Dünyanın “ən sevimli” oğlanı, xəyanət, müəmmalı ölüm – Kralın QƏRİBƏ HƏYATI
Kraliça II Elizabetin vəfatından sonra onun böyük oğlu Çarlz taxt-tacın yeni sahibi olub. Ötən gün kral elan edilən 73 yaşlı Çarlz İngiltərədə hakimiyyətə gələn ən yaşlı monarxdır. O, bundan öncə mətbuata açıqlamalarında taxta yiyələnmək üçün illərlə hazırlaşdığını bildirib. Nəhayət, gec də olsa bu vəzifə ona qismət olur.
Hazırda dünyanın diqqətində olan kral III Çarlz kraliça Elizabetin yolunu davam etdirməyə, eyni zamanda onun buraxdığı boşluğu doldurmağa çalışacaq.
O, anası qədər hörmət edilən və sevilən monarx olacaqmı? Bu suallara cavab tapmaq üçün Çarlzın uşaqlıq illərindən bu günə qədər keçdiyi həyat yoluna nəzər salaq…
Britaniyanın yeni kralı
Çarlz 1948-ci ilin noyabrın 14-də Bukingem sarayında anadan olub. Həmin vaxt onun babası VI George kral idi. Babası onun üç yaşı olanda qəfil dünyasını dəyişir və bundan sonra Elizabet kraliça, Çarlz isə kral olaraq taxtın varisi olur.
Çarlzın təhsil həyatı digər kral ailələrindən fərqli keçib. Ondan əvvəlki hökmdarlar sarayda fərdi müəllimlər tərəfindən yetişdirilirdisə, Çarlz valideynləri tərəfindən məktəbə göndərilib. Çarlzın şəxsiyyətini formalaşdıran bəzi mühüm hadisələr məhz məktəb illərində baş verib.
Daha sonra Çarlz atasının da təhsil aldığı Şotlandiyanın Moray şəhərindəki Gordonstoun internat məktəbinə göndərilib. Məktəbdə oxuduğu müddətdə tələbələr tərəfindən vəhşicəsinə zorakılığa məruz qaldığını bildirən Çarlz bir neçə dəfə döyülüb. Gənc şahzadə məktəbdən anasına yazdığı məktubda xoruldadığı üçün uşaqlar tərəfindən döyüldüyünü qeyd edib.
“Xoruldadığım üçün yataqxanada çətinliklə yata bilirəm və daim başıma zərbələr endirirlər. Tam cəhənnəmdəyəm. Məni burdan çıxarın”,- şahzadə anasında məktubunda yazıb.
O, həmçinin məktəbdə aktyorluq istedadı ilə seçilməyə başlayıb. Daha sonra Çarlz Şekspirin “Makbet” filmində baş rolu canlandırıb və son ilində sinif lideri seçilib. İmtahanlarını başa vurduqdan sonra kral ənənəsini pozan Çarlz orduya yazılmaq əvəzinə birbaşa universitetə gedib.
Kembricdə oxuduğu ilk ildə arxeologiya və antropologiya üzrə təhsil alıb. Sonrakı illərdə tarix fakültəsində təhsilini davam etdirib.
Çarlz 1970-ci ildə Kembricdə təhsilini başa vurduqdan sonra Britaniya kral ailəsinin ilk universitet məzunu olub. Kral Hərbi Hava Qüvvələrində uçuş təlimi aldıqdan sonra Çarlz atasının yolunu davam etdirərək donanmada karyera qurmaq qərarına gəlib. Bacarıqlı helikopter pilotu olan Çarlz eyni zamanda kral ailəsinin paraşütlə tullanma təlimini tamamlayan ilk üzvü olub. Doqquz ay donanmada xidmət edən Çarlz minaaxtaran gəmisinə komandanlıq edib.
Kralın sevgi həyatı
Çarlz həmişə ictimaiyyət arasında sevgi həyatı ilə məşhur olub. Gəncliyində bir çox qadınla romantik münasibət quran Çarlz bir müddət media tərəfindən “dünyanın ən sevimli oğlanı” elan edilib.
