• 06 Oktyabr 2024 08:08

“Onları ancaq maşınlar, villalar düşündürür” – Xalq artisti

“Heç vaxt həyatdan narazılıq etməmişəm. Əgər nəyisə edə bilməmişəm, nəyəsə nail ola bilməmişəmsə demək ki, bu mənim öz günahımdır. Sənət adamının xoşbəxtliyi odur ki, səni sevənlər, pərəstişkarların olsun. Bütün xalq üçün etdiklərin bir ünvana çatmalıdır. Əgər etdiklərin ünvansızdırsa o zaman sənətkar batıb gedir. Yəni iz qoya bilmir. Yüzlərlə mahnılarım qızıl fonddadır, bütün bunlar mənim sərvətimdir”

Tacxeber.az  xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. O daha sonra əlavə edib.

“O vaxt bədii şuralar var idi. Bəstəkar, şair və müğənni mahnını təqdim edib, sonra üzə çıxarırdı. Münsiflər heyətində də böyük sənətkarlar, bəstəkarlar otururdu. Bəzən məsləhət verib, tövsiyyə də edirdilər. Deyirdilər ki, “filan yerində düz oxumamısan, yaxud bu iki cümlə də eyni mənadadır, birini çıxar”. Efirdə bəzən elə mahnılar eşidib, elə müğənnilər görürsən ki, öz-özünə təəccüblə deyirsən ki, bu kimdir? Bu nədir? Peşəkar insana bu təsir edir. O vaxtlar da olub, belə şeylər. Elə mahnılar eşidirsən ki, adam bilmir gülsün ya ağlasın” deyə sənətkar deyib.

Mübariz Tağıyev sənətdəki gənclərdən də danışıb.

“Bəzən gənc müğənnilərə dostcasına çatışmayan şeyləri deyəndə asanlıqla qəbul etmirlər. Nə olsun ki, sizləri sevirlər?! Elələri var ki, bahalı maşınları, villaları düşünür. Sənət adamı ölənə qədər axtarır, bunun sonu yoxdur. Yüzlərlə mahnım var, yazılıb və sandıqda qalıb. Ya aranjman, ya ifam xoşuma gəlməyib. Bəstəkar da inciyib, şair də inciyib. Aparıb başqasına veriblər, o oxuyub. Mən əgər hiss edirəmsə orada nəsə boşluq var, nəsə çatmır, bu zaman ifa etmirəm. Orada səmimiyyət çatışmayıb” deyə sənətkar bildirib.

Tacxeber.az

Oxşar xəbərlər