Ukraynanın əks-hücum planı: rusları aldadaraq… – Hərbi ekspert detalları açıqladı
“Ukrayna ordusunun əks-hücumu davam edir. Məncə, bu prosesə iki aspektdən yanaşmaq lazımdır. Bunu hərbi və hərbi-siyasi baxımdan qiymətləndirsək gerçək mənzərə yarada bilərik. Hərbi baxımdan bu, Ukrayna ordusunun ilk sürətli və geniş çaplı əks-hücum kampaniyasıdır. Buna oxşar, amma yüngül formada Ukrayna ordusu Kiyev ətrafında müqavimət göstərib. Kommunikasiyaları məhv etməklə rus ordusunu məcbur etdilər ki, geri çəkilsin. İndi isə əsl mənada döyüşə-döyüşə torpaqlarını azad edirlər. Amma rusların kifayət qədər ehtiyatda qüvvələri var və onlar azca zəif xətt tapan kimi əks-hücuma başlaya bilərlər. Ruslar hazırda təzə korpus formalaşdırıb və çalışırlar ki, onu döyüşə atsınlar. Amma bu korpus hərbi baxımdan hazır deyil. Əsasən məhbuslardan və müqaviləli hərbçilərdən ibarətdir. İstisna etmirəm ki, Ukrayna ordusu bu hücumu dəf edə və əks-hücum əməliyyatını davam etdirə bilər”.
