• 27 İyul 2024 04:21

Onlar analarının döşündən süd deyil, rüşvət əmiblər…

İnsan təəccüb, heyrət hissini itirəndə keyləşir. Robotdan, ölüdən fərqlənmir. Hadisələrə reaksiyası sıfırlanır. Bu hissi itirməyin səbəbləri çox ola bilər. Amma bizim ölkəmizdə əsas səbəblərdən biri budur ki, ən müxtəlif, bir-birinə zidd, “bu mümkün deyil!” nidası doğuracaq o qədər xəbərlər eşidirik, hadisələrin şahidi oluruq ki, heyrət hissimiz öz funksiyasını itirir. Bu hissimiz haqqında könüllü olaraq həbs qətimkan tədbiri seçilmiş olur. Görür, eşidir, amma reaksiya yoxdur.

 

 

Mən də bir çox məsələlərlə bağlı heyrət hissimi itirmişəm. Xüsusilə də ictimai məsələlərlə bağlı heç bir hadisəyə təəccüblənə bilmirəm. Kimsə xırda bir cərrahi əməliyyata görə həyatını itiribmi, reaksiyam yoxdur, normaldır. Müəllim rüşvət tələb edibmi, o da normaldır. Hansısa məmur kiminsə halalca arvadını əlindən alıbmı, inanmaq çətindir, amma ola bilər. Yüzlərlə belə hal sadalamaq mümkündür. Amma buna lüzum yoxdur. Nə sizi yorum, nə də özümü. Görünən kəndə bələdçi lazım deyil…

SOS uşaq kəndində böyüyən və 2 gün öncə şəhid olan Səbuhi Məmmədovun aylar əvvəl “Kommando” adlanan xüsusi briqadaya daxil olmaq üçün 6 min manat rüşvət verməsi, hətta bu pulu bankdan kredit götürməsi haqda xəbər də məndə təəccüb yaratmadı. Əgər bir nazir şəhid ailələri üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti mənimsəyirsə, biz nədən danışa bilərik?!

Çoxdanıncı, daha dəqiq desək, doxsanıncı illərin söhbətidir. Birinci Qarabağ Müharibəsində vuruşan, 18 ay əvəzinə 48 ay hərbi xidmət keçən bir tanışım vardı. Əsgərliyini bitirəndən sonra Milli Orduda gizir kimi xidmət etmək istəyirdi. Kənd uşağı olsa da, əli dəryaza, yabaya yatmırdı. Avtomat tutmaq ona ov ovlayıb, quş tutmaqdan daha asan gəlirdi. Amma işi heç cür alınmırdı. Bir dəfə o vaxt kənd uşaqlarının yenicə ayaq açdığı çayxanada görüşdük. Əsəbdən əli, ayağı əsirdi. 4 il orduda xidmət etmişdi. Füzulidə tankla yol açmadığı dərə-təpə qalmamışdı. 4 ildə 4 dəfə tank dəyişməli olmuşdu. Biri minaya düşmüşdü, o birini qumbaraatanla vurmuşdular, digərinin başına başqa iş gəlmişdi. Sadəcə, o hərbiçi çevikliyi sayəsində heç bir fiziki zədə almamışdı. Amma psixoloji problemləri vardı. Deyir ki, minaya düşəndə 50-60 tonluq tank bir neçə metr hündürlüyə qalxaraq yerə çırpılıb. Yanında uzun illər birgə xidmət etdiyi dostları şəhid olub. Ağır psixoloji travmalar almışdı. Bu üzdən də savaşdan sonra xeyli psixoterapiya almalı oldu.

Bu söhbət uzun illər əvvəl olsa da, onun sözləri, etdiyi hərəkətlər, hətta siqaretin acı tüstüsünü iki dodağının arasından havaya necə buraxması da indiyə kimi yadımdadır. Demişdi ki, xidmətini gizir kimi davam etdirmək üçün kursa getməsi tələb olunur. Lakin kursa daxil olmaq üçün hərbi tibbi komissiyadan tələb olunan sənədlər var, onları almalıdır. Amma dərd burasındadır ki, sap-sağlam olmasına baxmayaraq, həkimlər onu yararsız çıxarmağa çalışır, sağlam olması barədə arayış vermək üçün pul istəyirdilər. Hətta onun dişlərini yoxlayan stomatoloq belə bir “arqument” gətirib: “Sənin dişlərin əsgər olmaq üçün yarayır, gizirlik üçün yox”.

Yazdım axı, bu hadisə lap çoxdan, Qarabağı almalı olan Səfər Əbiyevin Bakıda villalar aldığı dövrdə baş verdiyi üçün ondan da xeyli rüşvət aldılar. Bəlkə də ondan alınan pulla hansısa hərbi həkim evinə divan, kreslo aldı. O da dost-tanışdan aldığı pulla sağlam olduğuna dair arayış alıb gizir kimi Vətənə 20 il xidmət elədi…

Şəhid Səbuhi Məmmədovun qardaşı ötən gün indi cənnətdə olan qəhrəmanımızdan KOMMANDO xüsusi briqadasına daxil olmaq üçün 6 min manat rüşvət alındığını deməsəydi, bəlkə də bu hadisəni xatırlamayacaqdım. Təəssüf ki, son vaxtlar yaddaşımız ancaq kədərli hadisələrlə təzələnir…

Əsgərdən, hərbçidən rüşvət almağın bir adı var: şərəfsizlik. O adamlar analarının döşündən süd deyil, rüşvət və şərəfsizlik əmiblər. Anaları onlara qarğış edəndə “sənə verdiyim süd haram olsun” deyə bilmirlər. “Sənə əmizdirdiyim şərəfsizlik haramın olsun” deməyə məcburdurlar. Onlar nəinki vətəni, öz doğma analarını da satmağa hazır olan şəxslərdir. Biz heyrətlənmək istəyirik. Belə adamların öz cazalarına çatdığını görüb təəccüb hissi yaşamağı arzulayırıq. İndi ki, Nəcməddin Sadıqov yoxdur. Rövşən Əkbərov da sıradan çıxıb. Bəs, bunları kim “doğub-törəyir”?

Elnur Məmmədli

Oxşar xəbərlər