonda onu da qeyd etdi ki, islam dinində qəbrin açılmasına və meyitin ayrılmasına bir də o zaman izn verilir ki, haqqın, həqiqətin üzə çıxması, gizli qalan cinayətin açılması kimi hallar olsun.

Tibb elminin inkişafı naminə ölülərin yarılması da təbiidir. Ancaq burada ölü sahibinin izni vacibdir.

Surxay Atakişiyev, Bizim.Media

Tacxeber.az

Oxşar xəbərlər