Ermənistan yenidən çalxalanır – Paşinyan devrilə bilər
“İkinci Qarabağ müharibəsində bu qədər itkidən sonra xalq Paşinyanı iqtidarını saxladısa və seçkidə onun qalib gəlməsinə imkan yaratdısa, deməli, hər halda az da olsa, indi də ona etimad göstərər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.
O, Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi eskalasiyadan sonra Nikol Paşinyan iqtidarının devrilə bilməsi ehtimalını şərh edib:
“Mən Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışına baxdım. O, dolayısı ilə etiraf etdi ki, sərhəddə baş verən hadisələrin bilavasitə arxasında öz iqtidarı dayanmır. Yəni Ermənistan daxilində Paşinyan komandasına bağlı olmayan qüvvələr var, onların da fəaliyyətini dəyərləndirilməlidir. Bundan başqa, regionda gərginliyin davam etdirilməsi bir sıra dövlətlərin əsas hədəfidir.
Doğrudur, Paşinyana qarşı qəzəb var, amma son nəticədə baş verən təxribat halları və artan ölü sayı təkcə Paşinyanın komandası ilə bağlı deyil. Komanda daxilində olan və başqa qüvvələrə xidmət edən tərəflərin də bu işdə əli var. Ona görə də təkcə Paşinyan hakimiyyəti deyil, kənar qüvvələri də bu işdə məsuliyyətli hesab etməliyik”.
S. Hümbətov əlavə edib: “Düzdür, münasibətlər gərgindir, lakin İkinci Qarabağ müharibəsində bu qədər itkidən sonra xalq Paşinyanı iqtidarını saxladısa və seçkidə onun qalib gəlməsinə imkan yaratdısa, deməli, hər halda az da olsa, indi də ona etimad göstərər. Amma ordu və hökumət daxilində olan kənar qüvvələrin fəaliyyəti artıq cavabdehlik tələb edən məsələdir. Paşinyanın devrilməsi mümkün olsa da, hələ ki hakimiyyətdə qalmaq ehtimalları böyükdür.
Müxalifət, əlbəttə, reytinqini qaldırmaq üçün boykot tətbiq edə bilər. O, siyasi divident əldə etməyə çalışacaq. Amma son nəticədə erməni cəmiyyəti görəcək ki, arxa planda başqa bir oyun gedir”.
Rafi MÜSLÜMOV