Xamenei ÖLÜM DÖŞƏYİNDƏ – İranın yeni Ayətullahı kim olacaq ?
Son iki gün ərzində bir sıra KİV-də və sosial şəbəkələrdə İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Əli Xameneinin öldüyü ilə bağlı iddialar səsləndirilməkdədir. Doğrudur, 83 yaşlı liderin ölümü ilə bağlı verilən rəsmi açıqlamada “O, hələ də sağdır” fikirlərindən istifadə olunması, ən azı Xameneinin xəstə yatağında və ölüm ayağında olduğunu deməyə əsas verir.
Digər tərəfdən teleqram kanallarında İranın bir sıra bölgələrindən ordu hissələrinin Tehrana dislokasiya olunması Ayətullahla bağlı iddiaların daha da güclənməsinə səbəb olub.
Eyni zamanda sosial şəbəkələrin İran seqmentində, eləcə də dünya mediasında da mövzu ilə bağlı hərəkətlilik müşahidə olunur.
Əvvəla, onu qeyd edək ki, Ayətullah İran konstitusiyasına görə icra hakimiyyətinin rəhbəri, Ali Baş Komandan hesab olunur. Dini liderin hakimiyyətin digər qolları üzərində də təsir imkanı böyükdür.
O, Ədliyyə və dövlət teleradio yayınları rəhbərlərini, habelə prezidentliyə və parlament üzvlüyünə namizədləri saf-çürük edən qüdrətli qurumun – Konstitusiya Keşikçiləri Şurası üzvlərinin yarısını təyin edir.
Eyni zamanda ölkənin xarici siyasətində də Xamenei əsas söz sahibidir. Dini nöqteyi-nəzərdən isə Ayətullah təkcə İranın deyil, bütün şiələrin dini lideri kimi qəbul edilir.
Bəs, Ayətullah necə təyin olunacaq?
İslam İnqilabından sonra qəbul olunan İranın ilk konstitusiyasına görə Ayətullah xalq tərəfindən seçilməli idi. Lakin hələ ilk Ayətullah olan 79-cu il inqilabının lideri Ruhulla Xomeyninin zamanında bu müddəa dəyişdirildi və bu vəzifəyə təyinat Üləmalar Məclisinin qərarı ilə həyata keçirilməyə başlanıldı.
Məclisdə isə iki əsas fraksiya mövcuddur – mühafizəkarlar və mötədillər. Lakin bir çox ekspertlərə görə, mötədillər qanadının mövcudluğu da simvolikdir və ölkədə siyasi mübarizə imitasiyasının qalması üçün onun varlığı önə çəkilir.
Bir sözlə, əsas güc mühafizəkarların əlindədir. Bunu ideyanın əsaslılığını ötən ilin yayında keçirilən prezident seçkiləri də sübuta yetirdi. Belə ki, mötədillərin əsas liderləri hesab olunan şəxslərin heç birinin namizədliyi belə təsdiqlənmədi.
Digər tərəfdən, İnqilab Keşikçilərinin rəyinin də təyinat zamanı böyük əhəmiyyət daşıyacağı şübhəsizdir.
Ayətullahlığa namizədlər…
Xameneidən sonra Ali Dini Lider kürsüsündə əyləşməyə əsas namizəd hazırki prezident İbrahim Rəisi hesab olunur. Rəisini əsas namizədə çevirən 3 əsas faktor mövcuddur:
1. Rəisi mühafizəkarların nümayəndəsi olmaqla yanaşı, Xamenei ilə yaxın münasibətlərə sahibdir.
2. Sabiq generalın SEPAH üzərində nüfuzu olduqca böyükdür.
3. 1989-cu ildə Xameneinin özü də prezident vəzifəsindən Ayətullah kürsüsünə təyin olunmuşdu.
Digər namizədlər kimi isə Qərb mənbələri Ayətullah Xameneyinin mühafizəkar fraksiyaya daxil oğlu Mojtəba Xamenei və İran inqilabının banisi Xomeyninin mötədil nəvəsi Həsən Xomeyninin adlarını önə sürürlər.
Növbəti Ayətullahın kimliyi hələlik sual altında olsa da, cavab təkcə İran üçün yox, bütün Şərq, eləcə də Qərb dünyası üçün vacibdir. Çünki İran nüvə silahını əldə etməyin, Xamenei isə ölümün bir addımlığındadır.
Yalnız bu belə yeni Ayətullahın yeridəcəyi siyasətin bütün region üçün əhəmiyyətini görmək üçün yetərli sayıla bilər. /Bizim Media
Murad Əhmədov