Şahzadə 21 yaşında Kamilla adlı xanımla tanış olub. Amma Kamilla 1973-cü ildə Çarlzın dostu, mayor Endryu Parker Boulzla evlənib. Məhz 1977-ci ildə Çarlz xanımı Diana Spenserlə qarşılaşıb. O zaman Diana 16 yaşlı utancaq bir qız idi. Qəribə səslənsə də, 29 yaşlı Çarlzın Diananın böyük bacısı Sara ilə görüşdüyü deyilirdi. Lakin Çarlz gələcək həyat yoldaşı kimi Dianaya aşıq olur və 1980-ci ildən gənclər arasında sevgi münasibətləri yaranmağa başlayır. Cəmi bir il sonra – 1981-ci ilin fevralında Çarlz Dianaya evlənmə təklif edir.
Beləliklə, cütlük 1981-ci il iyulun 29-da Vestminster kilsəsində keçirilən, dünyada 750 milyon insanın izlədiyi dəbdəbəli mərasimlə ailə həyatı qurur.
Onların ilk övladı Vilyam 1982-ci ilin iyununda, ikinci övladı Harri isə 1984-cü ilin sentyabrında dünyaya gəlib. Bir müddət sonra Çarlzla Diana arasında münasibətlər pozulub. İddialara görə, Çarlz onu Kamilla ilə aldadıb. 1995-ci ildə BBC müsahibəsində o, aldadıldığını belə ifadə edib: “Biz bu evlilikdə üç nəfər idik, ona görə də bizdə alınmadı”.
Cütlük 1996-cı ilin avqustunda rəsmi olaraq boşanıb.
Çarlzdan boşandıqdan bir il sonra Diana Parisdə avtomobil qəzasında dünyasını dəyişib. Ardınca müəmmalı qəzanın Çarlz tərəfindən törədilməsi barədə xəbərlər gündəmə gəlib və Çarlzın kral olmasını istəməyən vətəndaşlar narazılıqlarını dilə gətiriblər.
Buna baxmayaraq, şahzadə yenidən keçmiş sevgilisinə qayıdıb. Kamilla 1995-ci ildə Endryu Parker Boulzdan boşanıb. Çarlz və Kamilla ilk dəfə 1999-cu ilin yanvarında sevgi münasibətlərini etiraf ediblər və 2005-ci ilin fevralında nişanlanıblar. Hazırda Kamilla İngiltərənin kraliçasıdır.
Çarlzın media problemi
Onun jurnalistlərlə münasibəti həmişə problemli olub. Çarlz bütün həyatı medianın “lupası” altında keçib. O, 2005-ci ildə oğulları ilə getdiyi xizək tətilində BBC-nin müxbirini danladıqdan sonra media nümayəndəsini təqdir edib.
“Lənət olsun hamınıza. Mən sizə dözə bilmirəm, həyatımdan çıxın” – Çarlz deyib.
Digər tərəfdən onun “Guardian” qəzeti ilə 10 illik məhkəmə çəkişməsi olub. Məlumata görə, qəzet şahzadənin nazirlərin işinə qarışdığını və xəttinin pis olduğunu yazıb. Bundan qəzəblənən Çarlz məşhur nəşri məhkəməyə verib.
Bundan əlavə, Çarlz 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putini Adolf Hitlerə bənzətməklə böyük diplomatik böhrana səbəb olub. Kanadaya səfəri zamanı İkinci Dünya Müharibəsində Polşadan qaçan yəhudi qadınla söhbət edən Çarlz “Putin indi Hitlerin etdiklərini Ukraynada edir”, – deyə diplomatik skandala səbəb olan fikirlər səsləndirib.
Çarlz, həmçinin bitkilərlə danışdığını iddia edərək, dünya mediasının gündəminə gəlib. 1986-cı ildə verdiyi açıqlamada bitkilər və ağaclarla danışdığını, onlardan cavab aldığını deməklə media tərəfindən lağa qoyulmuşdu.
Beləcə, məktəbdən sevgi həyatınadək qeyri-adi həyat yolu keçən Çarlz 73 yaşında arzuladığı kral tituluna sahib olmağı bacarır.
İndi bütün dünyanı bir sual düşündürür: O necə kral olacaq?
Sorğular göstərir ki, xalq Çarlzın taxtda uzun müddət qala biləcəyinə inanır.
“Məncə, o, çox ağıllı adamdır, lakin onda anasının xarizması yoxdur. Valideynlərinin və nənəsinin uzunömürlülüyünü nəzərə alaraq, onun təxminən 20 il krallıq edəcəyinə inanırıq”,- ingililər bildiriblər. /Modern.az